Leylinin möhtəşəm toyunda müğənni axını
Müğənnilər sevilən mahnılarını Leyli və Hakana hədiyyə etmək üçün sıraya düzülmüşdülər
8 Aprel 2014 13:25 MədəniyyətÖtən gün şəhərin dəbdəbəli şadlıq restoranlarından birində məşhur şairə, bir çox hit mahnıların sözlərinin müəllifi Leyli İsrafilova və aranjemançı Hakan Erolun toyu baş tutub.
ANS PRESS-in məlumatına görə, müğənnilərin axını olan toy şənliyi olduqca maraqlı anlarla yadda qalıb. Bir araya toplanan şou nümayəndələri danışıb, gülüb, gecəyə qədər rəqs ediblər. Maraqlı məqamlardan əsası isə gəlin və bəy rəqs edərkən Hakan bəyin həyat yoldaşı üçün canlı olaraq mahnı ifa etməsi olub.
Cütlük şad günlərinə yaxın dostluq etdikləri müğənni və media nümayəndələrini dəvət etmişdilər. Gecənin qonaqları arasında xalq artisti Aygün Kazımova, Faiq Ağayev, müğənnilər Sevda Yahyayeva, Roza Zərgərli, Samir Piriyev, Miri Yusif, Elçin Cəfərov, Pərviz Mahmudov, Nadir Qafarzadə, Ceyla, İlhamə Qasımova, Kərim Abbasov, Səidə Sultan, Abbas Bağırov, Qurd Fərid, Murad Sadıx, prodüser Tolik, biznes ledi Ruhi Əliyeva, bəstəkar Nazim Məmmədov və digərləri iştirak ediblər. Bundan əlavə olaraq müğənnilər sevilən mahnılarını bəy və gəlinə hədiyyə etmək üçün sıraya düzülmüşdülər. İfa olunanlar isə təbii ki, yaradıcı cütlüyün müəllifi olduğu mahnılar idi.
Toyun əvvəlində saytımıza müsahibə verən cütlük hər şeyin işbirliyindən başladığını bildirib: "İş ilə əlaqəli olaraq tez-tez bir araya gəlirdik, mən yazırdım, Hakan aranjeman edirdi. Şükürlər olsun ki, mahnılarımızın əksəriyyəti sevilir. Bir də ayıldıq ki, aşiq olmuşuq (gülür). Bu gün bizim xoş günümüzə toplanan hər kəsə təşəkkürümüzü bildiririk ki, bizi tək qoymayıblar".