Misirdəki səfirliyimizin məlumatı
9 Avqust 2012 23:22 MədəniyyətBildiririk ki, 29 iyul - 8 avqust tarixlərində Qahirədə keçirilən V Səma Beynəlxalq Musiqi festivalında Azərbaycan Respublikasını kamança ustası və müğənni Mehri Əsədullayeva və onu müşayiət edən truppa təmsil etmişdir.Festivalda Azərbaycan ilə bərabər, Türkiyə, ABŞ, Fransa, Çin, Hindistan, İraq, Pakistan, Ukrayna, Yəmən, İspaniya, Ekvador, Zambiya, Bosniya-Herseqovina, İndoneziya və digər dövlətlər təmsil olunmuşlar.Məlumat üçün bildiririk ki, Ramazan ayı müddətində keçirilən Səma musiqi festivalı Misirdə və Yaxın Şərq regionunda ən böyükmiqyaslı və nüfuzlu festivallardan biri hesab olunur.Festival çərçivəsində Mehri Əsədullayeva Misirin "Məhəmməd Əli" və "Əl-Quturi" kimi möhtəşəm saraylarında keçirilən konsert proqramlarında çıxış edərək, incə və zərif Azərbaycan musiqisi parçaları vasitəsilə tamaşaçıların qəlbini oxşamışdır.Festivalın rəhbəri tərəfindən "dünyanın ən istedadlı qadın kaman ustası" kimi təqdim olunan Mehri Əsədullayevanın kaman ifası tamaşaçılar tərəfindən xüsusi diqqətlə izlənmişdir.Festival çərçivəsində 8 avqust tarixində "Bütün dünyaya sülh" adı altında keçirilən son konsertdə Azərbaycan musiqisinin festivalda iştirak edən digər ölkələrin musiqisi ilə həmahəng təqdimatı tamaşaçılar tərəfindən xüsusi maraq və sevgi ilə qarşılanmışdır.Festival və Azərbaycan sənətkarlarının ifası Misirin kütləvi informasiya vasitələri tərəfindən geniş şəkildə işıqlandırılmışdır.