Rəşad Məcidin “Dəlicəsinə” kitabı təqdim olundu

Yunus Oğuz: “O, bizim istədiyimiz və istəmədiyimiz şeyləri yazır”

Aprelin 4-də yazıçı, "525-ci qəzet"-in baş redaktoru Rəşad Məcidin "Dəlicəsinə" kitabının təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri Əflatun Amaşov Rəşad Məcidin jurnalistika və bədii yaradıcılıq fəaliyyəti barədə danışıb. Ə.Amaşov müəllifin sayca beşinci kitabı olan "Dəlicəsinə" əsərindən başqa onun "Hələ ki, vaxt var", "10 sentyabr", "Əlvida və salam" və əsərlərinin nəşr olunduğunu bildirib. MŞ sədri əsərdə respublikamızın tanınmış insanlarına həsr edilmiş məqalələrin diqqəti daha çox cəlb etdiyini, bu yazıların özünəməxsusluğu və orijinallığı ilə seçildiyini xüsusilə vurğulamışdır. Çıxış edən müəllif kitabın ərsəyə gəlməsi, əsərdə haqqında portret məqalələr qələmə aldığı həmkarları ilə bağlı xatirələrindən danışıb. Rəşad Məcid "Ön söz"-ün müəllifi Cahangir Məmmədli və iştirakçılara minnətdarlığını bildirib. Çıxış edən yazıçı-publisist, "Olaylar" İnformasiya Agentliyinin baş direktoru Yunus Oğuz Rəşad Məcid haqqında xatirələrindən danışaraq onun yaradıcılıq keyfiyyətlərini də yüksək qiymətləndirib. Y.Oğuz qeyd edib ki, müəllif yeni kitabında öz həmkarları barədə xatirələrindən yazıb: "Mətbuatda "Dönüşümə sevinən qadın" adlı yazım çıxmışdı. Yazını xaricdən gələndə qələmə almışdım. Həmin gün Rəşad Məcid gecə saat 11-də mənə zəng elədi. Dedi ki, yazıb xanımından iki illik icazəni almısan. Hamı xatirələrindən çox yazmır, bəlkə də yazmaq istəmir. Amma hansısa yazıçı, bir roman, yaxud hekayədə onu dindirir. Rəşad sağ olsun ki, bəzən o yazarları aşkar edir. Mən Rəşad Məcidi təbrik edirəm. O, bizim istədiyimiz və istəmədiyimiz şeyləri yazır. Rəşad elə bir insandır ki, tanıya bilmirsən. Deyə bilmirsən, yazıçısısan, şairsən, alimsən, baş redaktorsan? Sadəcə olaraq deyirsən, Rəşad Məcid". Daha sonra BDU-nun jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli, yazıçı İradə Tuncay, şair Elçin Mirzəbəyli, yazıçı Əbülfət Mədətoğlu, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və başqaları Rəşad Məcidin yaradıcılığından və yeni kitabı "Dəlicəsinə"-nin bədii xüsusiyyətlərindən danışıblar. Qeyd edək ki, 4 bölümdən ibarət "Dəlicəsinə..." kitabında "Yaşadıqlarım", "Gördüklərim", "Tanıdıqlarım" və "Dediklərim" bölmələrində yazıçının müxtəlif illərdə qələmə aldığı publisistik yazıları, səfər təəssüratları, portret-məqalələri və son illər müəllifin mətbuat orqanlarına verdiyi bir neçə müsahibəsi yer alıb. Kitab "Təhsil" nəşriyyatında 500 nüsxə ilə çap olub. ("OLAYLAR" İA)


 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31