“Qərb Rusiyaya çox da etibar edə bilmir”

Faiq Qəzənfəroğlu: “Amerika narahatdır ki, Rusiya hər hansı bir formada yeni birlik yaradaraq Avropaya və ABŞ-a qarşı güclü alternativə çevrilə bilər”

"Qərbin və Rusiyanın III Dünya müharibəsi qədər də olmasa, ancaq hansısa bir səviyyədə üz-üzə gəlməsi qaçılmazdır"

Minsk danışıqlarından sonra Rusiya-Ukrayna münasibətlərində nisbi sakitlik yaransa da, lakin ekspertlər bu prosesin heç də uzun sürməyəcəyi qənaətindədirlər. Xüsusilə, bu günlərdə Almaniya kansleri Algela Merkelin ÜmumAvropa Ordusunun yaradılması ideyasının Rusiya tərəfindən ciddi etirazla qarşılanması və rəsmi Moskvanın Minsk anlaşmasına əməl etməməsi barədə söylənən fikirlər Moskva-Kiyev gərginliyinin yenidən artacağı qənaəti yaradır. Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisi Faiq Qəzənfəroglu "OLAYLAR"-a verdiyi müsahibədə qeyd edilən məsələlər, eləcə də regionda cərəyan edən proseslər barədə danışıb.

-Faiq bəy, regional münasibətlər sistemində Azərbaycanın yeri və rolunu necə dəyərləndirirsiniz?

-Bu gün regionda Azərbaycanın nüfuzedici mövqeyinin olmasından danışmaq real deyildir. Çünki Azərbaycanın regional müstəvidə hərbi potensialı güclü olsa belə, ondan istifadə edə bilmir və faktiki olaraq torpaqları işğal altındadır. Belə olduğu təqdirdə Azərbaycan hərbi gücü regionda nə qədər güclü olursa olsun, bu reallıqda öz əksini geniş ölçüdə tapmadığı üçün söz olaraq qalır.  Yəni Azərbaycan torpaqları işğal altında olan bir ölkə kimi regionda təsiredici bir gücə çevrilə bilmir. Digər tərəfdən Azərbaycan region ölkələrinə intellektual güc olaraq da ciddi təsir göstərə bilmir. Burada söhbət ciddi araşdırma institutlarının və elm ocaqlarının olmasından gedir. Bu bir reallıqdır ki, Azərbaycan intellektual potensial baxımından kifayət qədər imkanlara malik olsa da, ondan doğru-dürüst şəkildə yararlana bilmir. Azərbaycanın regionda önəmi daha çox iqtisadi və geosiyasi amillərlə bağlıdır. Belə ki, Azərbaycanın da daxil olduğu beynəxalq iqtisadi layihələr və regiondakı bəzi dövlətlərə  münasibətlər müəyyən mənada ölkəmizi diqqət mərkəzində saxlayır. Bu isə daha çox kənar amillərlə baglıdır. Yəni Azərbaycanın regionda müəyyən təsir imkanları varsa, bu da daha çox daxili deyil, kənar amillərin nəticəsidir. Məncə, Azərbaycanın regionda yerini və rolunu dəyişəcək, yəni onu sözün həqiqi mənasında liderə çevirə biləcək gücü, intellektual bazasını inkişaf etdirməkdən və torpaqlarını işğaldan azad etmk üçün Vətən müharibəsinə başlamaqdan asılıdır.

-Bu ərəfədə Rusiya-Ukrayna münasibətlərində müşahidə edilən nisbi sakitlik uzun müddət davam edəcəkmi, yoxsa yenidən vəziyyət gərginləşə bilər?

-Əslində Rusiya-Ukrayna münasibətlərinin kəskinləşməsi və arzuolunmaz duruma gəlib çıxması bütün xristian dünyası üçün mənfi hal hesab olunur. Çünki burada ümumilikdə uduzan Qərb-Xristian dünyasıdır. Onlar bunu çox yaxşı anlayırlar. Bir fakta diqqət yetirək ki,  Ukrayna Krımı asanlıqla Rusiyaya güzəştə getdi. Ona görə ki, türk torpağı olan və müsəlmanların yaşadığı Krım ugrunda savaşmağı Ukrayna mənasız saydı. Bu məsələdə Qərb, o cümlədən Birləşmiş Ştatlar da çox israr etmədi. Amma Ukraynanın digər ərazilərində baş verənlərə isə nə rəsmi Kiyev, nə də Qərb etinasız yanaşa bilmədi. Bu onu göstərir ki, burada daha çox nüfuz dairəsi arasında mübarizə önəmlidir. Qərb Rusiyanın daha da içərilərinə girmək üçün ən yaxın yolu Ukraynada görür. Bu anlamda Krımın Rusiyanın tabeçiliyinə keçməsi Qərbi çox narahat etməsə də, amma bütövlükdə onlar Ukraynanın itirilməsiylə razılaşa bilmirlər. Burada əsas məsələ odur ki, Qərb Rusiyaya çox da etibar edə bilmir. Özəlliklə, ABŞ narahatdır ki, Rusiya Federasiyası hər hansı bir formada yeni bir birlik yaradaraq Avropaya və ABŞ-a qarşı güclü alternativə çevrilə bilər. Ən maraqlısı isə odur ki, Rusiya Qərbə qarşı yeni ittifaqı vaxtilə düşmən oldugu İran və Türkiyə kimi dövlətlərlə yarada bilər. Əlbəttə, bu baş tutarsa Orta Asiya və Azərbaycan da bu birlikdən kənarda qalmayacaq. Üstəlik, digər müsəlman dövlətlərinin də burada iştirakı mümkündür. Hər halda ABŞ Rusiyanin bir xristian dövləti olmasına baxmayaraq türk-müsəlman dövlətləriylə yaxınlaşmasından rahatsızdır. Bu mənada Qərb Ukraynanı əldə saxlamaqla Rusiyanın yeni birlik axtarışlarını əngəlləmək niyyəti güdür. Ona görə də Rusiya-Ukrayna münasibətlərindəki nisbi sakitlik, sadəcə tərəflərin öz startegiyalarını yenidən dəyərləndirməsi baxımından önəmlidir. Əgər hər hansı bir tərəf vaxt dəyərləndirməsini bitirmək həddinə gələrsə, nisbi sakitliyə də son veriləcək. Əslində bunun çox uzun və ya da qısa sürməsi strateqlerin müəyyənləşdirdiyi hədəflərlə baglıdır. Məncə, Rusiya Qərbə qarşı yeni birlik yaratmadan Ukraynada nisbi sakitliyin pozulması onun üçün əlverişsiz olacaq. Bu anlamda rəsmi Moskva bu vaxtdan istifadə edərək gizlin və aşkarda yeni birlik ideyasını reallaşdırmağa çalışacaq.

-Ümumavropa ordusu ideyası sizcə reallaşacaqmı və Rusiyanın buna reaksiyası necə olacaq?

-Əgər bu gün ümumAvropa ordusunun yaranması ideyasından bəhs olunursa, deməli burada alternativ var. Yəni alternativ olmadan ümumAvropa ordusunun yaranmasının nə əhəmiyyəti olsun ki? Məncə, belə bir ideyanı ortaya atanlar hiss edirlər ki, Rusiya da onlara qarşı bir ordu yaradır. Bu təxminən 2-ci Dünya müharibəsindən öncəki durumu xatırladır. Yəni ayrı-ayrı müharibə ocaqları yaranır və daha sonra həmin müharibə ocaqları arasında ikiləşmə gedir. Bu gün də mövcud olan müharibə ocaqlarına münasibətdə əsasən ikili baxış var: 1) Qərb-Avropaya meyil edənlər; 2) Rusiya və ona yaxın sayılan ölkələrə meyil edənlər. Bu o deməkdir ki, son 1 əsrdir gizlində və aşkarda müharibə ocaqlarını yaradanlar və dəstəkləyənlər məhz bu iki qüvvədir. Bunu Azərbaycan və Ermənistan arasında gedən müharibəyə də aid etmək olar. Burada əsas məsələ odur ki, hər iki qüvvə ilk baxışda müharibə ocağının kənarında görünüb, hətta sülh danışıqlarında birbaşa iştirakçı rolunu oynasalar da, əslində bu savaş həm də onların arasında gedir. Hər iki qüvvə, hər iki müharibə iştirakçısına söz verir ki, bu məsələdə obyektiv mövqe tutur və tutacaq. Əlbəttə, bu zaman onların nəzərdə tutduqları obyektivlik onların öz maraqlarıdır. Bu anlamda ümumAvropa ordusunun yaranması Ukraynanın xilası deyil,  Qərbin özünü müdafiəsi ola bilər. Eyni sözü Rusiyaya da aid etmək olar. Rusiya da yeni bir birlik yaradaraq ümumAvropa ordusuna qarşı alternativ orduyla çıxış edə bilər. Əlbəttə, artıq Qərbin və Rusiyanın III Dünya müharibəsi qədər də olmasa, ancaq hansısa bir səviyyədə üz-üzə gəlməsi qaçılmazdır. Mən yenə o fikirdəyəm ki, Qərb-Rusiya qarşıdurmasında Türk-müsəlman dünyası mümkün qədər kənarda durmalıdır. Əgər bu mümkün olmayacaqsa, yenə də Türk-müsəlman dünyasının iki qüvvədən birini semək kimi məcburiyyti olamamlıdır. Yəni Türk-müsəlman dünyası üçüncü bir qüvvə kimi onun maraqlarına cavab verənlə müəyyən mənada əməkdaşlıq etmək gücündə olmalıdır..


Füzuli
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31