Rusiya Azərbaycana münasibətdə mövqeyinə yenidən baxmalıdır

Faiq Qəzənfəroğlu: “Rusiya və Qərb dünyası arasındakı qarşıdurmalarda Türkiyənin tərəf kimi çıxış etməsi yolverilməzdir”

Son zamanlar Azərbaycanın da daxil olduğu postsovet məkanında, o cümlədən Cənubi Qafqazda həm ideoloji, həm də hərbi savaşlar artmaqdadır. Eyni zamanda Rusiya-Qərb qarşıdurması bu prosesdə həllledici amil kimi meydana çıxır. Amma dünyada iki xristian gücünə qarşı yeni bir alternativin olması da gündəmdədir. Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun böyük elmi işçisi, dosent, fəlsəfə doktoru Faiq Qəzənfəroglu "OLAYLAR"-a verdiyi müsahibədə hazırda regionda və dünyada baş verən proseslər barədə söhbətləşdik.

-Faiq müəllim,  Ukrayna-Rusiya münasibətləri fonunda regiondakı vəziyyəti necə dəyərləndirirsiniz?

-Ümumiyyətlə, postsovet məkanında vəziyyət nəinki gərgindir, eyni zamanda çox təhlükəli həddədir. Buna səbəb odur ki, keçmiş SSRİ-nin varisi rolunda çıxış edən Rusiya Federasiyası dünyadakı mövcud status-kvo ilə barışmaq istəmir. Yəni birqütblü dünyada Rusiya özünü narahat hesab edir ki, bunu da heç də gizlətmir. Əslində Rusiyanın narahatçılığını başa düşmək olar və bu əsassız deyildir. SSRİ-nin dağılmasından keşən 24 il ərzində Rusiya heç olmazsa postsovet məkanında nüfuzunu qoruyub saxlamağa çalışsa da Qərb, öncəlliklə ABŞ buna imkan verməyib. Qərb, o cümlədən ABŞ insan haqları, demokratiya, vətəndaş cəmiyyəti, açıq cəmiyyət ideyaları ilə postsovet məkanındakı ölkələri özünə tərəfə çəkdikcə bu Rusiya rəhbərliyində istər-istəməz əks reaksiyaya səbəb olur. Bu prosesi, yəni qərbləşməni biz öncə Varşava Paktna üzv olan ölkələrdə (Polşa, Serbiya, Bolqarıstan, Rumıniya və s.), daha sonra keçmiş SSRİ ölkələrində (Latviya, Litva, Estoniya, Gürcüstan, Ukrayna, Moldova və s.) gördük. Rusiya nə olursa-olsun bunu dayandırmağa cəhd edir. Məncə, qərbləşmə modelinə qarşı Rusiyanın ilk açıq savaşlarından biri 2008-ci ilin avqustundakı Gürcüstanla kiçik miqyaslı müharibə oldu. O zaman Rusiya yeni gücünü yalnız Gürcüstana və başqa postsovet ölkələrinə deyil, eyni zamanda Avropa və ABŞ-a göstərməyə çalışdı. Bu gün Ukraynada baş verənlər Qərblə, özəlliklə ABŞ-la Rusiyanın ötən əsrdə bitməyən savaşının davamıdır. Yəni, müharibə Rusiyapərəst ukraynalılarla qərbpərəst Ukrayna arasında, daha geniş anlamda Rusiya ilə Qərb arasında gedir. Ola bilsin ki,  Avropa ölkələri bu savaşda ABŞ qədər maraqlı deyildir. Amma bütün hallarda Ukrayna və Rusiya arasında gedən hərbi savaş, həm də ideoloji bir savaşdır. Belə ki, Qərb Ukraynanı qərbləşdirməklə, daha sonra Rusiyada bunu etməyə çalışacaq. Daha dogrusu, SSRİ-nin dağılmasından sonra Rusiyada başladıqları qərbləşmə prosesini sürətləndirməyə çalışacaqdı. Rusiya isə nə olursa-olsun buna yol verməməyə, üstəlik keçmiş SSRİ ölkələrindən bəzilərini (Azərbaycan, Qazxaxıstan, Belorus, Ermənistan və s.), eyni zamanda İran, Türkiyə və başqa müsəlman ölkələrini də Qərbə qarşı qoymağa çalışır.

-Bu proseslər Cənubi Qafqaz regionu, xüsusilə Azərbaycana hansı təsiri göstərəcək?

-Şübhəsiz, Azərbaycanın da tərkib hissəsi olduğu Cənubi Qafqaz regionunda da savaş həm hərbi, həm də ideoloji sahədə davam etməkdədir. Bu bizə, bir əsr bundan əvvəl baş verənləri xatırladır. O zaman da Çar Rusiyası Qərbin ideyaları ilə savaş aparmaq məcburiyyətində qalmışdı. Çar Rusiyası müəyyən qədər bu savaşdan məğlub çıxdı. Belə ki, Çar Rusiyası bir tərəfdən Polşanı, Finlandiyanı və başqa ölkələri itirdi, digər tərəfdən Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna və başqa ölkələrin formal da olsa, müstəqilliyini tanımağa məcbur oldu. Indi isə Rusiya bir daha parçalanmaq, ətrafındakı ölkələrin ondan tamamilə uzaqlaşması ilə üzbəüzdür. Özəlliklə, Cənubi Qafqazın Rusiyanın təsir dairəsindən tamamilə kənara çıxması problemi var. Rusiya ətrafındakı ölkələri nüfuz dairəsində saxlamaqda çətinlik çəkir. Artıq həmin, özəlliklə Cənubi Qafqaz ölkələri nə iqtisadi, nə də hərbi mənada Rusiyaya meyil etmirlər. Hətta, Rusiyanın birbaşa əliylə yaradılmış Ermənistan belə Moskvaya arxa çevirəcəyinə işarə edir. Azərbaycan isə qərbləşmə məsələsində ehtiyatlı davranmaqla Daglıq Qarabağ münaqişəsinin  həllinə ümid edir. Bu o deməkdir ki, Rusiya seçim qarşısındadır. 100 il bundan öncə Rusiya hərbi güclə işğal etdiyi ölkələrə indi də eyni baxışla yanaşarsa, bu heç də regionda müsbət nəticə verməyəcək. Özəlliklə, Rusiya Azərbaycana münasibətdə mövqeyinə yenidən baxmalıdır. Yəni, Rusiya Azərbaycana müsəlman-türk ölkəsi, Ermənistana isə xristian-hay kimi yanaşmaqdan əl çəkib, günün reallıqlarını nəzərə almalıdır. Əslində  Rusiyanın özü bütövlükdə dini və milli kimlik cəhətdən yekcins deyildir. Burada əhalinin mühüm bir hissəsi türk-müsəlmandır. Belə olduğu təqdirdə, Rusiya onu sıxışdıran Qərb dünyasına, həmin dünyanın oyuncağı olan Ermənistana güvənməkdən əl çəkib türk-müsəlman dünyasına üz tutmalıdır. Bizcə, Rusiyanın gələcəyi türk-müsəlman dünyasıyla münasibətləri hansı şəkildə qurmasından asılı olacaq. Rusiya 1-ci Pyotrun vəsiyyətnaməsindən, yəni İstanbulu ələ keçirib xristianlaşması ideyasından əl çəkməlidir. Zatən, neçə əsrlərdir ki, İstanbulu xristianlaşdırmaq istəyən ruslar bu gün qədim bulqar-tatar şəhəri Moskvanın yenidən müsəlman-türk şəhərinə çevrilməsi prosesinə əngəl ola bilmirlər. Bu onun göstəricisidir ki, elə şeylıər var zorla deyil, təbii şəkildə baş verir.

-Rusiya-Qərb qarşıdurmasının sonucunu necə görürsünüz?

-Məncə, bu qarşıdurma əslində türk-müsəlman dünyasının xeyri ilə nəticələnməlidir. Çünki dünyanın iki xristian gücü tərəfindən idarə olunması prosesi artıq davam edə bilməz. Əslində bu dünyanın ahənglə idarə olunması prinsipinə də ziddir. Yəni dünyanın nə birqütblü Qərb-Xristian dünyası, nə də ikiqütblü Qərb-Xristian dünyası ilə idarəsi mümkün deyildir. Çünki burada bir ədalətsizlik, bərabərsizlik, tərəzisizlik vardır. Indi buna ikili standartlar deyirlər. Halbuki bu ikili standart da deyildir. Amma  burada önəmli olan iki xristian dünyasının (xristian ABŞ və xristian Rusiya) qarşıdurmasıdır. Vaxtilə, bu aqibətlə iki müsəlman-İslam dünyası (Osmanlı və Səfəvi, Osmanlı və Teymurilər və s.) dəfələrlə qarşılaşmışdı. O zaman bundan qazanan xristian dünyası oldu. Bu gün isə iki xristian dünyası üz-üzə gəlir. Şübhəsiz, bundan qazanan döyüşən həmin ikili deyil, kənarda bunu müşahidə edən üçüncü olacaqdı. Bu baxımdan bəzi Avropa ölkələrinin  Rusiya-Ukrayna münaqişsənin dərinləşməməsi üçün çaba göstərmələri başa düşüləndir. Ancaq bəzi Avropa ölkələrinin hər hansı cəhdlərinə baxmayaraq Qərb-Rusiya qarşıdurmasının qarşısı alına bilıməyəcək. Məncə, bu cür münaqişələr daha da genişlənəcək və sonucda hər iki tərəfin zəifləməsinə gətirib çıxaracaq. Yəni, Qərb-Rusiya qarşıdurması Ukraynayla  yekunlaşmayacaq. Bu prosesə Moldova, Ermənistan, Latviya, Gürcüstan və başqa xristian ölkələr də cəlb olunacaq. Hesab edirəm ki, Azərbaycan və Orta Asiya ölkələri bu qarşıdurmalardan kənarda qalmaqla böyük uğur əldə edəcəklər. Özəlliklə, Qərbin təhrik ilə Ermənistan və Rusiya arasında münasibətlərin kəskinləşməsi də baş verəcəkdir. Bu isə Azərbaycan üçün müsbət nəticələrə səbəb olacaq.

-Bu problemin həllində Türkiyə nə dərəcədə vasitəçi rolunu oynaya bilər?

-Rusiya və Qərb dünyası arasında gedən qarşıdurmalarda Türkiyənin tərəf kimi çıxış etməsi yolverilməzdir. Sadəcə, Türkiyə baş verən prosesləri yaxından izləməli və düzgün nəticələr çıxarmalıdır. Məncə, Türkiyənin bu gün əsas diqqəti Rusiya-Qərb qarşıdurmasına deyil, bunun fonunda yaxın və qonşu ölkələrlə daha real və ağıllı siyasət yürüdülməsinə köklənməlidir. Əslində bu gün Türkiyə təkbaşına iki xristian dünyası gücünə qarşı alternativ ola bilmir. Bunun dərin köklərinə toxunmadan, deyə bilərəm ki, artıq Türkiyə 100 il bundan öncəki Türkiyə deyil. O zaman Qərb dünyası Osmanlını və Qacarları parçalayaraq arzularına uyğun Türkiyə və İranın yaranmasına səbəb oldu. Hər iki ölkənin türk-islam siyasi-ideoloji düşüncə sistemini ingilis-amerikan düşüncə sistemi ilə əvəz etdilər. On illərlə Türkiyə və İranda ingilis-amerikan düşüncə sistemi həyata keçirildi. 1970-ci illərdən başlayaraq İranda, 1990-cı illərdən etibarən isə Türkiyədə ingilis-amerikan düşüncə sisteminə qarşı çıxışlar başladı. İranda bu çox da uğurlu həyata keçirilmədi. Bunun səbəbləri də farslarla türklər arasında etimad hissinin bir neçə dəfə zərbə altında qalması idi. Amma Türkiyədə ingilis-amerikan düşüncə sisteminə qarşı mübarizə daha ağıllı və ehtiyatlı şəkildə həyata keçirilir. Dogrudur, bunu yaxşı anlayan ingilis-amerikan düşüncə sisteminin yaradıcıları hələ də İran və Türkiyədə "parçala və hökm sür" siyasəti yürüdürlər. Məsələn, ABŞ İranda Azərbaycan türklərini, Türkiyədə isə kürdləri mərkəzi hökumətə qarşı qoyur. Mənə elə gəlir ki, bu məsələdə olduqca həssas hərəkət etmək lazımdır. Məncə, Türkiyə bu məsələdə İranla müqayisədə liderliyi ələ almağa daha real qüvvədir. Çünki Türkiyənin həm milli, həm də dini kimlik baxımından çevrəsi daha əhatəlidir. Eyni zamanda Türkiyə İranla müqayisədə türk olmayan vətəndaşlarına daha çox azadlıqlar verib. Bir sözlə, Türkiyə İran, Azərbaycan, Pakistan, Səudiyyə Ərəbistanı, Qazaxıstan, Türkmənistan və başqa ölkələrlə daha yaxından təmas halına keçərək dünyada yeni bir güc mərkəzi formalaşdırmalıdır.


Süleyman
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31