“Ruslar qıra-qıra gəlir, ermənilər də yaralılara işkəncə verirdilər”
Səbuhi Həsənov: “Zirzəmidən çıxıb əmimgilin evinə sarı getdik, ora daha möhkəm və təhlükəsiz idi”
26 Fevral 2015 14:04 MüsahibəMüsahibim müğənni, "Yeni Ulduz" mahnı müsabiqəsinin iştirakçısı, Xocalı faciəsinin canlı şahidi Səbuhi Həsənovdur.
Səbuhi Göyüş oğlu Həsənov 1978-ci il martın 4-də Xocalı şəhərində doğulub. Orta təhsilinə Xocalıda başlayıb Mingəçevirdə bitirib. Orta məktəb illərində Xocalı və Mingəçevirdə keçirilən mədəni-kütləvi tədbirlərdə şeirləri və mahnılarıyla görünən S.Həsənov Asəf Zeynallı adına Musiqi Kollecinin Xalq çalğı alətləri fakültəsinin məzunudur. Kollec illərində o, məşhur musiqi adamları Murtuz Mehdiyev və Abutalıb Yusifovdan dərs alıb. Ağaxan Abdullayev, Əlibaba Məmmədov və Alim Qasımovdan muğamın sirlərini öyrənib. Vokal üzrə Teymur Əmrahdan dərs alan Səbuhi Həsənov estrada-vokal dərsini Mübariz Tağıyevdən öyrənib. 2006-cı ildə keçirilmiş "Yeni Ulduz" mahnı müsabiqəsinin iştirakçısı olub. Uşaqlığının əsas hissəsini Xocalıda keçirən S.Həsənov o illəri film kadrları kimi xatırladığını deyir. Dörd tərəfi meşə və dağlarla əhatələnmiş şəhər onun sənətinin formalaşmasında müstəsna rol oynayır. Səbuhi Həsənov Xocalı haqda xatirələrindən danışanda deyirdi: "Xocalı təbiət ananın təkrarsız əsəridir. O hər qarışında bənzərsiz gözəlliklər yarada bilən sevgi İlahəsidir. Xocalıda doğulduğum və uşaqlıq illərimi orada keçirdiyim üçün özümü şanslı hesab edirəm. Xocalının hər qarışı, evimiz, məktəbimizi, uşaqlarla oyandığımız o küçələr hələ də gözlərimizin qabağındadır. İndi ora getsəm, hər izindən o yerləri tanıyaram. Meşəsindən, dağlarından gül-çiçək, yabanı meyvələr yığıb, bütün qayğılarımızı uşaqlıq sevinclərində yox etdiyimiz oranı necə unudum axı. Xocalı gözəl idi. Həmin illərdə bir yerdə oyandığımız uşaqlar vardı. İndi onlardan xəbərim yoxdu, bəlkə ölüblər, bəlkə də yaşayırlar. Ürəyimin ucunda göynəyir Xocalım".
- O gecədən danışardız...
- Qırğın baş verəndə Xocalıda idik, şəhər zəbt olunandan sonra oranı tərk etmək məcburiyyətində qaldıq. Atam Xocalıda tanınmış adam idi. Şəhər İcra hakimiyyəti başçısının müavini vəzifəsində çalışırdı. Atam heç vaxt ailəsinin hamıdan əvvəl Xocalıdan çıxıb getməsini istəmirdi. Atam bizi başqalarından fərqləndirmirdi, şəhərdəki bütün soydaşlarımız onun üçün doğmaydı. Erməni-rus birləşmələri Xocalıya hücum edəndə biz orada idik, mən, iki qardaşım, atam və anam. Ermənilər hücuma keçəndə atam əlinə silah alıb döyüşməyə başladı. İcra başçısı Elman Məmmədovla tez-tez postlara baş çəkib yoxlayırdılar. Hamı Xocalını müdafiə üçün əlindən gəlməyəni edirdi. Ayın 25-dən 26-na keçən gecə nənəgildəydim. Qardaşlarım və anam isə o birisi nənəmgildə qalırdılar. Atam bütün günü postlarda olduğu üçün evimizdə heç kəs yox idi. Biz də qorxumuzdan nənəgildə qalırdıq. Həmin gecə nənəmlə məndən başqa evdə heç kəs yox idi. Yatmaq üçün təzəcə yerimizə girmişdik, saat 12-ni keçmişdi, dəhşətli top, tank səsləri eşitdik. Şəhərə top və tanklardan atəş açırdılar. Evlər silkələnir, səs-küy hər tərəfi bürümüşdü. Birtəhər əynimizə paltar geyinib zirzəmiyə düşdük. Nənəgilin evi yolun kənarındaydı. Hər an mərmi evə düşə bilərdi. Ona görə də zirzəmidən çıxıb əmigilin evinə sarı getdik. Ora daha möhkəm idi. Çatanda gördük ki, hamı evin zirzəməsindədir. İnsan səsləri bir-birinə qarışmışdı, ağız deyəni qulaq eşitmirdi. Hamı qorxurdu və həyəcanlıydı. 15-20 dəqiqə sonra əmim uşaqları xəbər verdilər ki, ermənilər şəhərə giriblər, buradan çıxmaq lazımdır. Hərə bir tərəfə qaçdı. Pərən-pərən düşdük. Hara getdiyimizi bilmirdik, özümüzü itirmişdik. Bir xətti tutub qaçırdıq. Qabağımıza gah uçurum, gah dərə, gah da sıldırım qayalar çıxırdı. Bir tərəfdən də ermənilərin səsləri gəlirdi. Sonradan Zamin Hüseynov gəldi. Özü bizə bələdçilik edirdi, doğru yolu bizə göstərdi. Bir yol vardı ki, ermənilər oranı tanımırdı. Zamin bizi o yolla apardı. Qar dizdən, çoxusunun ayağında ayaqqabı, corab yox idi, soyuqda çayı dona-dona keçdik. Çayı keçdikdən sonra meşəyə girdik, yolumuzu azdıq. Yenidən geri qayıdıb başqa yola çıxdıq.
- Xocalını tərk edib hara getdiz?
- 12 saat piyada yol getdikdən sonra Əsgərana - Naxçıvanik kəndinə çatdıq. Naxçıvanikdən Ağdama gedən yolu ermənilər zirehli texnika və tanklarla bağlamışdılar. Yalnız ordumuz erməniləri tərksilah etdikdən sonra Ağdama keçə bilərdik. Xocalı sakinlərinin çoxusu həmin istiqamətdə qırıldı. Ermənilər və ruslar insanlara iriçaplı silahlardan, pulemyotlardan atəş açırdılar. Görməsən inana bilməzdin, dəhşətli anlar idi. Sözlə ifadə etmək çox çətindir. Elə dəhşətli mənzərələr var idi ki, onlar kadrlara alınmayıb. Onlar elə mənzərələrdir ki, televiziyalarda baxıram görə bilmirəm. Məni Allah saxladı. Qarşımıza yerə sərilmiş insanlar çıxanda elə bilirdim ki, istirahət edirlər. Daha sonra onların ermənilər tərəfindən qətlə yetirildiyini öyrəndim. Dəhşətliydi, torpaq meyidlərlə doluydu.
- Nə hiss edirdiniz?
- Uşaq idim, yaşım azdı. Bəlkə də qorxularımın o qədər fərqində deyildim, hələ nə olduğunu başa düşmürdüm. Lakin içimdə bir xof vardı. Hiss edirdim ki, ermənilərə nifrət edirəm. Nə qədər ki, işğal altında olan torpaqlarımız azad olunmayıb, içimdəki nifrət hər gün bir az böyüyəcək. Amma heç vaxt o gecəni unutmayacam. O elə anlar idi ki, bəlkə də qaçarkən kimsə kömək istəsəydi, onu orada qoyub qaçardım. Özümüz özümüzü güclə aparırdıq. Ayaq izi düşməyən yerlərdən qaçırdıq. Məndən dəfələrlə ağır, iri buşlat geyinmişdim, qaçmağıma mane olurdu. Axırda məcbur olub əynimdən çıxarıb atdım. Qorxu elə istilik gətirmişdi ki, paltara ehtiyac qalmamışdı. Ayaqlarımı hiss etmirdim, özümü unutmuşdum. Bircə onu bilirdim ki qaçıram. Sadəcə qaçırdım, başqa heç nə. Canımı qurtarmaq üçün tələsirdim. Mənim 13 yaşım vardı.
- Xocalı soyqırımını hüzn, gözyaşlarıyla anırıq. Bəli, bu bütün zamanların ən dəhşətli insanlıq faciəsidir. Bəs, orada qəhrəmanlıq nümunəsi yox idimi?
- Xocalının əli silah tuta bilən insanları Rusiyanın 366-cı motoatıcı alayı şəhərə girənə qədər Xocalını müdafiə etdilər. Aqil Quliyev Milli Ordunun hissələriylə Xocalının müdafiəsinə dəstək verirdi. Bundan əlavə Xocalıda özünümüdafiə dəstəsi yaratdı. Həmin birləşmədən də çox az sayda adam sağ qaldı, son damla qanlarına qədər döyüşdülər. Çox fədakarlıq etdilər.
Nənəmi xilas etməyə çalışırdım. Elə bir yüksəkliyi keçmək istəyirdik ki, oranı aşmaq mümkünsüz görünürdü. Arxamızca böyük kütlə gəlirdi. Həmin o yüksəkliyə çatanda sevindiyimdən nənəmin əlindən buraxdım. Çox yorulmuşdum. Ora çıxa biləcəyimizə inana bilmirdim. İnsanların çoxusu yarı yolda ayaqları sürüşüb aşağı yuvarlanırdılar. Nənəmin əllərini buraxdım ki, yavaş-yavaş arxamca gəlsin. Asta-asta irəliləyirdik. Əlif Hacıyev tamam başqa istiqamətdən bizə yaxınlaşdı. Bizə bildirdi ki, artıq ermənilər Xocalını ələ keçiriblər. Əlif Hacıyevi ölümsüz təsəvvür edirdim, elə bilirdim ki, ona güllə dəysə, ölməz. Ermənilər onun başına milyonlarla pul mükafatı qoymuşdular. Onu görəndə çox sevindim. Düşündüm ki, bundan sonra ölmərəm. Arxasınca gedirdim, yanından əl çəkmirdim. Əlif Hacıyevi filmlərdəki qəhrəmanlar - Silvester Stallone, Arnold Şvatseneger kimi təsəvvür edirdim. Onu görüb nənəmi də yadımdan çıxarmışdım. Bir anlıq geri çevrildim ki, nənəm yoxdur. Nə qədər qışqırdım səs verən olmadı. Biz iki cığıra ayrıldığımızdan belə olmuşdu. Ermənilərin nəzərindən yayınmaq üçün ayrı-ayrı yollarla gedirdik. Çünki onlar çoxluğu daha tez görə bilərdilər. Nənəm də o birisi dəstənin arxasınca gedirdi. Sonra atam nənəmi görüb soruşub ki, "bəs Səbuhi hanı". O da deyib ki, "Əlifi gördü, arxasınca düşüb getdi, çağırdım səsimi eşitmədi". Atam Əlif Hacıyevin yanında olduğumu eşidəndə rahat oldu. Dəhraz yoluna qədər Əlif Hacıyevin dəstəsiylə gəldik. İnsanları xəndək vardı - orada yerləşdirdi. Ermənilərin zirehli texnikaları yaxınlıqdan keçirdilər, yerindən tərpənmək mümkün deyildi, görə bilərdilər. Əlif Hacıyev bizi orada qoyub meşədə qalmış digər insanları gətirmək üçün qayıtdı. Elə bir insan idi ki, özünü unutmuşdu. Hamını xilas edib vuruşmaq üçün özü Xocalıda qaldı. Nazim, Şahmalı, Zamin və digəriləri vardı ki, sonacan döyüşdülər. Gülə yağışının altından meyidləri çıxarırdılar.
- Məqsəd işğal idisə və insanlar silahsız idilərsə, belə bir faciəni niyə törətdilər?
- Hələ 80-ci illərin sonlarında Qarabağ bölgəsində yaşayan insanlardan ov tüfənglərinə qədər bütün silahlar yığıldı. Bir ov tüfəngi belə saxlanılmadı, hamısı müsadirə olunaraq götürüldü. Xocalı işğal olunmağa az qalmış Bakıdan gətirilmiş az sayda silahla şəhər müdafiə olundu. Bunun qarşılığında düşmən Xocalıya iriçaplı silahlar, zirehli texnika və tanklarla hücuma keçmişdilər. Beləliklə şəhərin müdafiəsi çətinləşdi. Digər tərəfdən tarixən də məlumdur ki, ermənilər Qarabağı özününkiləşdirmək istəyiblər. Uzun illər ermənilər bu arzularını gerçəkləşdirmək istəyiblər. Həmişə gözə kül üfürüb separatçılıqla məşğul olublar, öz riyakar niyyətlərini reallaşdırmağa çalışıblar. Ermənilərin azərbaycanlılara qarşı həmişə patoloji nifrətləri olub. Bunu zaman-zaman büruzə veriblər. Onlar milyon sifəti olan Şeytandır. İnsan deyillər. İnsan olan kəs, özü kimilərə belə divan tutmazdı. O gecənin dəhşətləri ermənilərə qarşı nifrətə çevrilib. İçimdə Qarabağımı azadlığa səsləyən Xocalı harayı var.
- Darıxırsız...
- Xocalı tez-tez yuxuma gəlir. Xocalı üçün burnumun ucu göynəyir. Ən böyük arzum ölmədən əvvəl Xocalını görmək istəyirəm. Təki gedim, oranın daşını, qayasını, tozlu yollarını qucaqlayıb öpərəm. Mənə pis təsir edir. Hər ilin fevralında Xocalı dəhşətlərini təkrar-təkrar yaşayıram. Heç vaxt yadımdan çıxmır.
- İnanırdınızmı ki, belə bir şey baş verəcək?
- Hələ ayın əvvəllərindən Xocalı ətrafında vəziyyət gərgin idi. Bakıdan isə bildirirdilər ki, narahat olmayın, hər şey yaxşı olacaq. Bizə müdafiə qüvvələrinin göndəriləcəyi sözü verildi. Lakin biz belə dəhşətin olacağına da inanmırdıq. Çünki ermənilər Xocalıdan çox qorxurdular. Şəhərə girməkdən çəkinirdilər. Buna görə də heç vaxt ağlımıza gəlmirdi ki, erməni adlı millət gəlib Xocalını zəbt edib sakinlərini amansızlıqa qətl edərlər. Ermənilərə qalsaydı, nəinki Xocalı digər rayonlarımıza da toxuna bilməzdilər. Ruslar kömək edirdilər.
- Sizin də dediyiniz kimi ruslar kömək edirdilər. Soyqırımda əsas pay sahibi də Rusiyanın 366-cı motoatıcı alayı idi. Belə idisə, ermənilər hansı işləri icra edirdilər?
- Ermənilər tülkü kimi rusların arxasında gizlənmişdilər. Ruslar qıra-qıra gəlirdilər, ermənilər də yaralıları, canverənləri işkəncəylə öldürürdülər. Rusların içərisində muzdlu zəncilər də var idi. Orada döyüşənlər də bunu təsdiq edirdilər.
- Səbuhi bəy, bura qədər danışdıqlarımıza əlavə olaraq nə demək istərdiz?
- Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidir.
Mənsur Rəğbətoğlu
P.S. Səbuhi Həsənov bir müddət əvvəl "Gözü yaşlı Xocalım" adlı klipini təqdim edib.