Ən çox piratçılıq kitab nəşri və audiovizual sahələrdə qeydə alınıb

Azərbaycanda ən çox piratçılıq kitab nəşri və audiovizual sahələrdə qeydə alınıb. Bu barədə cümə axşamı Trend-ə açıqlamasında Müəllif Hüquqları Agentliyinin (MHA) hüquq şöbəsinin müdiri Xudayət Həsənli bildirib. Onun sözlərinə görə, agentlik tərəfindən görülən tədbirlər nəticəsində audiovizual sahədə piratçılığın səviyyəsində 10-20 faiz, kitab piratçılığı sahəsində isə 20 faizə qədər azalma baş verib. O, həmçinin komputer proqramları sahəsində də piratçılığın 96 faizdən 87 faizə salındığını deyib. Həsənli "Əqli mülkiyyət hüquqlarının müdafiəsi və piratçılıqla mübarizə haqqında" yeni qəbul olunan qanuna toxunaraq, qanunun tətbiqi nəticəsində piratçılıqla mübarizədə çox mühüm bir dönüşə nail olacağını deyib. O bildirib ki, tezliklə qüvvəyə minəcək qanunda piratçılığın qarşısının alınması üçün bir sıra müddəalar nəzərdə tutulur. Hazırda bu müddəaların icrasını təmin etmək üçün normativ hüquqi aktların üzərində iş aparılır. Plagiatlıq sahəsində də vəziyyətin ürəkaçan olmadığını deyən Həsənli qeyd edib ki, plagiatlıqla bağlı müraciətlərin sayı çoxdur. Müraciətlər araşdırılır və müvafiq tədbirlər həyata keçirilir. Azərbaycanda müəllif əsərlərinin elektron qeydiyyatına başlanıldığını xatırladan Həsənli artıq 20-yə yaxın əsərin elektron xidmət vasitəsilə qeydiyyatdan keçdiyini bildirib. Bu prosesi tədqirəlayiq hal kimi qiymətləndirən Həsənli elektron qeydiyyatın üstünlüklərini qeyd edib. O vurğulayıb ki, elektron qeydiyyat müəlliflərin vaxtlarına, maliyyə vəsaitlərinə qənaət etməsi baxımından, eləcə də şəffaflıq baxımından çox səmərəlidir, çünki elektron xidmət vasitəsilə əsər dərhal qeydiyyatdan keçir. Ümumilikdə isə Həsənli 2012-ci ilin ötən dövrü ərzində 330-dan çox əsərin qeydiyyatdan keçdiyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31