Müğənnilər toy sahiblərinin təkcə cibini yox, həm də... - ARAŞDIRMA

dərisini soyub yerinə saman səpirlər!

Ramazan ayının başa çatmasına az qalır. Müğənnilər toy hazırlıqlarını başa çatdırmaq üzərədirlər. Keçən günlərdə isə başları klip çəkilişlərinə, yay istirahətinə və mahnı yazılışlarına qarışıb. Çoxdan medianın gündəmindən düşənlər isə bütün televiziyaları getdikləri kimsəsiz uşaq evlərinə töküblər. Və hamı onlardan danışmağa başladı. Reklam olunmaq üçün Amerikanın Hollivud ulduzları da belə edirlər. Belə işlərin bir ucunda yaxşılıq dayanırsa mərkəzində diqqətləri cəlb etmək durur. Az müddət bundan əvvəl belə addımlardan birini müğənni Rəqsanə İsmayılova atıb. Uzun müddət insanların yadından çıxdığından manıs bu yolla nəyəsə nail olmağa çalışıb. Bundan başqa belə üsuldan ara-sıra istifadə edən müğənnilər sırasına Xatirə İslam, Nadir Qafarzadə, İzzət Bağırov və başqaları aiddir.
Bir yandan Ramazan ayındakı durğunluq, bir yandan da isti yay tətillərinə xərclənən külli-miqdarda pullar səs adamlarını ziyana salıb. Lakin, bircə toy tutmaq xeyli sayda pul əskinasının toplanması deməkdir. Azərbaycan müğənniləri toylara getmək müqabilində fantastik rəqəmdə pul alırlar. Bununla bağlı standart qiymətlər də müəyyən olunub. Qiymətlər müğənninin toyda nə qədər çıxış etməsi və hara getməsinə görə dəyişir. Yarımsaatlıq çıxış bütün toyda iştirakdan və bölgə toylarının qiymətlərinin yarı faizi kimi görünsə də əslində ən çox bahaçılıq bu zaman müşahidə olunur. Məsələn, Aygün Kazımova bütün toya 10 000, yarımsaatlıq ifaya 3 000, Faiq Ağayev toyun axırınadək 10 000, yarımsaata 3 000 manat pul alır. Bu göstəricilər digər müğənnilər arasında bu cür dəyişir: Briliyant Dadaşova 6000-3000, Rəqsanə İsmayılova 6000-2500 manat. Röya Ayxan (Röyalə Nəcəfova) bütün toylarda iştirak etmir. Röyalə xanımın yarımsaatlıq ifasına görə 3 min, bölgə toyuna görə isə 10 min manat ödəməli olursan. Qiymətlərdə güzəştə getməyən müğənnilər fəsiləsinə Xuraman Şuşalı, Xatirə İslam, Nadir Qafarzadə və İradə İbrahimova daxildir. Toy biznesinin ən kasıbları "N - Brothers" qrupu, Əlikram Bayramov, Nurlan Növrəsli, Nazim Faytonçudur. Əgər bu şəxsləri öz toyunuzda görmək istəsəniz 2000-2500 mantından keçməli olcaqsan. Alverdə ən humanistlər isə Könül Xasıyeva, Aygün Bəylər, Gülüstan Əliyeva, Üzeyir Mehdizadə, İzzət Bağırov, Meyxanaçı Vüqar, Namiq Mənadır. Onlar bütün toy boyunca 700-1000 manata görə tər tökürlər.

Yalan danışmaq oxumaqdan əvvəlki sənətdir!

Müğənnilərin ən çox qorxduğu dövlət orqanı Vergilər Nazirliyidir. Əldə etdikləri pulların miqdarını orqandan gizlədən müğənnilər vergi verməkdən boyun qaçırırlar. Nazirliyin bu barədə "qara siyahı"sında adları olanlar: Faiq Ağayev, Manana Çaparidze, Ədalət Şükürov, Röyalə Nəcəfova, Mətanət İsgəndərli. Demək olar ki, hamısının bu yöndə problemləri var. Konsertdən sonra əldə edilən pulların məbləği vergi müfəttişlərindən gizlədilir. Gəlirlərin üçdən biri qazanc olaraq göstərilir. Bununla bağlı vergilər naziri Fazil Məmmədov Azərbaycan müğənnilərinə dəfələrlə xəbərdarlıq edib. Bundan başqa tez-tez yol hərəkəti qaydalarını pozan müğənnilər əksər hallarda adlarının məşhurluğundan istifadə etməyə çalışıblar.
Onların tək qanunvericiliyə zidd hərəkətləri gündəmdə olan məsələ deyil. Müğənnilər silsiləsinə aid olan bəzi isimlər cəmiyyət arasında pozuculuq işi aparırlar. Nura Suri, Aygün Kazımova, Röya Ayxan, Səidə Sultan, "Pişik" Günelin internetdə yayılan yarıçılpaq şəkilləri Azərbaycan qadınlarına pozucu təsir edir. Belə ki, arxasında kifayət qədər fanatları olan bu müğənnilərin açıq-saçıq geyimləri tərəfdarları üçün geyim brendinə çevrilir. Bu da Azərbaycan adət-ənənələrinə zidd sayılır. Davranış və fikirlərində kifayət qədər təzadlar müşahidə olunan şou-biznesçilər yalançı, tarixdə qalmayacaq musiqiyəbənzər məhsulları insanlara satırlar. Bu isə hər avaz olunan mahnıda Azərbaycan mədəniyyətinin təhqir olunması deməkdir. "Sarı Gəlin" Azərbaycan xalq mahnısını oxumağı bacarmayan Zülfiyyə Xanbabayeva, Sevda Ələkbərzadə, Samira kimi müğənnilər heç kimə lazım deyil. Onlar bu səhnədə olduqca hələ Asetryan "Sarı gəlini" çox oxuyacaq, Sezen Aksu bu mahnını erməni dilində oxumaq sevdasına çox dalacaq. Oqtay Ağayev kimi musiqi tanrısını yetişdirən cəmiyyət Nadir kimi "əjdahaların" ağzında qalıb!..

  Mənsur CƏFƏROV

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31