”İşinə vicdanla yanaşmayan hakimlər var”
Çingiz Qənizadə: “Lakin Azərbaycandakı məhkəmə sisteminə cəmiyyətin inamsız yanaşması doğru deyil”
4 Fevral 2015 15:17 MüsahibəMillət vəkili Çingiz Qənizadə Parlamentin yaz sessiyasında "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Qanunun bəzi maddələrində dəyişikliklər edilməsini təklif edib. Millət vəkili fikrini onunla əsaslandırıb ki, onun təklif etdiyi dəyişikliklər edilsə, bu sahədəki neqativ halların qarşısını almaq mümkün olacaq. Suallarımızı millət vəkilinin özünə ünvanladıq.
- Çingiz müəllim, Milli Məclisin iclasında çox ciddi bir məsələni qaldırmısınız. Daşınmaz əmlak üzərində qabaqcadan qeydiyyat hüququnun təmin edilməsi məsələsi. Sizcə, bu təklif reallaşsa, tikinti şirkətləri tərəfindən vətəndaşların aldadılmasının qarşısını almaq mümkün olacaqmı?
- Əvvəla qeyd edim ki, "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Qanun 23 maddədən ibarət olmaqla 29.06.2004-cü ildə qüvvəyə minmişdir. Bu qanunun 17-ci maddəsi qabaqcadan qeydiyyatı nəzərdə tutur. Bu nə deməkdir? Tikintisi başa çatdırılmamış daşınmaz əmlak üzərində, həmçinin mülki qanunvericilkdə nəzərdə tutulmuş digər hallarda mülkiyyət və digər əşya hüquqları dövlət reyestrində tikintiyə icazə sənədləri və plan-cizgi əsasında qabaqcadan qeydiyyata alına bilər. Həmçinin tikintisi başa çatdırılmamış binanın tərkib hissəsi olaraq ayrı-ayrı mənzillərə və ya qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ və eyni zamanda onun ipoteka ilə yüklülüyü dövlət reyestrində qabaqcadan qeydiyyata alına bilər. Torpaq sahəsinə olan hüququn və ya torpaq səhəsini yüklü edən hüququn əldə edilməsinə və ya ləğvinə, yaxud belə hüququn məzmunun və ya növbəliliyinin dəyişdirilməsinə dair tələbi təmin etmək üçün dövlət reyestrində qabaqcadan qeydiyyat aparıla bilər. 8 bənddən ibarət olan 17-ci maddə vətəndaşlara yuxarıda qeyd edilən əmlak və mülkiyyət üzərində qabaqcadan qeydiyyatın aparılmasına imkan verir. Lakin qanunun bu maddəsi bu gün işlək deyil. Əgər qanun işləsəydi onda bu gün MTK-lar tərəfindən bir mənzilin bir neçə şəxsə satılmasının qarşısı alınardı və minlərlə insan bəzi dələduzlar və ya işbazlar tərəfindən aldadılmazdı. Sadəcə bir misalla izah edim. Tikintiyə icazə almış MTK, tikintiyə icazə sənədləri və plan-cizgi əsasında özü hüquqi şəxs kimi dövlət reyestrində qeydiyyata alınır. Tutaq ki, 100 mənzilli bina tikirsə, hətta bu binanın tikintisi başa çatdırılmayıbsa MTK vətəndaşlara satdığı mənzili və ya qeyri-yaşayış sahəsini vətəndaşın adına rəsmiləşdirməsi üçün öz nümayəndəsi ilə alıcını- vətəndaşı qeydiyyat idarəsinə göndərir və vətəndaşa satdığı və hələ tikintisi başa çatdırılmamış mənzili də belə qeydiyyata aldırır. Artıq alqı-satqı hüququnun qabaqcadan qeydiyyatı hansısa MTK-ların ofisində, saxta möhür, saxta imza, saxta arayışlarla deyil, rəsmi dövlət qurumlarında həyata keçirilir. Bu cür qeydiyyat qanuni və məcburi xarakter daşıdığı üçün bir mənzilin və ya qeyri-yaşayış sahəsinin 2-ci, 3-cü şəxslərə satılması qeyri-mümkün olur. Çünki satılmış mənzili MTK nümayəndəsi 2-ci və ya 3-cü şəxsə satmaq istədikdə həmin dövlət qeydiyyat idarəsində həmin mənzilin nömrəsini qeydiyyata almaq istəyərkən onun artıq satıldığı elektron vasitələrdə-ekranda görsənəcək və beləliklə, hər hansı bir çirkin niyyət baş tutmayacaq. Qeyd edim ki, alıcı olan vətəndaşa dövlət qeydiyyatını həyata keçirən qurum tərəfindən hüquqlarının qabaqcadan qeydiyyatı ilə bağlı rəsmi sənəd veriləcək.
- Bəs qanunun işləməsinə nə mane olur?
- Qanunun 17-ci maddəsinin bəzi bəndlərində qoyulmuş tələblər artıq zamanın tələblərinə cavab vermir. Odur ki, bəzi bəndlər qanunun müvafiq maddəsindən çıxarılmalı və qeydiyyat prosesi sadələşdirilməlidir. İnanıram ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin bu cür qeydiyyatların aparılması üçün texniki və s. imkanları genişdir və komitə bu qaydaların tətbiqində maraqlıdır. Bu cür qeydiyyatın tətbiqi müəyyən işbazların yollarını bağlayacaq, bu qəbildən olan cinayətlərin sayının azalmasına gətirib çıxaracaqdır. Qəpik-qəpik pul toplayaraq mənzil və s. kimi mülkiyyətlər almaq istəyən minlərlə sadə vətəndaşlarımızın hüquqlarının qorunması və sığortalanması artıq dövlət orqanı tərəfindən həyata keçiriləcəkdir.
-İclasda həmçinin belə bir fikir səsləndi ki, məhkəmələr çıxardıqları qeyri-obyektiv qərarları ilə cəmiyyətdəki inamını itiriblər...
- Azərbaycanın müstəqillik illərindən bəri qurulan məhkəmə sisteminə cəmiyyətdə birmənalı münasibət bəslənilmir. Xüsusilə son 10 ilə nəzər salsaq, hətta məhkəmələr ədalətli qərar çıxarsalar belə, cəmiyyətdə onlarla bağlı müsbət rəy yoxdur. Lakin Azərbaycandakı məhkəmə sisteminə cəmiyyətin inamsız yanaşması doğru deyil. Son dövrlərdə məhkəmə sahəsində gedən islahatlar uğurlu nəticələr verir və Məhkəmə-Hüquq Şurası tərəfindən aparılan bu siyasət 5-10 il əvvəl məhkəmə hakimiyyəti ilə bağlı deyilən fikirləri sıfıra endirir. Bu gün hakimlərin seçilməsindən vəzifəyə təyin olunmasına qədər olan bir proses o qədər uzun obyektiv və şəffafdır ki, hakimliyə namizədlərin savadı, dünyagörüşü, davranışı müəyyən mərhələləri müvəffəqiyyətlə imtahanlar verməklə həyata keçirilir. Bu gün Azərbaycan məhkəmə sistemində çox böyük dəyişikliklər aparılır və buna görə də Məhkəmə-Hüquq Şurasına və cənab Prezidentin göstərdiyi diqqətə görə təşəkkür etməliyik.
-Elə isə məhkəmələrə bu cür inamsızlıq haradan yaranır?
- Hüquqşünas kimi deyim ki, vəkil də, prokuror da işləmişəm. Hazırda hüquq müdafiəçisiyəm. Elə bir dövlət, cəmiyyət yoxdur ki, insanların hamısı məhkəmənin qəbul etdiyi qərarlardan razı qalsın. Öncə mülki və inzibati işləri götürək. Qarşı-qarşıya olan müxtəlif tərəflərdir. Hər ikisi vətəndaşdır. Məhkəmənin qəbul etdiyi qərardan tərəflərdən biri mütləq narazı qalacaq. Ona görə də mülki işlərdə qəbul edilmiş qərarların təxminən 50%-ə yaxını narazılıqla qarşılanır. Amma bu o demək deyil ki, məhkəmə hakimiyyəti düzgün, ya da obyektiv qərar qəbul etməyib. Sadəcə insanlar qəbul edilən qərara obyektiv yanaşa bilmirlər və öz maraqlarından yanaşırlar. Özlərinin beynində qəbul etdiyi qərarların daha doğru olduğunu dilə gətirməklə məhkəmə hakimiyyətinin qəbul etdiyi qərarlara kölgə salırlar. Cinayət işlərində təbii ki, təqsirləndirilən və zərərçəkən şəxs var. Burada da məhkəmənin qəbul etdiyi qərardan və təyin etdiyi cəzadan tərəflərin narazılığı olur. Zərərçəkənlər daha çox cəzanın verilməsinin tərəfdarı olduqları halda məhkəmə işin araşdırılması zamanı təqsirləndirilən şəxsin məsuliyyətinin yüngülləşdirmə hallarını nəzərə alır. Maksimum cəzadan bir az aşağı cəza qəbul edildikdə digər tərəf bundan narazı qalır. Araşdıraq, görək bu narazılıqların özü haqlıdırmı? Tam məsuliyyətimlə deyə bilərəm ki, əksər hallarda məhkəmənin qərarı daha obyektiv və ədalətli olur. Burada insan faktoru var. Heç kim qanunsuz addımdan, ədalətsiz mövqedən sığortalana bilməz. Məhkəmə hakimiyyətində də tək-tək belə hallar ola bilər ki, hakim bu və ya digər maraqlardan düzgün qərar qəbul etməsin. Sonda Azərbaycanda üçpilləli məhkəmə hakimiyyətinə nə ehtiyac var idi?! Məhz proseslərin üçpilləli məhkəmə sistemindən keçməsi ona yönəlib ki, bir hakimin buraxdığı səhvi digər instansiyada hakimlər kollegiyası düzəltsin. Orada səhvlər düzəlməsə Ali Məhkəmədə bu səhvə diqqət yetirirlər.
-Sizcə məhkəmələrdə özbaşınalıq halları baş vermir?
-İşinə vicdanlı yanaşmayan, süründürməçiliyə yol verən, müəyyən qərarların qəbulunda qeyri-obyektiv mövqelər nümayiş etdirən ayrı-ayrı hakimlər var ki, onlar bu gün fəaliyyətdə olan Məhkəmə - Hüquq Şurası tərəfindən mütəmadi olaraq yoxlamalardan keçdikdən və araşdırıldıqdan sonra cəzalandırılır. Hətta bu cəzalar vaxtından əvvəl hakimlikdən geri çağrılmaya qədər qərarın qəbulu ilə nəticələnir".
Alim