AXCP və Müsavatın münasibəti anlaşılan deyil

Taliyət Əliyev: “Çox təəssüflər olsun ki, iqtidarla siyasi dialoqa getməyi satqınlıq kimi də qələmə verirlər”

Keçən ilin sonlarından gündəmə gələn və artıq ikinci dəfə keçirilən iqtidar-müxalifət dialoquna təssüflər olsun ki, bütün siyasi qüvvələrin mövqeyi heç də birmənalı deyil. Xüsusilə, Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyası bu görüşlərdə iştirak edən digər müxalifət partiyalarını hakimiyyətlə işbirliyinə getməkdə ittiham edərək iqtidar-müxalifət dialoquna kölgə salmağa çalışırlar. Bəs görəsən həmin görüşdə iştirak edən digər siyasi qüvvələr bu barədə nə düşünür və AXCP ilə Müsavatın ittihamlarını necə qarşılayırlar. Azərbaycan Demokrat Partiyasının sədr müavini Taliyət Əliyev "OLAYLAR"-a verdiyi müsahibədə bu yanaşmanın səhv olduğunu söyləyib. Taliyət Əliyev müxalifətin parlament seçkilərinə hazırlıq istiqamətindəki fəaliyyətinə də toxunub.

-Taliyət bəy, artıq-müxalifət dialoqunun ikinci mərhələsi də baş tutdu. Sizcə, bu görüşlər iki düşərgə arasında mövcud olan problemlərin həllinə nə dərəcədə yol açacaq?

-Bildiyiniz kimi, uzun müddət idi ki, iqtidar-müxalifət dialoqunun vacibliyi ilə bağlı təşəbbüslər səslənirdi. Bizim partiya bununla bağlı hələ 2007-ci ildə ilk olaraq təşəbbüs irəli sürmüş və iqtidarla siyasi dialoqa hazır olduğunu rəsmən bəyan etmişdi. Düzdür, həmin dönəmdə bizim bu mövqe digər müxalifət partiyaları tərəfindən birmənalı qarşılanmadı. Amma, zaman keçdi, dünən bizi ittiham edənlər bu gün bizimlə eyni mövqedən çıxış etməyə başladı. Bu onu göstərir ki, Azərbaycan Demokrat Partiyasının zamanında siyasi dialoqla bağlı irəli sürdüyü təşəbbüs doğru addım idi. Bu gün artıq ikinci dəfədir ki, iqtidar-müxalifət danışıqları baş verir. Uzun müddətdir ki, bir-biri ilə barışmaz mövqelərdə olan qüvvələrin bir araya gəlməsi, bir masa ətrafında əyləşərək ölkənin problemləri ilə bağlı fikir mübadiləsi aparması öz-özlüyündə müsbət hadisədir. Bu iki görüşdən böyük gözləntilər gözləmək sadəlövhlük olardı. Amma, bu hadisə ölkədə iqtidar-müxalifət münasibətlərinin düşmənçilik müstəvisindən sivil münasibətlər müstəvisinə daşınması baxımdan olduqca önəmlidir. Əlbəttə, biz bu görüşlərin daha intensiv olmasını, ölkənin problemlərinin həllinə yönələn həqiqi bir siyasi dialoq prosesninə çevrilməsində çox maraqlıyıq.

-Bəzi partiyaların bu prosesdən, görüşdən kənarda qalması və görüşə gedən partiyaları  hakimiyyətə satılmaqda ittiham etməsi nə dərəcədə normal yanaşmadır?

-Bu görüşlərdə müxalifət düşərgəsinin aparıcı partiyalarından olan Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyası iştirak etməyib. Bu iki partiyanın iqtidar-müxalifət dialoquna münasibəti anlaşılan deyil. Bir halda ki, zaman-zaman siyasi dialoqun tərəfdarı kimi çıxış edirsən, iş o yerə çatır ki, bundan ötəri addım atmalısan, amma atmırsan, və ya bu addımı atmamaqdan ötrü müəyyən bəhanələr axtarırsan, onda deməli, siyasi dialoqla bağlı verilən bəyanatlarda səmimi olmamısan. Çox təəssüflər olsun ki, hətta iqtidarla siyasi dialoqa getməyi satqınlıq kimi də qələmə verirlər. Hesab edirəm ki, bu təkcə həmin partiyaların deyil, bütünlükdə cəmiyyətin siyasi mədəniyyət problemidir. Cəmiyyətdə siyasi mədəniyyət və siyasi maarifçiliyin olmaması həmin cəmiyyəti inkişafdan saxlayır. Bu artıq politologiyada çoxdan təsdiq olunmuş bir məsələdir. Təəssüflər olsun ki, bəzi siyasi partiyalar da cəmiyyəti siyasi baxımdan maarifləndirməkdə, cəmiyyətə siyasi mədəniyyət aşılamaqda lokomotiv rolunu oynamaq əvəzinə ötən əsrin 90-cı illərinin ab-havası ilə yaşayırlar.

-Bu ərəfədə müxalifətin parlament seçkilərinə hazırlığını necə dəyərləndirirsiniz?

-Bildiyiniz kimi parlament seçkiləri ilə bağlı müzakirələrə artıq start verilib və müəyyən birliklərin yaradılması istiqamətində də işlər gedir. Bizim istəyimiz ondan ibarətdir ki, aparılan iqtidar-müxalifət dialoqunda prioritet məsələ kimi parlament seçkiləri olsun. Çox yaxşı olardı ki, bu görüşlərdə seçkiqabağı situasiyanın demokratikləşdirilməsi və seçkilərin azad, ədalətli və bərabər şəkildə keçirilməsi naminə ölkədə hüquqi və siyasi islahatlar həyata keçirilsin. Bu bütün siyasi qüvvələrin parlament seçkilərinə yüksək səviyyədə hazırlığına stimul verərdi. Amma, hələ ki, mövcud şərtlər daxilində müxalifətin qarşıdan gələn parlament seçkilərinə hazırlığını qənaətbəxş hesab etmək olar.

-Bu seçkidə müxalifət bir araya gəlməyə nail olacaqmı?

-Bütün müxalifət partiyalarının qarşıdan gələn parlament seçkilərində bir araya gəlməsi mümkün deyil. Çünki, müxalifətdə təmsil olunan bütün partiyaların bir-biri ilə olan münasibəti, ideoloji baxışları arasında olan fərqlər buna imkan vermir. Bu da təbiidir. Hamı eyni cür fikirləşə və düşünə bilməz ki.  Görünən odur ki, qarşıdan gələn parlament seçkilərində müxalifət düşərgəsi ən azı 3-4 seçki bloku ilə iştirak edəcək. Yəni siyasi və ideoloji baxışları üst-üstə düşən və qarşılıqlı münasibətləri normal olan siyasi qüvvələr bir seçki blokunda təmsil olunacaqlar.

-Konkret olaraq ADP partiyaların əməkdaşlıq imkanlarını necə dəyərləndirir?

-Biz bütün siyasi qüvvələrlə qarşılıqlı əməkdaşlıqda maraqlıyıq və demək olar ki, müxalifət partiyalarının əksəriyyəti ilə normal münasibətdəyik.


Süleyman İsmayılbəyli
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31