“Milli musiqimizdən xeyli kənarlaşmışıq”

Novruz Aslanov: “Milli musiqi mənsubiyyətimizi qoruyub saxlamalıyıq”

Son vaxtlar Azərbaycan musiqisinin avropalaşdırılmasına cəhd edənlərin sayı artmaqda davam edir. Eləcə də milli musiqimizin korlanması faktlarına tez-tez rast gəlinir. Təəssüf ki, Azərbaycan musiqisinin korlanması hallarının qarşısının alınması istiqamətində elə bir ciddi addımların atılması da müşahidə olunmur.

Müsahibimiz millət vəkili, bəstəkar Novruz Aslanovdur.
          
- Novruz müəllim, bir mədəniyyət, sənət adamı kimi Azərbaycan musiqisinin, Azərbaycan mədəniyyətinin bugünkü durumunu qənaətbəxş hesab edirsinizmi?

- Doğrudan da bu mövzu bu gün bizim hamımızı narahat edir. Amma mən istəməzdim ki, bu mövzu bizim cəmiyyəti daha çox narahat etsin. Hesab edirəm ki, indi bizi daha çox narahat edən ən yaralı yerimiz olan Qarabağ problemidir. Amma qaldırdığınız bu məsələ də aktual olaraq qalmaqdadır. Fikir versəniz mətbuatda, xüsusilə televiziyalarda şou-biznes sahəsində elə qızğın müzakirələr, elə debatlar gedir ki, heç Qarabağ məsələsində belə debatları, müzakirələri görmürük. Sanki şou-biznes cəmiyyətimizdə bir nömrəli məsələ olub. Yəni, bəzən ortalığa elə bir mövzu atılır ki, fikirləşirsən görəsən dünyada bundan ciddi problem yoxdur? Misal üçün, kimsə konservatoriya bitirib, kimsə bitirməyib, kiminsə musiqi savadı var və ya yoxdur və sair. Bu gün bütün dünyanı bürüyən iqtisadi böhran bizdə sanki heç kimi maraqlandırmır, çünki iqtisadi potensialımız və bu istiqamətdə dövlətin yürütdüyü strategiya bunu bizə hiss etdirmir. Аmmа, görəsən neftin qiyməti daha da aşağı düşərsə nə olacaq? Bizim Azərbaycan vətəndaşı üçün daha çox bu məsələlər maraqlı olmalıdır. Lakin, bu gün bir çoxlarını maraqlandıran odur ki, kim toyda daha çox oxuyacaq və ya qazanacaq, yaxud kim öz paltarını, avtomobilini hamıya göstərəcək və s. Belə insanlar bilmirlər ki, bugünkü gündə bizim şou-biznes sahəsində olan uğurlarımız birbaşa olaraq bizim iqtisadiyyatımızla bağlıdır. Əgər bizim ölkəmiz inkişaf etməsə, iqtisadi cəhətdən dayanıqlı olmasa bizim nə toylarımız, nə gəlirlərimiz, nə konsertlərimiz, nə də şou-biznesimiz heç vaxt istədiyimiz səviyyədə olmazdı. Gəlin görək bu gün İraqda hansı şou-biznes var? Gəlin baxaq bu gün Əfqanıstanda hansı şou-biznes var? Liviyada, Misirdə hansı şou-biznesdən söhbət gedə bilər? Yalnız müstəqil, tərəqqi etmiş ölkələrdə digər sahələr kimi şou-biznes, incəsənət və digər sahələrdə inkişaf edir. Bir vətəndaş olaraq biz bu barədə daha çox düşünməliyik. Əldə etdiyimiz uğurların qədrini bilməliyik və şüküг etməliyik. Bugünkü gündə bəzi bəstəkarları efirlərə dəvət edirlər və mövzu da ondan ibarət olur ki, məsələn, filankəs Konservatoriyanı qurtarıb, filankəs qurtarmayıb. O bəstəkar ola bilər, o birisi ola bilməz və sair. Bir faktı nəzərinizə çatdırmaq istərdim ki, maestro Niyazi kimi dahi bir şəxsiyyət Konservatoriyanı bitirməmişdi. Sizin bundan xəbəriniz var idimi? Bir çox insanlarımızın bundan xəbəri yoxdur. Eyni zamanda Ələkbər Tağıyev, İbrahim Topçubaşov kimi böyük bəstəkarlarımız konservatoriya təhsili almayıblar. Amma onlar gözəl mahnıların müəllifidir. Onlar dünyadan köçüblər, amma mahnıları qalıb və qalacaq da. Мüasir dünyamızda bizim çox gözəl mahnı müəllifləri var, onlar da hamı kimi, nə vaxtsa bu dünyanı tərk edəcəklər, biz də dünyadan köçəcəyik, amma mahnılarımız qalacaq. Mən Sevil Əliyevanı xüsusi olaraq qeyd etmək istəyirəm. Əziz dostumuz və qardaşımız Kamal müəllimi qeyd etmək istəyirəm. Həmçinin, Xanım İsmayılqızını, Elçin İmanovu və digərlərini qeyd etmək istərdim.

- Yəni demək istəyirsiniz ki, yaradıcılıq azaddır və onun qarşısını heç bir qadağa ala bilməz...

- Tamamilə doğrudur. Yaradıcılıq azaddır. Heç kimə məhdudiyyət qoymaq olmaz. Heç kimə demək olmaz ki, sən bunu edə bilərsən və ya edə bilməzsən, təbii ki, qanunlar çərçivəsində. Yuxarıda dediniz ki, bizdə şou-biznes yoxdur, amma mən belə deməzdim. Bunu qəti şəkildə inkar etmək düzgün olmazdı. Bizdə çox gözəl şou-biznes var. Bizdə müəyyən insanlar, müəyyən təbəqə var ki, şou-biznes üzərində yaxşı cah-cəlal qurublar, yaxşı pullar qazanırlar. Amma, bundan istifadə edərək bir reklam olaraq insanların arasına da belə bir söz buraxıblar ki, guya bizdə şou-biznes yoxdur. Çox səhv fikirdir. Televiziya vasitələrini, jurnal-qəzetləri, maqazin jurnallarını götürək, toy biznesini, müğənnilərin qazancını götürək. Bu gün bəzi incəsənət nümayəndələri öz varını-dövlətini, öz əmlakını reklam etdirir və insanlar da bunu görə-görə desinlər ki, bizdə şou-biznes yoxdur. Əgər şou-biznes olmasaydı, bunların heç biri olmazdı. Düzdür, bizdə əsas şou-biznes sahəsi toy sahəsidir, amma heç də o biri sahələr ondan geri qalmır. Mən xüsusi olaraq televiziyanı qeyd etmək istərdim. Şou-biznes sahəsində, reytinq sahəsində televiziyalar nə qədər reklam xarakterli verilişlər yayımlayır və reklamdan görün nə qədər pul qazanırlar. İtirdiklərimiz və qazandıqlarımıza gəlincə isə hesab edirəm ki, hər ikisi var. Həm itkilərimiz, həm də qazancımız. İtirdiklərimiz ondan ibarətdir ki, biz öz milli musiqimizdən bir xeyli kənarlaşmışıq. Misal üçün mənim hər zaman öz yaradıcılığımda bir amalım olub, Azərbaycançılığı, milli koloriti qoruyum. Baxmayaraq ki, biz digər musiqilərə müraciət edib, onlardan müəyyən notlarda istifadə edirik, amma biz milli musiqi mənsubiyyətimizi heç vaxt unutmamalıyıq. Təəssüf ki, bu gün bu uzaqlaşma mövcuddur. Hərdən yol gedərkən radioda mahnılara qulaq asıram, görürəm ki, ümumiyyətlə adi bir ispan mahnısıdır, аmmа onu Azərbaycan dilinə çeviriblər və deyirlər ki, bu mahnının müəllifi filankəsdir. Hətta plagiat nümunələri o qədər çoxdur ki, saya-hesaba gəlməz. Mən bu saat sizə başlasam danışmağa ki, hansı musiqi haradan gəlib və necə istifadə olunub, özünüz də təəccüblənərsiz. Bu problem mövcuddur. Amma buna baxmayaraq biz çox gözəl musiqilərin də şahidi oluruq. Bizim yeni bəstəkarlarımızın çox yaxşı musiqiləri var ki, bizə təqdim edirlər və biz də onları sevə-sevə dinləyirik.

- Sizcə incəsənət sahəsində itirdiklərimiz çox olub, yoxsa qazandığımız?

- Bu gün bizim Azərbaycan Dövlət televiziyası, İctimai televiziya və bəzi bir-iki özəl kanal da bizim milli musiqiyə çox böyük önəm verir. Bildiyiniz kimi son illərdə Heydər Əliyev Fondu tərəfindən muğam müsabiqəsinin keçirilməsi, muğam sənətinin dəyərləndirilməsi, onun beynəlxalq aləmə çatdırılması və YUNESKO-nun sərvəti kimi qəbul olunması böyük bir uğurdur. Bütün bu işlərdə Mehriban xanım Əliyevanın əməyi danılmazdır. Hər bir Azərbaycan vətəndaşı bu sahədə çalışmalıdır, milli-mənəvi dəyərlərimizi qorumalıyıq. Bu da demək olar ki, şou-biznesin bir növüdür. Mədəniyyətin inkişafı Azərbaycanımızı hər yerdə tanıtdırır. Hərdən "Euronews" kanalına baxanda görürəm ki, Azərbaycan haqqında hansısa veriliş və ya reklam gedir. Bu məni çox sevindirir. Çünki mən də Azərbaycanlıyam və Azərbaycan vətəndaşıyam. Son illər Azərbaycanda nə qədər beynəlxalq əhəmiyyətli tədbirlər keçirilib, istər mədəniyyət, istər iqtisadi, istərsə də idman sahəsində. Bütün bunlar Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun təzahürüdür. Yeri gəlmişkən, mən şəhərdən kənarda yaşayıram. Hər gün şəhərə gələrkən Heydər Əliyev Hava Limanının yanından keçəndə üzümü yuxarı qaldırıb Allaha şükür edirəm ki, nə yaxşı bu ölkənin nümayəndəsiyəm, mənim nə gözəl ölkəm, nə gözəl şəhərim, necə gözəl küçələrimiz var. Hər gün rayon və şəhərlərimiz abadlaşır, gözəlləşir. Ən əsası isə sevinirəm ki, bizim necə gözəl, dərin intellekt və diplomatiya təcrübəsinə malik Prezidentimiz var. Bilirsiniz, hər şey müqayisə ilə ölçülür. Mən bunu bir dövlət nümayəndəsi kimi yox, tam səmimi olaraq deyirəm. Мən həqiqəti deyən insanam. Ümumiyyətlə, yalana nifrət edirəm. Yalan danışmağı da bacarmıram. Çünki yalan danışanda məni o saat insanlar hiss edirlər. Gözlərimdən özümü tanıtdırıram (gülür). Ona görə mənim ən böyük silahım düzgünlükdür. Yenə də sualınıza qayıtmaq istəyirəm ki, itirdiklərimiz və qazandıqlarımız faiz nisbətilə necədir, fikrimcə, bu mövzu barədə bir qədər düşünmək lazımdır. Yəni bu sahədə dayanmadan çalışmaq lazımdır.Bir misal gətirim,heç kim deyə bilməz ki, su özbaşına istədiyimiz istiqamətdə axacaq.Təbii ki, mütləq əlimizə bir "bel" alıb suyun axarı üçün lazımi istiqamət açmalıyıq. Mədəniyyətimizə, insaniyyətimizə, musiqilərimizə də belə münasibət bəsləməliyik. Əgər biz bunları boş buraxsaq, o, gələcək nəsillərdə mənfi çalarların əmələ gəlməsinə gətirib çıxarar və yaxud da bizi böyük bir fəlakətə apara bilər. Biz öz musiqimizi itirə bilərik. Biz öz mədəniyyətimizi itirə bilərik. Biz öz qazandıqlarımızı itirə bilərik. Biz öz dahilərimizi itirə bilərik. Və ən əsası odur ki, biz onların - Rəşid Behbudov, Üzeyir bəy Hacıbəyli, Müslüm Maqomayev, Fikrət Əmirov, Qara Qarayev kimi adamların qazandıqları zəhmətini yerə vurmuş olarıq. Bu sahədə çalışmaq lazımdır. Biz televiziyalarda çalışıb milli, klassik musiqilərimizə yer verməliyik. Bu barədə verilişlər hazılamalıyıq, söhbətlər açmalıyıq. O reytinq gətirən verilişlərin yerinə milli musiqimizi təbliğ edən verilişlər olmalıdır. Çünki insanlar maarifləndirilməlidir. Reklama görə müəyyən o cılız verilişləri verib insanları əyləndirmək bu gün dəbə minib, amma biz onu da başa düşməliyik ki, reytinq qazanarkən biz öz insanlarımızın mədəni səviyyəsini aşağı salırıq. Çünki o verilişlərə baxan insan intellektual cəhətdən heç vaxt inkişaf etmiş insan ola bilməz,belə verilişlər gənclərimizin milli ruhunu yaralıyır. Onları milli ruhda gənc,vətənpərvər kimi maarifləndirmək lazımdır. Mən hər bir çıxışımda-istər televiziyada, istər mətbuata çalışıram ki, bu istiqamətdə hamıya ismarıc verim. Həmişə çalışıram ki, insanlara nəsə çatdırım. Az da olsa buna nail oluramsa bu mənə bəs edir. Mən öz missiyamı yerinə yetirmiş oluram.


-Hazırda sizi daha çox hansı məsələ narahat edir?

-Təbii ki, məni narahat edən məsələlərdən biri də nəinki bizim cəmiyyətdə, ümumiyyətlə, dünyada aqressiyanın artmasıdır. Mən bilmirəm bu aqressiya nəyin hesabına baş verir. Мobil telefonların, smartfonlarınmı hesabına baş verir, yoxsa, hansısa beyin mərkəzləri var, hansıki bizim beyinlərimizə kütləvi surətdə təsir edərək bizi aqressivləşdirirlər?.. Bildiyiniz kimi dünyada müharibələr gedir, insan insanın başını kəsməsi adi bir hala çevrilib. Siz də gənc olmusunuz, mən də gənc olmuşam, yadıma gəlir, insanlar qabaqlar bir-biri ilə mübahisə edəndə maksimum dərəcədə bir-birilərinə əl-qol atardılar, bir-birlərini sillə ilə vurardılar, qurtarıb gedərdi. İndi hamı bıçaqla gəzir. İndi bir balaca məsələ olan kimi bıçağı soxur onun qarnına və fikirləşmir ki, özümü də, o ailəni də bədbəxt edirəm, nəsillər bədbəxt olur. Bugünlərdə bir dostumla söhbət edərkən dedim ki, xarici ölkələrdə arvad və ya kişi xəyanət edirsə, oturub münasibətlərinə aydınlıq gətirirlər, deyirlər ki, xasiyyətimiz tutmur, ayrılmaq lazımdır, ayrılırlar, qurtarır gedir. Bizdə isə belə deyil, mütləq baş kəsilməlidir, digər faciə baş verməlidir və sair. Axı, başa düşə bilmirəm, niyə insanın həyatına son qoymaq lazımdır? Bir sözlə dünyada bu aqressiya mövcuddur. Görün ətrafımızda nələr baş verir? İnsanlar çox qəddarlaşıblar. Мəsələn, elə insan var ki, qazanc məqsədilə taksi fəaliyyəti ilə məşğul olur. Lakin sonra eşidirsən ki, həmin insan hansısa səbəbdən aqressiya nümayiş etdirib və nəticədə cinayət məsuliyyətinə cəlb olunub. Bununla da həmin insan uzun müddət ailəsindən ayrı qalmağa məhkum olur. Axı, insan gərək bir az səbrli olsun?! Bizim Yaradanımızın 99 adı var. Deyirlər ki, 100-cü adını kim tapa bilsə behiştlik olacaq. Amma hər bir insan o 100-cü adı tapıb, amma onun fərqinə varmır. Allahın 100-cü adı məhz Səbrdir. Səbr Allahın adıdır. Ona görə də insanlar səbrli, təmkinli olmalıdır. Tələsmək olmaz. Belə bir fəlsəfi fikir var-nə qədər də çətin olsa, bir anlığa gözlərini bağla və fikirləş ki, bundan da pis ola bilərdi. Həmişə Şükür etmək lazımdır. Görün Ukraynada nələr yaşanır? Bir-iki il öncə kimə desəydin ki, belə bir hadisə baş verəcək inanan olmazdı. Heç kim ağlına da gətirməzdi ki, iki bir-birinə qardaş olan xalq indi bir-birinə qarşı düşmənə çevriləcək, bir-biri ilə qəddarcasına mübarizə aparacaq... Bu günkü gündə sağımıza-solumuza baxanda yenə də Şükür edirsən ki, Azərbaycanda sabitlik hökm sürür. Müstəqilliyimiz bizim ən böyük sərvətimizdir və onu qorumaq lazımdır. İnsani münasibətləri o səviyyəyə çatdırmaq lazımdır ki, bu münasibətlər bizim müstəqilliyimizin və suverenliyimizin qorunmasına xidmət etsin, şəxsi maraqlara yox. Biz bunu bacarmalıyıq. Dövlət, millət olaraq biz özümüzü bu istiqəmətə doğru yönəltməlyik. Bu çox vacibdir.

-Yeri gəlmişkən, yaşlı nəslin nümayəndələri, nisbətən yaşlı bəstəkarlar həvəskar adlandırılanlara ittiham səsləndirirlər ki, həvəskarlar Azərbaycan musiqisini öz məhvərindən çıxarıblar, musiqimizə Latın Amerikası, Şərq, Ərəb-Fars çalarları qatıblar və sair. Bu ittihamlar nə dərəcədə düzgündür? Bu ittihamlar bütövlükdə həvəskar adlandırılanlara şamil olunmalıdırmı?

-Onların hamısına şamil oluna bilməz. Amma həmin ittihamlarda həqiqət də var. Bununla belə hesab edirəm ki, yaradıcılıq azaddır, heç kimin qarşısına qadağa qoymaq olmaz ki, sən hansısa məktəbi qurtarmamısansa bəstəkar ola, musiqi, mahnı yaza bilməzsən. Əvvələrdə də dedim ki, dahilərimizin heç də hamısı Konservatoriya bitirməyiblər. Оnu da qeyd edim ki, adını çəkdiyim və çəkmədiyim həvəskar adlandırılanlar heç də o iddiada deyillər ki, onlara bəstəkar desinlər. Mən yaradıcılığa başlayan ilk gündən deyirəm ki, əzizlərim, mən bəstəkar deyiləm. Ümumiyyətlə, məni necə çağırmaq mənim üçün heç bir fərq etmir. Bəstəkar adı mənə nə gətirəcək? Şanmı gətirəcək, şöhrətmi gətirəcək və ya hansısa maddi dividentmi gətirəcək? Mənim şanım da, şöhrətim də mənim musiqilərimdir. Əgər insanlar mənim mahnılarım olan diski əldə edib оna qulaq asırlarsa, bunu mənim qazancım hesab etmək olar. Məni maraqlandırmır ki, mənim adım bəstəkar olacaq və ya yох?! Mən hər səhər, sürücüm də şahiddir ki, Kamal müəllimin "İlahi" musiqisini xalq artisti Alim Qasımovun ifasında hər gün dinləyib evdən çıxıram. Bu mahnının qarşısında indi kimsə dayana bilər? Yaxud, Ələkbər Tağıyevin "Sən gəlməz oldun" mahnısı qarşısında kimsə dayana bilər? Bir çox nümunələr var ki, onlar böyük sənət əsəri sayıla bilər. Elə götürək Sevil xanım Əliyevanın "Ana" mahnısını, onun qarşısında kimsə sakit, həyəcansız duruş gətirə bilər? Cabbar Musayevin "Nə olar Allahım, ayırma bizi" mahnısı kimisə təsirsiz buraxa bilər? Elçin İmanovun "Küləklər" mahnısı da bu qəbildəndir, mən bu mahnıları çox sevirəm. İndi bunlardan sonra kimin Konservatoriya təsili olub-olmamağını araşdırsaq, mövzudan yayınmış olarıq. Sevilən musiqilərin müəllifi kimi bizim heç bir iddiamız yoxdur. Konservatoriya qurtarmış hər hansı bir insan- sənətçi bizdən daha yaxşısını yazıb ortaya qoysun və hamımıza göstərsin ki, manhı məhz belə olmalıdır. İnkar etmək düzgün üslub deyil-faktı qəbul edib ondan sadəcə nəticə çıxarmaq lazımdır. İnkar yolun ən asanıdır. Mən səni "tanımıram və tanımaqda istəmirəm" üslubu düzgün və xoş sayıla bilməz. Hərdən eşidirsən deyirlər ki, filankəsi tanımıram, halbuki qapı-qapıya qonşudurlar. Bu o demək deyil ki, o qonşusunu tanımır, sadəcə, tanımaq istəmir, inadla inkar yolunu tutur. Yəni bu, etirazın ən asan formasıdır. Amma inkarı sübut etmək, yəni, "mən nə üçün inkar edirəm, bunun səbəbi nədir", bax bu artıq çətin bir məsələdir. Ona da hər adam, hər kişi gedə bilməz. Hansısa əsər pisdirsə, onu sübut etsinlər. Əgər pisdirsə, o zaman nə üçün oxunur, dinlənilir? Fikir verdinizsə, mən öz mahnılarımdan bir kəlmə olsun belə danışmadım. Çünki bunu artıq dinləyici deyəcək. Mənim bir çox mahnılarım var, məsələn, "Bu şəhərdən gedə bilərsən" mahnısı 20 ilə yaxındır ki, yaşayır və hələ uzun illər yaşayacaq. Digər mahnılarımı hələ demirəm. Biz bu dünyadan köçəcəyik, ancaq mahnılar yaşayacaq. Dinləyicini maraqlandırmır ki, qulaq asdığı mahnının müəllifi kimdir, onu yazan hansı Akademiyanı və ya hansı Konservatoriyanı qurtarıb. Onu maraqlandıran həmin həzin musiqidir. Təki o musiqi bizi yaxşı istiqamətə yönəltsin, bizim ruhumuzu qidalandırsın. Hesab edirəm ki, bizim qazandıqlarımız itirdiklərimizlə bərabərdir və ya altmışın qırxa nisbətindədir. Mənə elə gəlir ki, bu istiqamətdə də hələ çox işlər görməliyik.

- Həvəskar adlandırılanlara ittihamlardan biri də odur ki, onlar daha çox sadə janra- mahnı janrına üz tutur, üstünlük verirlər, simfonik əsərlər, opera əsərləri yaratmağa cəsarət etmirlər. Ona görə gələcəkdə hansısa bir simfonik əsər və ya opera yazmaq, belə bir layihədə özünüzü sınamaq istərdinizmi?

- Bilirsiniz, hər kəs öz bacardığını etməlidir. Təbii ki, simfonik və ya opera kimi ciddi əsərləri yazmaq-yaratmaq heç də asan məsələ deyil. Bunun üçün musiqi savadı lazımdır. Bunun üçün musiqini daha dərindən öyrənmək gərəkdir. Ciddi əsərləri elə-belə pərakəndə halda yazmaq olmaz. Bu, sistemli şəkildə, elmi əsaslara dayanan bir yanaşma olmalıdır. Bu sahədə də işləri məhz sırf peşəkarlar görməlidir. Simfoniyaları onlar yazmalıdırlar, konsertləri, operaları onlar yazıb ortaya qoymalıdırlar. Biz ancaq musiqi-mahnı janrında öz yaradıcılığımızı ortaya qoymalıyıq və qoyuruq. Bu təqdimat da çox səmimidir. Düzdür, bəzi insanlar var ki, onlar musiqi janrında yaxşı pul qazanırlar, amma adını çəkdiyim insanlar arasında biznes-maddi maraq güdənlərin adını çəkmədim. Bəzi özlərini həvəskar bəstəkar adlandıranlar əməlli-başlı pul qazanırlar. Hətta, peşəkar bəstəkarlardan daha çox pul qazanırlar. Bu da ola bilsin əks tərəfi qıcıqlandırır. Amma bu həyatdır, bu reallıqdır, bununla hesablaşmaq lazımdır. Biz deməməliyik ki, bu nə üçün belədir, niyə belə oldu, biz fikirləşməliyik ki, hansı səbəblərdən bu vəziyyət yarandı. Əgər belə musiqilər bizim cəmiyyətimizə mənfi təsir göstərirsə, biz bunun qarşısını almalıyıq. Birdəfəlik baş kəsməklə məsələ həll olunmur. Xalq arasında belə bir deyim var: Başın ağrayırsa ən yaxşı metod gilyotindir, başını kəs qurtarsın getsin. Amma onun başının ağrısını kəsmək üçün ilk öncə səbəbini tapıb ortaya çıxarmaq lazımdır. Baş ağrısı bir siqnaldır. Bədən sənə deyir ki, narahatçılıq var və sən onun səbəbini tapmalısan. Hər bir məsələdə də belədir, hər bir məsələnin səbəbi tapılıb mənfi ünsürlər aradan qaldırılmalıdır.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31