“Hər gün təhqir olunuram”
Nicat Həşimzadə: “Öləndən sonra əsərlərimin yaşayıb-yaşamayacağı mənim üçün çox da vacib deyil”
2 Mart 2015 15:10 MüsahibəMüsahibim gənc yazıçı Nicat Həşimzadədir. O, 1992-ci il oktyabrın 27-də Bakıda doğulub. 220 saylı orta, 33 saylı musiqi məktəbini bitirib. Azərbaycan Maliyyə İqtisad Kollecinin məzunudur. 2014-cü ildə Bakı Asiya Universitetinin İngilis dili fakültəsinə daxil olub. İlk şeirini 8 yaşında aşiq olduğu musiqi müəlliməsinə yazıb. Buna görə, müəllimi onu cəzalandırıb və 45 dəqiqəlik dərsi küncdə ayaqüstdə dayanıb. Nicat həmin vaxt gələcəkdə yazıçı olacağına inanmadığını deyir. Ədəbiyyata marağının işsizlik və həyata olan ümidsizliyindən yarandığına inanır. O, hesab edir ki, xoşbəxt insan yazıçı, şair, rəssam, bəstəkar ola bilməz: "Olmağa cəhd göstərsə də, onun əsərləri qeyri-səmimi olacaq. Mən yazıram, çünki əlimdən başqa iş gəlmir, yazanda rahatlıq duyuram, düşünmürəm ki, əsərlərim dünyanı dəyişəcək və yaxud bəşəriyyətə xoşbəxtlik vəd edəcək".
- Ədəbi mühit yazıçı və şairələrlə dolub daşır. Belə bir qarışıq çərçivədə itməkdən qorxmursuz?
- Müasir ədəbi mühitdə televiziya kanallarında olduğu kimi bayağı şou ab-havası var. Təməli bu çərçivədən çıxmayan pafoslu əsərlərlə irəli getmək olmaz. Yazıçı yeni fəlsəfi cərəyan, yeni ideya yaratmalıdır. Bunu bacarmalıdır. Mövcud ədəbi mühitdə səviyyəli polemikalar çox azdır. Bəzi tənqidçi, redaktor, sayt rəhbərləri səmimi deyillər. Yerlipərəstlik, qohum, qonşusevərlik təfəkküründən uzaq olmaq lazımdır. Dahi yazıçı yaratmaq üçün ilk öncə onu maddi-sosial qayğılardan azad etmək lazımdır. Əks halda onlardan ciddi xarakter, ciddi əsər tələb olunmamalıdır.
- Daha çox kiçik hekayələrə üstünlük verirsiniz. Bu, daha irihəcmli əsər yazmaq kimi ağır işdən çəkincəklik deyil ki?
- Müasir dünya ədəbiyyatı 400 səhifəlik romandakı ideyanı və süjeti 10 cümlədə əks etdirir. İnsan həyatı qısadır və düşünürəm ki, oxucunun zamanını almaq düzgün deyil. Məsələn Rafiq Tağının ölümündən üzülən çox insanlar şeirlər, hekayələr yazdılar. Mənsə cəmi 1 cümlə yazdım: "Baxışlarında nəhayətsiz nifrət gizlədən ümidsiz şəhər müdrik yazarla birlikdə intihar etdi". "İntihar zəfəri " adlı hekayəmi bu yaxınlarda bitirdim, cəmi 10 cümlədən ibarətdir.
- Yazmaq həvəsiniz mütaliə və kitaba marağın az olduğu dönəmlərə təsadüf edir. Yaradıcılığın yaxşı qazanc mənbəyi olmadığı da məlumdur.
- Həyat anlaşılmazdır. İnsan heç zaman özünü dərk edə bilmir, həmişə özünü axtarır. Kitaba maraq, istedadlı, ciddi oxucu az olsa yaxşıdır. Ali irq nümayəndələri az olmalıdır. Hər kəs mükəmməl olsa bəşəriyyət süqut edər. Ciddi yazar da az olmalıdır. Bu günədək əsərlərimə görə, yalnız türk ədəbi jurnallarından qonorar almışam. Azərbaycanda mənə heç zaman qonorar ödənilməyib. Adətən qonorarı sifarişlə yazanlar alır. Təbii ki, bu hər yazara aid deyil.
- Yazmaqdan çəkinmirsiz, hekayə ola biləcək bütün mövzuları qələmə alırsız. Adətən bir çox yazıçılar hekayə və roman kimi bədii nümunələrlə müəyyən fasilələrlə ortada görünürlər. Bu qədər yazmaq fikirlərinizi bayağılaşdırmır?
- Yazmasam yaşaya bilmərəm demirəm, bu absurd səslənir. Lakin yazmaq məni bir çox mənasız işlərdən, stresslərdən azad edir. Yazılarımı tərifləmək niyyətində deyiləm. Bəlkə də Azərbaycan ədəbiyyatının bu zamana qədər gördüyü ən mənasız yazaram, bəlkə də Azərbaycan ədəbiyyatı tarixində qalmayacam. Hər şeyi zaman göstərəcək. Yaşadıqları zamanda Nitşe, Freyd, Kafka kimi ciddi təfəkkür sahibləri də oxunulmayıb, sevilməyib. Az da olsa tanınmayan hər yazar öləndə bir məsələni düşünür: "Bu zamana qədər oxumadılar, amma mən öldükdən sonra oxuyacaqlar, bir gün məşhur olacam". Bu, eqonun doğurduğu məsələdir. Öləndən sonra əsərlərimin yaşayıb-yaşamayacağı mənim üçün çox da vacib deyil.
- Yazıçı, ya da şair kimi özünü sübut etmək çətin məsələdir. Tənqidlər bəzən, adamı yarı yoldan qaytara bilir. Özünüzü sübut edə biləcəyinizə inanırsınızmı?
- Əslində nəinki yazar, şair ümumiyyətlə uğurlu insan kimi özünü sübut etmək çətin məsələdir. İnanın ki, hər gün nəinki tənqid, hətta təhqir dolu mesajlar alıram. Əvvəllər həyəcanlanır, narahat olurdum. Lakin indi normal qarşılayıram. Yaradıcı insan dözümlü olmalıdır. Azərbaycan ədəbiyyatında səmimi tənqidçi tapmaq çox çətindir. Əgər "Facebook" olmasaydı bir çox istedadlı gənclər monopoliya dalğasında boğulacaqdılar. Bu mənada mən Zükerberqə təşəkkür edirəm.
- Gənclərdə mütaliə mədəniyyətinin inkişafı üçün yaxşı təşəbbüs irəli sürmüsüz. "Gənc Yazarlar və Oxucular Klubu" adlı ədəbi qurum yaratmısız. Müəyyən çevrədə ədəbiyyata marağın artırılması üçün yaxşı təşəbbüsdür. Maraq varmı, ümumiyyətlə klubun toplantısında kimləri müzakirə edirsiz?
- Hələ ki, dünya ədəbiyyatına üstünlük veririk, müzakirə olunacaq kitablar səs çoxluğu ilə müəyyən edilir. Biz GYOK-u yaradanda gənclikdən narazı olan bəziləri bu təşəbbüsümüzə etirazlar etdilər. "Onsuz da Azərbaycanda oxucu yoxdur, əbəs yerə zəhmət çəkməyin" - dedilər. Lakin biz klubumuzu üzvlərinin köməkliyilə yaşadırıq, heç bir fonddan yardım almırıq. Yazıçı Qalib Cəlil GYOK-a 50 ədəd kitab hədiyyə edərək dəstək oldu. Başqaları da dəstək olurlar. Öz kitabxanamızı yaratmışıq. Ümid edirəm ki, GYOK cəmiyyətimizə yararlı qurum olacaq. Xüsusilə gənclərdə maraq var, sadəcə zövqlərini doğru istiqamətdə formalaşdırmaq lazımdır. Klubun hər görüşündə gənclərə kitablar hədiyyələr edirik.
- Bura qədər danışdıqlarımıza əlavə olaraq nə demək istərdiz?
- Sadəcə onu demək istəyirəm ki, xoşbəxt olmaq üçün xüsusi mövqe sahibi olmaq vacib deyil. İnsanlar səmimi olmaqdan, yəni ki, özləri olmaqdan qorxurlar. Belə yazarlar da var. Yaradıcı şəxsin qeyri-səmimi olması fəlakətdir. O ki qaldı oxuculara, bir hekayə üzərində 3 ay çalışırsan, araşdırmalar edirsən, az adam oxuyur, lap az adam da bəyənir. Sevgi haqqında şeir yazıb öz şəxsi duyğularını əks etdirirsən, onu həvəslə oxuyub bəyənirlər. Sanki insanlar başqalarının əzablarını oxumaqdan həzz alır. Bu, çox qəribədir.
Mənsur Rəğbətoğlu