“Etiraf zamanı”: Emil Salamoğlu ilə
“Axşam düşür, şər qarışır, hə, bax onda yerimi tapıram - Moemin “Ay və qara şahı”sında Striklənd oluram”
17 Mart 2015 13:40 Müsahibə"Etiraf zamanı" - layihənin adıdır. Burada seçilmiş müxtəlif peşə sahibləri sırf özləri haqda olan sualları cavablandıracaqlar. Verəcəkləri cavablar etiraf xarakterli olacaq. Artıq ilk müsahibimiz bəllidir. O, jurnalist Emil Salamoğludur. Müsahibimin 26 yaşı var. Ali təhsilinə Azərbaycan Beynəlxalq Universitetinin Jurnalistika Fakültəsindən başlasa da, Bakı Avrasiya Universitetinin eyni adlı fakültəsini bitirib:
- Adım Emildi, Salamın oğluyam. Lənkəranın "Papanin"ində doğulub -böyümüşəm, yəni "Kiçik bazar" məhəlləsində. Bir az da məhlə uşağı havası qalıb beynimizdə. Çox hoqqalardan çıxmışıq, ona-buna ilişmişik. Amma səs-küysüz. O tərəflərə keçəndə kimdən soruşsan tanıyacaqlar. Soraqlayarsan ki, Aslanın nəvəsidi. Hə, bizim yeri lap yaxşı xarakterizə etməyimi istəyirsənsə deyim ki, məhləmizdən "Rövşən Lənkəranski" çıxıb. Vaxtımı saxlayıram!
- Özünü kim hiss edirsən?
- Hər səhər oyananda Kafkanın "Zamza"sına çevrilirəm. Bu, dəhşətli əzabdı. İnan ki, sizif əməyi kimi sonsuzluğa oxşayır. Ancaq elə ki, günorta olur, Markos kimi dağlara çəkilirəm, Fidelsayağı "Qranma"da qayıdıram, Nəsimi kim soyuluram.
Axşam düşür, şər qarışır, hə, bax onda yerimi tapıram - Moemin "Ay və qara şahı"sında Striklənd oluram. Hələ ki ruhuma o, yaxındı. Deyəsən, "Kefli İsgəndər"ə, ya da "Don Kixot"a yaxınlaşıram. Uca Şirvin "Yad"a çevrilməkdən qorusun.
- Əvvəllər kim olmaq istəmisən?
- Freydin sözüdür ki, yalnız uşaqlıq arzularının həyata keçməsi xoşbəxtlik gətirə bilər. Onda Yer kürəsində nə qədər adam xoşbəxtdi? Sorğu keçirmək imkanımız olsa, çox kədərli nəticə əldə olunacaq. Həm də axı uşaqlıqda arzular da uşaqlaşır?! Ona görə də uşaqlıqda kim olmaq istəmişəmsə, o zaman elə o qəhrəmanın sublimasiyasını yaşamışam. Əsas böyüyəndə kim olmaqdı...
- Yaxşı, indi kimsən?
- Dedim axı, Salamın oğluyam. Daha böyük kimliyə ehtiyac yoxdu. Nə deyim? Deyim ki, Çavesəm, yoxsa Qandi? Başa düşürəm, özünə rütbə verən, yazıçı, şair adı qoyan, nə bilim əvəzolunmaz publisist sayan, qəzet balkonlarından sallanıb sözü saqqız kimi çeynəyən bir "ordu" var. Onlar müdriklik qiyafəsində müəllimliyin sədarət kürsüsünə qalxıb, öyüd-nəsihət vermək, necə yaşamağı öyrətmək qədər özlərində həyasızlıq tapıblar. Hətta yeməyi hansı formada yeməyi, necə geyinməyi, şəxsi həyat kodeksini müəyyənləşdirməyi belə dərs keçirlər.
Darıxma, haçansa vaxt gələr, tale hamar olmayan bu yolda bəlkə məni böyük partiya başqanına, uca millətin "gəlirik" deyən oğluna, Alyende kimi heç yerə qaçmayan prezidentinə çevirər (gülür).
- Bu arzular içərisində birdən 2015-ci il həyatınızın sonu olsa, nələri daha fərqli edərdin?
- Məşhur bir lətifə var, yəqin ki çoxları bilir. Orda sualınıza cavab var ki, day denən paraşütü vermirəm də. Bu qədər xamxəyalları alt-üst elədin. İndi Kamyunun "Yad"ı demişkən, "madam ki, insan öləcək, onun nə vaxt və harada ölməsinin heç bir fərqi yoxdur". Dəniz Gəzmişin təbirincə desək, çox yaşamaq yox, yaşadığın müddətdə çox iş görə bilmək vacibdir.
- Böyüdükdən sonra başına bəla olan şey nədir?
- Elə böyümək. Uşaqlıqda hamı yanımdaydı, böyüdükcə çıxıb gedirlər, kimi məzarlığa, kimi tənhalığa, kimi də kim bilir hara...
- Səni həyəcanlandıran köhnə anın adı?
- Atamın əlləri...
- Bir az şablon çıxacaq, amma səncə sevgi nədir?
- Aqşin Yenisey ən ali cavabını verib - hər gün vurulmaqdır eyni qadına...
- Keçmişdə baş vermiş bir hadisənin şahidi olmaq istəsəydin, hansını seçərdin?
- Bu sualla məktəbdə xatirə dəftəri yazmaq dövrü yadıma düşdü. Sinif yoldaşlarıma fikrini tamamlamağa kömək edirdim. Bu, o zamandı ki Yerin bizim oxun ətrafında dövr elədiyini düşünürdük. Yəni, planet bizə baxır, ən əhəmiyyətli adamlarıq. Yaxşı ki o zaman vəhhabi müftisi çıxıb, Yer kürəsinin fırlanmadığını deməyibmiş. Sözümün canı budu - onda da bilmək istəyirdim, indi də o maraq boğur, şahidi olmaq istərdim, görəsən kainatdan qabaq nə və necə yaranıb?
- Onda belə deyək, indiki zamana, gələcəyə, yoxsa keçmişə köklənmisən? Yəni, hansında yaşamaq rahat olardı?
- Həmişə keçmişdə və keçmişlə yaşamışam. Əsas da uşaqlığımla. Bunu cızma-qaralarımda da hiss elətdirirəm. Yəni, "keçmişlə yaşayanlar gələcəyi qura bilməzlər" fikrini də bölüşmürəm. Mən gələcəyi real qaydalara, yazılmamış qanunlara görə təmin etmişəm. İndi oturub, keçmişlə yaşamaqdan zövq alıram. Keçmişdən qopmaq mümkün deyil. Beynin qırışları açılır, yaddaş təzələnir, tər-təmiz qalan ötən dövrə ekskursiya edirsən. Həm də bayaq dediyim kimi, onda hamı bir yerdəydi. Ramiz Rövşənin bir şeiri var:
"Bir səhər yuxudan durub, özünü uşaq görəsən
Görəsən hamı evdədi, ölənləri sağ görəsən".
- Emil, sən niyə beləsən?
- Əşi, "qozbeli qəbir düzəldər"...
Mənsur Rəğbətoğlu