“Oğlan magistrlərə möhlət hüququqnun verilməsinin tərəfdarıyam”

Müsahibimiz Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədovdur.

- Vahid müəllim, 4-cü çağırış parlamentin fəaliyyəti müddəti artıq sona yaxınlaşır. Amma hələ də ötən 10 il ərzində Rəqabət Məcəlləsinin ikinci və üçüncü oxunuşlarda müzakirəsi, bütövlükdə qəbulu baş tutmur. Necə hesab edirsiniz bu sessiyanın sonlarına kimi həmin Məcəllənin qəbulu gözləniləndirmi?

- Əvvəla, Rəqabət Məcəlləsi keçən sessiyada gündəliyə salınmışdı. Amma hələlik Milli Məclisin plenar iclasına çıxarılmayıb. Və belə bir məlumat da almışıq ki, Rəqabət Məcəlləsinin üzərində İqtisadiyyat və Sənaye Nazirliyində iş gedir. Müəyyən məsələlər var ki, onları beynəlxalq təşkilatlarla razılaşdırırlar. Amma hələlik bu məcəllənin Milli Məclisin plenar iclasına çıxarılmasına rəy verilməyib. Ona görə də hələlik qalır. Amma çox işlər təmin olunub. Mən sizə deyim ki, bu məcəllənin qəbul edilməsi Azərbaycan iqtisadiyyatının inkişafına müəyyən qədər müsbət təsir göstərəcək. Odur ki, bu məcəllə böyük əhəmiyyət kəsb edir və onun qəbulu mütləq lazımdır. Bununla belə inanmıram ki, onu bu sessiyada müzakirələrə çıxarıb qəbul etmək mümkün olsun. Belə bir ehtimal çox azdır...

- Yeri gəlmişkən, deputat həmkarınız Əli Məsimli ilə birgə hazırladığınız və parlamentə təqdim etdiyiniz "Təhsil kreditləri haqqında" qanun layihəsinin taleyi nə yerdədir?

- Hesab edirik ki, "Təhsil kreditləri haqqında" qanun layihəsinin də qəbulu olduqca vacib və əhəmiyyətlidir. Cəmiyyətin belə bir qanuna ciddi ehtiyacı var. Siz fikir verin "Təhsil haqqında" qanun layihəsi qəbul ediləndən sonra mən və həmkarım Əli Məsimli sözügedən qanun layihəsini hazırlayıb Milli Məclisə təqdim etmişik, eyni zamanda, son vaxtlar da "Elm haqqında" qanun layihəsi birinci oxunuşda qəbul olundu. O da çox əhəmiyyətli bir qanundur. Azərbaycanda elmin inkişafına müəyyən qədər təsiri olacaq. Amma "Təhsil kreditləri haqqında" qanun layihəsi hələlik qəbul olunmayıb. Çünki bu qanun layihəsinin bir sıra problemləri - banklarla, faiz dərəcələri ilə əlaqədar problemləri var. Ona görə bu qanun layihəsi öz həllini tapmayıb. Lakin bir daha belə hesab edirik ki, adıçəkilən qanun layihəsi tezliklə qəbul olunmalıdır.

- Siz həmkarınız Əli Məsimli ilə həm də "Reklam haqqında" yeni qanun layihəsi hazırlamısınız və o, artıq plenar iclasın ikinci oxunuşunun müzakirəsinə tövsiyə olunub...

- Bu yöndə köhnə - mövcud qanunun qəbulundan 18 ilə yaxın vaxt keçib. Ona görə də bu qanunda çox böyük dəyişikliklər etmişik. Əsasən birinci dil məsələsinə üstünlük vermişik. Azərbaycan dili məsələsini ön plana çıxarmışıq ki, reklamlar əsasən Azərbaycan dilində veriləcək. Başqa dildə də verilə bilər. Yalnız Azərbaycan dilindən sonra və o cümlədən, şriftlər də ondan kiçik olmalıdır. Sonra qida məhsulları ilə əlaqədar reklamda yeniliklər var, alkoqollu içkilərin reklamı, ümumiyyətlə qadağan edilib. Tütün reklamı qadağan edilib. Sonra televiziyada reklamlarla əlaqədar müəyyən məsələlər qanun layihəsində öz əksini tapıb. Son vaxtlar, deməli, informasiya-texnologiyaların inkişafı ilə əlaqədar olan reklamların verilməsi, küçə reklamları, sonra nəqliyyat vasitələrində reklamlar hamısı müasir səviyyəyə uyğunlaşdırılıb. O cümlədən, Azərbaycanın inkişafı ilə əlaqədar olan bir sıra məsələlər, yəni, silahların reklamı ilə bağlı məqamlar burada öz əksini tapıb, yalnız sərgilərdə o reklamlara icazə verilir, qanunauyğun olaraq. Yəni, bu sənəd çox geniş bir qanun layihəsidir. Çalışırıq ki, bu il yaz sessiyasında həmin qanun layihəsini qəbul edək. Bu qanun layihəsi həm Prezident Administrasiyasının şöbə müdiri, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun yaxından iştirakı ilə, yenidən Administrasiya ilə bir yerdə müzakirə olunub, yeni təkliflər verilib. Deməli, bütün maraqlı təşkilatları müzakirələrə dəvət etmişik, onlar da bu müzakirələrdə iştirak ediblər. Yəni, müasir bir qanundur və onun da qəbulu çox vacibdir.

- Yuxarıda "Elm haqqında" qanuna da toxundunuz. Orada magistrant oğlanlara möhlət hüququnun verilməsi məsələsi öz əksini tapıb ki, bunun özü də birmənalı qarşılanmayıb. Siz özünüz də birgə komitələrin iclasında bu məsələyə toxunaraq təklif etdiniz ki, o mütləq hərbi strukturlarla, Müdafiə Nazirliyi ilə razılaşdırılmalıdır...

- Mən, ümumiyyətlə, oğlan magistrlərin də, doktorantların da hərbi qulluqdan azad edilməsinin və ya onlara möhlət hüququnun verilməsinin tərəfdarıyam. Amma biz müharibə aparan ölkəyik, Ermənistanla Azərbaycan arasında 27 ildən çoxdur ki, müharibə gedir. İlbəil də Azərbaycan ordusunu möhkəmləndiririk, vəsaitlər ayırırıq və sairə. Ona görə də bizdə ildə dörd dəfə çağırışdı. O çağırışla əlaqədar problem yarana bilər. Odur ki, o məsələni biz mütləq Müdafiə Nazirliyi ilə razılaşdırmalıyıq. İndi mən bilmədim razılaşdırdılar, razılaşdırmadılar. Amma birinci oxunuşda keçdi bu məsələ, ikinci oxunuşda yəqin ki, bu məsələyə bir daha qayıdacağıq. Çünki o çox ciddi bu məsələdir. Ola bilər ki, biz çağırış vaxtı lazım olan kontingenti yığa bilməyək, müəyyən problemlər - ordudan yayınma halları yaransın. Amma yenə deyirəm, mən onun tərəfdarıyam ki, oğlan doktorantlar və magistrlər hərbi xidmətdən azad olunsun.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31