Məşhur teleaparıcısı xanımlar haqqında - MÜSAHİBƏ

İlkin Həsəni: "Vaxt olduqca internet vasitəsi ilə onlarla danışıram".
Teleaparıcı İlkin Həsəninin Publika.Az-a müsahibə verib. Milli.Az müsahibəni oxucularına təqdim edir.

- İxtisasca kinooperator, peşəkar fotoqraf İlkin Həsəni. Amma tamaşaçı sizi, sadəcə, aparıcı kimi tanıyır. Niyə bu tərəflərinizi gizlədirsiniz?


- İncəsənət Universitetinə daxil olmaq arzularımdan biri idi. Bu sahədə öz fəaliyyətimi qurmaq istəyirdim. Amma universitetin digər fakültələrində bacarıq imtahanı ağır olduğu üçün kinooperatorluğa üz tutdum. Kinooperatorluq oxuduğumuz bir il ərzində biz peşəkar fotoqraflığı öyrəndik. Fotoya həvəsim var idi. Bu peşənin sirlərinə yiyələndim, çox sevdim bu işi, məşğul oldum da. Universitetdə yuxarı kurs qızlarını çəkirdik. Fotolar o qədər uğurlu olurdu ki, sifarişlər alırdıq. 2-ci kursda rejissorluğa keçəndən və işləməyə başlayandan sonra foto sənəti mənimçün ikinci plana keçdi. 2001-ci ildə respublika üzrə foto müsabiqə keçirildi. Sərgiyə qatıldım və "İpək yolu" əsəri ilə 3-cü yerə layiq görüldüm. Azərbaycandan 3 nəfərin - mənim şəklim də daxil olmaqla - işi beynəlxalq kataloqa düşdü. Bundan sonra Fransada keçirilən fotomüsabiqədə mənim çəkdiyim şəkil həvəsləndirici mükafata layiq görüldü. Hazırda arxivimdə heç kimin görmədiyi şəkillər var. Onları sərgiləmək istəyirəm.

Onu da deyim ki, Cəmil Quliyevin tələbəsi olmuşam. Televiziya sahəsində bildiyim sirləri ondan öyrənmişəm. 2001-ci ildə "106 fm" radiosunda xəbər diktoru kimi fəaliyyətə başladım. 6-7 ay sonra isə efirə çıxdım. Daha sonra "ATV maqazin" proqramına aparıcılıq təklif olundu. "ATV maqazin"in çiçəklənmə dövrü də həmin vaxtdan başladı.

- Nə vaxtsa fəaliyyətinizi kinoda davam etdirmək fikriniz var?

- Kino tamam başqa, çox maraqlı sənətdi. Televiziya və kino yaxındır. Ümid edirəm ki, bizdə kino nə vaxtsa yüksələcək. O zaman bəlkə mən də kinoda oldum. Hələ uşaqlıqdan məndə bu sahəyə maraq var idi. Dostlarımızla bir kamera almışdıq və bu kamera ilə müxtəlif səhnələr çəkirdik. İstəyirdik ciddi bir şey çəkək, amma gülməli alınırdı. Kompüter olmayan vaxtlarda biz "Panasonic" kamerası ilə elə işlər görürdük ki, baxan deyirdi "bunu harda montaj etmisiniz". Həvəs o vaxtdan var idi. İndi isə cəmi bir rolum var - Şəmi müəllim.

- Bu obraz necə oldu yarandı?

- Obrazın yaranma dönəmində "Bozbaş müğənni" anlamı dəbdə idi. Hər gün kimsə efirə çıxırdı. Ən maraqlısı odur ki, "bozbaş"ın özü digərinə "bozbaş" deyirdi. Personaj həmin vaxtlarda yarandı. Bütün gördüyümüz "bozbaş" müğənniləri cəm edib (onların səhnə hərəkətləri, repertuarı və s.) Şəmi müəllimi yaratdıq. Sözün düzü, bu efir üçün nəzərdə tutulmayan personaj idi. Adı belə əvvəlcədən düşünülməmişdi. Veriliş gedə-gedə tərəf müqalibim mənim adımı soruşanda həmin an ağlıma gəldi ki, Şəmi müəllim deyim. Elə o vaxtdan da bu ad qaldı. Efirə çıxdıq, sevildik. Bu gün də "youtube"da bizim videolarımızın yüz minlərlər izləyici auditoriyası var.

- Şəmi müəllimin yamsıladığı müğənnilər özlərinə düzəliş verdilər?

- Ən maraqlısı odur ki, həmin müğənnilər özləri bu obraza baxıb gülürlər. Az müğənni tapılar ki, baxıb nəticə çıxarsın. Yumordan əvvəl satiramız var. Çox adam buna yumor verilişi kimi baxır. Biz öz satiramızı göstəririk. Gündəlik həyatda gördüyümüz, yalnız bizim millətə xas olan cəhətləri təqdim edirik. Zənnimcə, gülməli alınır.

- Azərbaycan teleməkanında yetərincə tanınırsınız. Bu uğurlar sizi qane edir?

- Bu, müəyyən bir zamana kimidir. Ondan sonra insan öz həyatını qurmalıdır. Televiziyadan kənar işlər görməlidir. Mən 2007-ci ildən kiçik bizneslərlə məşğulam. Amma düşünürəm ki, bir vaxtlar mən ada işləyirdimsə, indi də ad mənə işləməlidir. Bir çoxları məşhurluğu hər şeydən üstün tuturlar. Deyirlər ki, tanınmışamsa, həyatım elə bundan ibarətdir.

- Aktyorlara olan yüngül münasibət aparıcılara da var. Buna münasibətiniz necədir?

- Aparıcılıq sənəti müğənnilik kimi bir şeydir. Sən birini təkrarlasan, deyəcəklər filankəsin oxşarı, televiziyaya yenilik gətirsən, deyəcəklər maraqlıdır. Mən də yenilik etmişəm, öz imicimi yaratmışam. Hər aparıcının da öz tamaşaçı auditoriyası var. Bir var tanınmaq, bir də var sevilmək. Tanınıb sevilmək çox çətindir.

- Tanınan aparıcılarda ulduzluq xəstəliyi var?

- 11 ilə yaxındır ki, televiziyada çalışıram. Çoxlu aparıcılar gəlib - gediblər. Olub ki, efir başlarını aldadıb, özlərini itirib, ulduz xəstəliyinə tutulublar. Efir olmayanda başlarını aşağı salıblar. Bu halda olan aparıcılar çoxdur. Belələri efir əllərindən alınanda boynubükük dayanırlar.

- Bu gün aparıcılar ana dilini bilmədiklərinə görə çox tənqid olunurlar. Efirdə rus sözlərini işlətməmək üçün hazırlıq keçirsiz?

- Adi həyatda belə sözlər istifadə oluna bilər. Amma efir, səhnə danışığı başqadır. İncəsənət Universitetində səhnə hərəkətləri, səhnə danışığından imtahan vermişəm. Müəllimimiz Azad Şükürov səhnə danışığını öyrənmək üçün ağzımıza qoz-fındıq yeridirdi. Jurnal-qəzet verirdi ki, bir saat bunu oxu. Beləcə, öz danışığımızı düzəltmişik.

- Bir gün kinonun qapıları üzünüzə açılsa, komik aktyor kimi tanınmaq şansınız olsa, aparıcılıqdan uzaqalaşarsız?

- Məndə komik aktyorluq yaşıl pencək geyinəndən sonra alınır. Sanki o sehrli pencəkdi, maskadır. Mənə adi həyatdakı geyimdə maraqlı yumoristik obraz yarat desələr, bunu edə bilmərəm.

- Yəqin xanım fanatlarınız çoxdur...

- Müəyyən yaş dövründə olan xanımlar üçün fanatlıq normal haldır. Vaxt olduqca internet vasitəsi ilə onlarla danışıram. Mənə yaxınlaşıb hisslərini, münasibətlərini bildirirlər, şəkil çəkdiririk. Ümumiyyətlə, sosial şəbəkələrdə aktivəm. Orda düşündüyüm və başıma gələn hadisələri bölüşürəm. Sosial həyatda qarşılaşdığım problemləri insanlarla müzakirə etməyi sevirəm. milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31