“Gənclərimizə Azərbaycanı sevdirməliyik ki, Azərbaycanı avropalılara tanıda bilsinlər”
Cavad Derəxti: “DAK artıq tarixə çevrilib”
6 Fevral 2015 13:40 Müsahibə"Avropa Yay Oyunları Azərbaycanın regiondakı əhəmiyyətini daha da artıracaq"
Zamanında Dünya Azərbaycanlıları Konqresində yüksək vəzifələr tutan və bu təşkilatın fəaliyyətində müsbət mənada dönüş yaradan insanların bir çoxu günümüzdə müəyyən səbəblərdən DAK-dan kənarda qalıb. Belə insanlardan biri də vaxtı ilə Dünya Azərbaycanlıları Konqresinin sədri olmuş, hazırda İsveçdə yaşayan soydaşımız Cavad Derəxtidir.
-Cavad bəy, bu gün Avropadan baxanda Azərbaycan necə görünür?
-Baxmayaraq ki, Azərbaycan torpaqlarının dörddə biri hələ də erməni daşnaqlarının tapdağı altındadır, ancaq ölkə bu çətinlikləri dəf edərək Cənubi Qafqazın ən yaxşı inkişaf edən ölkələri sırasında görünür. Bu ölkədə sabitlik, əmin-amanlıq regiondakı digər ölkələrdən qat-qat artıqdır. Xüsusilə "Eurovision" mahnı müsabiqələrindən sonra Azərbaycanın imici avropalıların nəzərində əhəmiyyətli dərəcədə artıb. Avropa Yay Oyunlarının bu il Bakıda keçirilməsi də Azərbaycanın regiondakı əhəmiyyətini daha da artıracaq.
-İsveçdəki Azərbaycan diasporunun vəziyyətini necə qiymətləndirir və xarakterizə edərdiniz?
- Avropanın digər ölkələrilə müqayisə edəndə həqiqətən İsveçdə diasporamız daha güclüdür. Ancaq ümumi baxımdan digər xalqların diasporası ilə qarşılaşdırdığımızda bu fəaliyyət o qədər də qənaətbəxş sayıla bilməz. Bunu Türkiyə diasporuna da şamil etmək olar. Buna əyani sübut kimi bir misal verim. 1 oktyabr 2014-cü il tarixində İsveçin bəzi şəhərlərində Türk bayrağına sayğı mitinqi keçirildi. Məlumat üçün qeyd edim ki, mənim yaşadığım Malmö şəhərində ümumilikdə Türkiyə və Azərbaycan mənşəli insanların sayı nüfuza görə çox azdı. Eyni gün eyni şəhərdə, bizdən iki saat sonra Kobani üçün 5000-dən artıq insan cəmləşmişdi. Bununla siz özünüz diasporamızın vəziyyətini müqayisə edin.
-Bəs, İsveçdəki Azərbaycan diaspor təşkilatları arasında birlik, bərabərlik varmı?
-Deyərdim ki, bu birlik və bərabərlik kifayət qədər deyil. Bu da soydaşlarımızın dəyişik siyasi düşüncələrə malik olmalarından irəli gəlir. Ancaq Novruz bayramı, Milli günlərdə hamı bir araya gələ bilir.
-Bu gün diasporumuz daxilində hansısa problemlər varmı və həmin problemlər hansılardır?
-Bu problemlərin başında yuxarıda dediyim kimi soydaşlarımızın, xüsusilə də Azərbaycan Respublikasından gələnlərin arasında yaranan fikir ixtilafı yer alır. Daha doğusu iqtidar və müxalifət tərəfdarı olan soydaşlarımız bir-birilərini qəbul edə bilmirlər. Təbii ki, cənublular arasında da fikir ixtilafı var. Ancaq bu ixtilaf bir o qədər də dərin deyil ki, bir-birilərini gördüklərində üzlərini yan tərəfə çevirsinlər. Bu məsələlər insanı çox üzür.
-Həmin problemlərin həlli məqsədilə nələri təklif edərdiniz?
-Mənim şəxsi qənaətimə görə məsələ diaspora və milli birliyə gələndə hamımız birgə olub Azərbaycanın milli mənafeyinə xidmət etməliyik. Əlbəttə ki, bu birliyin yaranmasında Azərbaycan dövlətinin və Diasporla İş üzrə Dövlət Komitəsinin rolu böyükdür. Türkiyədən gələn soydaşlarımız da diasporamızın möhkəmlənməsi üçün Azərbaycandan bir şeylər gözləyirlər. Mən bunun 1 oktyabrda şahidi oldum. İnanıram ki, Bakıda keçirilən Türk və Azərbaycan diaspor forumunun davamı gələcək. Beləliklə "Bir millət, iki dövlət"in diaspor nümayəndələri bir-birilərinə daha da yaxınlaşmalı və hər iki dövlətin milli mənafeyi üçün çalışmalıdırlar.
-Cavad bəy, bəs bu gün Dünya Azərbaycanlıları Konqresinin fəaliyyətini qənaətbəxş hesab edirsinizmi?
-Bir atalar sözü var. Deyərlər "dost acı söyləyər" Təəssüf ki, zamanında məni tənqid edən dostlarımız, "Cavad Derəxti 6 ildir sədrdir", "Sədr ildən ilə dəyişməlidir, çəkilsin, yenilərə yol versin" deyənlərə cavabım budur. Buyurun çəkildik və yolu yenilərə açdıq! Nə dəyişdi? Birliyə getmək üçün toplanıb qərar qəbul etdik, saziş imzaladıq. Alınmadı. Yenə də iki DAK iki ayrı-ayrı ölkədə qurultay keçirdi. Nə oldu? Heç bir şey. Mən sizdən soruşuram. Bu DAK-ın bu gun millətimizə bir xeyri varmı? Papağınızı qarşınıza qoyub bir düşünün. O, DAK ki bir zamanlar səsi BMT-dən gəlirdi, indi haradadır?
-Bəs siz, mövcud vəziyyətdən çıxış yolunu nədə görürsünüz?
-Məncə, DAK artıq tarixə çevrilib. Gördüyüm gözəl işlərlə millətimizin yaddaşında yerləşib. Qoyun, bu gözəllik tarixdə qalsın. Gəlin yeni bir səhifə açaq və dünya azərbaycanlılarını yeni bir təşkilatın ətrafında birləşdirək.
-Bir müddət əvvəl tərəfinizdən təsis edilən Bütöv Azərbaycan televiziyası fəaliyyətini dayandırdı və buna səbəb kimi maddi problem göstərildi. Doğrudanmı telekanal maddı problem səbəbindən bağlandı, yoxsa bu məsələdə hansısa siyasi təsirlər də vardı?
-Bəli doğrudur. "Bütöv Azərbaycan" televiziya kanalı maliyyə məsələləri səbəbindən qapadıldı. Bu televeziyanın qapanmaması üçün mən və yaxın dostlarım əlimizdən gələni etdik. Hətta məhkəməyə müraciət edib borclarımızın təxirə salınmasını istəsək də məhkəmədən rədd cavabı aldıq. Nəticədə keçən il Malmö məhkəməsi tərəfindən Bütöv Az.Tv-nin fəaliyyəti dayandırıldı və mülkiyyəti (avadanlıqlarına) əl qoyulub satışa çıxarıldı.
-Yaxın vaxtlarda buna oxşar hansısa layihə həyata keçirməyi düşünürsünüzmü?
-Yeni bir televiziya kanalının açılması üçün bir çox dostlarımla məsləhətləşdim. Nəticədə mənim Maltada yaşayan böyuk oğlum bankdan kredit alaraq televeziyanın mülkiyyətinı geri aldı. İnşallah əgər bu televiziyanın yayımları üçün yetərli maliyyə əldə edə bilsək yenidən yeni bir ad ilə fəaliyyətə başlayacağıq.
-Sizcə, istər Şimali, istərsə də Cənubi Azərbaycanın problemləri bu gün İsveç cəmiyyətinə, eləcə də Avropa insanına lazımi səviyyədə çatdırıla bilirmi?
-Çatdırılmasına çatdırılır. Ancaq kafi deyildir. Bunun üçün bütünlüklə fəaliyyət göstərməliyik. Buda həm zamanla və həm də bacarıqla olmalıdır. Burada gənclərimizin üzərinə çox iş dushur. Onun üçün də gənclərimizə Azərbaycanı sevdirməliyik ki, onlar da Azərbaycanı avropalılara kifayət qədər tanıda bilsinlər.
-Bu istiqamətdə Sizin konkret təklifləriniz nədən ibarətdir?
-Yaşadığımız ölkələrin dillərini yaxşı öyrənərək onlara inteqrasiya olmalıyıq. Həmçinin yaşadığımız ölkələrin siyasətində aktiv iştirak etməliyik. Bu vəsilə ilə o ölkədə söz sahibi olmalıyıq. Xüsusilə gənclərimizi savadlanmağa təşvik etməliyik. Milli mənafeyimizi hər zaman uca tutmalıyıq.
Süleyman İsmayılbəyli