“Dünya siyasi arenasında Cənubi Qafqaz çox böyük önəm kəsb edir”

Arzu Nağıyev: “Məhz buna görə də bu regionda sabitlik və təhlükəsizlik istər Avropa, istərsə də dünya üçün vacib bir məsələdir”

Nəhayət, uzun müzakirələrdən sonra Birləşmiş Ştatlar Azərbaycana yeni səfir təyin etdi. Xəbərlərdən də aydın olduğu kimi rəsmi Vaşinqtonu bundan sonra Azərbaycanda diplomat kimi Robert Frensis Sekuta təmsil edəcək. Bəs görəsən yeni səfir təyinatı Vaşinqton-Bakı münasibətlərinə necə təsir göstərəcək və yeni diplomat iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində hansı addımları atacaq. Bu və ya digər məsələlərlə bağlı siyasi ekspert Arzu Nağıyevlə söhbətləşdik.

-Arzu müəllim, Birləşmiş Ştatların təyin etdiyi yeni səfir Azərbaycan-Amerika münasibətlərinin inkişaf etdirilməsi, iki ölkə arasında nisbətən soyuq olan əlaqələrin irəli aparılmasına nə dərəcədə təkan verəcək?

-Məlumdur ki, ABŞ -ın Azərbaycandakı sabiq səfiri Riçard Morninqstar yarım ildən artıqdır ki, səlahiyyət müddəti bitdiyi üçün vəzifəsindən gedib. Bu müddət ərzində həmin vəzifə səlahiyyətli şəxslər tərəfindən icra olunsa da, faktiki olaraq birinci şəxsin olmaması özünü biruzə veriridi. İki ölkə arasında müəyyən soyuq münasibətlər hiss edilsə də, strateji məsələlərdə dəyişikliklər baş vermədi.  Bu gün Azərbaycanın geosiyasi mövqeyini nəzərə alan Obama administrasiyası səfir vəzifəsinə hər iki ölkənin ümumi maraqlarını ifadə edə biləcək bir şəxsin təyinatını gercəkləşdirə bildi. Bu məqsədlə həmin posta dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin birinci müavini, energetika, sanksiyalar və xammal məhsulları üzrə mütəxəssis, Tokioda və Berlində ABŞ-ın iqtisadi maraqlarını təmsil edən Robert Frensis Sekutanın namizədliyini təsdiq etdi. Bundan başqa Sekuta eyni zamanda terrorizmlə və beynəlxalq cinayətkarlıqla mübarizə sahəsində mütəxəssisdir. Onun Əfqanıstanda da iş təcrübəsi böyükdür. Bu faktorları sadalamaqda məqsədim cənab Sekutanın regionla bağlı məsələlərlə tanış olduğunu bildirmək, Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk Qrupunu təmsil edən dövlətin nümayəndəsi kimi bu proseslərə müsbət təsir edə biləcəyi ehtimalının böyük olmasıını çatdırmaqdır. Yəqin ki, belə bir təcrübəli diplomatın Azərbaycana təyinatı iki ölkə arasındakı münasibətlərin inkişafına ancaq müsbət təsir edə bilər.

-Amerikalı səfirin ölkəmizə gəldiyi bir ərəfədə iqtidar-müxalifət dialoqunun növbəti mərhələsinin keçirilməsi Amerikadan Azərbaycana olan münasibətə nə dərəcədə müsbət təsir edəcək?

-Maraqlıdır ki, cənab Sekutanın Azərbaycana gəlişi eyni zamanda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nulandın regiona səfəri çərçivəsində ölkəmizə gəlişi ilə eyni vaxta təsadüf etdi.
Xanım Nuland Azərbaycan prezidenti cənab İlham Əliyevlə görüşdü və bu görüşdən məmnunluq hissi keçirdiyini və bir çox məsələlərdə o cümlədən korrupsiya ilə mübarizə, demokratiya, insan haqları sahəsində vəziyyətlə bağlı razılıq əldə edildiyini ifadə etdi. Bu görüşdə əsas məqamlardan biri də ABŞ-la Azərbaycan arasında vətəndaş cəmiyyəti və demokratiya sahəsində dialoqun qurulmasına hər iki ölkə tərəfindən ümumi razılığın əldə olunması idi. Bundan başqa Nullandın müxalifət nümayəndələri ilə görüşü də baş tutdu. Bir sözlə iqtidar-müxalifət dialoqunun Sekutanın gəlişi ilə üst-üstə düşməsi planlı şəkildə olmasa da, onun müsbət təsiri inkar edilə bilməz.

-Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın beynəlxalq aləmdə yeri və rolunu, nüfuzunu nə dərəcədə artıracaq?

-Cənub Qaz Dəhlizi layihəsi siyasi, iqtisadi və eyni zamanda strateji baxımdan, ölkəmiz üçün şox böyük önəm kəsb edir. Yəni, bu layihənin həyata keçirilməsi Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı kimi nüfuzunu daha da artırır. Biz bunun Bakıda keçirilmiş "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin görüşündə bir daha şahidi olduq. Əlbəttə ki, bu layihənin həyata keçirilməsini istəməyən qüvvələr də var. Məlumdur ki, bu gün Rusiyaya tətbiq edilən iqtisadi və siyasi sanksiyalar bu sahədən də yan keçmir. Bu gün Avropa siyasi diktə kimi istifadə edilə biləcək istənilən layihədən, eyni zamanda təbii qazla bağlı layihələrdən də imtina etmək arzusundadır. Deməli, onlar bu gün seçim kimi Azərbaycana daha çox üstünlük verəcəklər. Bu danılmaz bir həqiqiətdir və Azərbaycanın nüfuzunun daha da artmasıdır.

-Sizcə, Avropa bundan sonra Cənubi Qafqazda təhlükəsizliyə diqqəti bir qədər də artıracaqmı?

-Düşünürəm ki, bu gün dünya siyasi arenasında Cənubi Qafqaz, onun geosiyasi mövqeyi çox böyük önəm kəsb edir. Məhz buna görə də bu regionda sabitlik və təhlükəsizlik istər Avropa, istərsə də dünya üçün həddən artıq vacib bir məsələdir. Məhz buna görə də Cənubi Qafqazda sülhə və əmin-amanlığa nə qədər tez nail olunsa, bundan istər Avropa, istərsə də digərləri daha çox bəhrələnərlər. Əlbəttə bu birinci elə bizim özümüzə vacibdir. Yəqin ki, sabitliyin bərqərər olması iqtisadi layihələrin də maneəsiz həyata keçməsi deməkdir. Bu baxımdan bu faktorların bir-birinə bağlılığı, maraqlı tərəfdaş kimi Avropa Birliyi dövlətlərinin diqqətini və səylərini Cənubi Qafqazda təhlükəsizliyə daha da artırmalıdır.

-Bu ərəfədə həmsədrlərin regiona səfərindən gözləntiləriniz nədən ibarətdir?

-Dəfələrlə qeyd edildiyi kimi, ATƏT-in Minsk Qrupu BMT-nin qətnamələrinin yerinə yetirilməsi və ərazi bütövlüyü ilə bağlı  heç bir fəaliyyət göstərmir. Demək olar ki, Dağlıq Qarabağ münaqişəsi sanki "dondurulub". Buna baxmayaraq hər gün atəşkəs pozulur, ermənilər öz təcavüzkar siyasətindən əl çəkmir, hər iki tərəfdən itkilər verilir. Belə bir vəziyyət erməniləri qane etsə də, bizi razı sala bilməz. Azərbaycan prezidenti İlham Əliyev Almaniya kansleri Anqela Merkellə görüşündə mövqeyini bildirməklə öz narazılığını ciddi şəkildə ifadə etdi. Ukrayna münaqişəsinin həllinə bu qədər canfəşanlıqla yanaşılmasına baxmayaraq Minsk Qrupunun iki üzvü də daxil olan bu dövlətlərin nümayəndələri Dağlıq Qarabağ məsələsində həddən artıq laqeydlik və passivlik nümayiş etdirirlər. Yəni bu gün istər ATƏT nümayəndələri, istərsə də dünya ictimaiyyəti bilir ki, Azərbaycan iqtisadi, texniki və hərbi potensialı hesabına münaqişəni qeyri-sülh yolu ilə, yəni müharibə yolu ilə həll etmək iqtidarındadır. Bu isə müharibə deməkdir. Məhz buna görə də ünvanlarına söylənən iradları da dərk edən ATƏT iki ölkə prezidentlərinin görüşməsini, lokal müharibənin başlamasının qarşısının alınmasını istəyir. Bütün bunlarla əlaqədar həmsədrlərin regiona səfərindən ciddi addımlar gözlənilir. Bu səfərlər də əvvəlkilər kimi qərarsızlığa düçar olsa, münaqişənin dərinləşməsi qaçılmazdır. Bir sözlə, Avropa birliyi tərəfindən erməni təcavüzkarlarının qətiyyətlə ram edilməsi vacibdir.


Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31