“Özümü çox aciz saydım...”
9 Avqust 2012 14:39 MədəniyyətXalq artisti Canəli Əkbərov gənc və gümrah qalmağın sirlərindən danışıb. Xanəndə "Azadinform"a açıqlamasında bunu düzgün həyat tərzi keçirmək və xarakteri ilə əlaqələndirib:
"Allah mənə gözəl ürək, dil-ağız, göz verib, cəmiyyətdə davranmaq qayda-qanunlarını, dövlətçiliyə sadiq qalmaq mədəniyyətini bəxş edib. Sənətdə bu qədər uğur qazanmışam, dilimin düzlüyü, sədaqətimlə yalan danışmağı bacarmamışam. Düşmənimə də verdiyim sözə əməl edirəm. Sənətdə sağlam rəqabətçiyəm. Vaxtilə özümdən böyük sənətkarlara hörmət saxlamışam, onlara oğulluq, qardaşlıq məhəbbəti etmişəm. İndi onlar mənim özümə qayıdır".
Muğam ifaçısı həyatının ən sevincli və kədərli günlərindən də danışıb. O, pis günlərə sinə gərməyi bacardığını deyib: "Övladlarım, nəvələrimə həyat vəsiqəsi vermişəm. Amma çox istərdim ki, ata-anam mənim bugünkü durumumu görəydilər, cənab prezidentin mənə bəxş etdiyi evdə süfrə başında əyləşəydilər. Ən pis günümsə 3 uşaq anası cavan qız övladımı itirməyim oldu. Mən valideyn kimi nə lazımdır etdim, amma dünyasını dəyişdi, özümü çox aciz saydım".