Azərbaycan romantizminin öncülləri
1 Aprel 2014 15:43 MədəniyyətAzərbaycan romantikasının bayraqdarı sayılan M.Hadi cəmi 15 il yaradıcılıqla məşğul olsa da, ədəbiyyatımızı romantik ədəbi örnəklərlə zənginləşdirmişdir. O, ədəbiyyatımızda ən ardıcıl romantik sayılır. Amma onun romantizmi inqilabi deyil, mücərrəd romantizm idi. "Molla Nəsrəddin"çilər onu həyata, cəmiyyətə açıq gözlə baxmağa nə qədər dəvət etsələr də o, ideya baxışlarını dəyişə bilmədi. M.Cəlal yazırdı: "Hadi yaradıcılığının tarixi talesizliyi ondadır ki, şair bilavasitə xalqla dilləşə bilmirdi". Böyük ədibimizin bu sözləri ilə razılaşmamaq mümkün deyildir. Hadi həqiqətən də xalqla dilləşə bilmirdi. Bir az daha cəsarətlə desək, zamanında bir o qədər də sevilmirdi, bir o qədər də tanınmırdı. Məsələn, tutaq ki, şerləri Sabir kimi, Səhhət kimi əldən-ələ gəzmirdi. Bu isə şairin dilinin çətin, başa düşülməz ifadələrlə bağlı idi. Bunu bir yandan onun "Füyüzat" jurnalındakı fəaliyyəti ilə bağlamaq lazımdır. O zaman demokratik ziyalıların bu jurnalın dilinə qarşı necə mübarizə apardıqları məlumdur. Hadinin dilini nəinki indiki nəsil, heç mənsub olduğu nəsil belə başa düşməkdə çətinlik çəkirdi. Bugünkü gənclik isə izahlı bir lüğət olmadan Hadini öyrənməkdə çətinlik çəkir.
Romantizmin əsas özəlliklərindən biri də talehdən, zamandan şikayətdir. Hadi də bundan yan keçməmişdir. Belə ki, onun əsərləri belə şikayətedici məqamlarla doludur. Bu isə düşünürəm ki, şairin uşaqlıq dövrünün çətinliyi və ilk məhəbbətinin uğursusluğu ilə bağlıdır. Şeirlərinin birində yazır:
Oxumaqçün nə qədər dadu fəğan etdimsə,
Olmadı zərrə əsərbəxş şu istimdadım.
Dağa dersən, eşidir, sonra verir əksi- səda,
Daşa dönmüşlərə əks eyləmədi fəryadım.
Hadi vətənini, millətini ürəkdən sevən bir şair idi. Təəssübkeş idi. Mütailə yolu ilə qabaqcıl Avropa mədəniyyətindən xəbərdar olan şair millətinin bu tərəqqidən geri qalmasına dərin təəssüflənirdi.
İmzasını qoymuş miləl övraqi həyata,
Yox millətimin xətti bu imzalar içində.
Hadinin yaradıcılığında ziddiyyət təşkil edən bir sıra məqamlar var. Bu isə hər şeydən əvvəl dinə münasibətində özünü göstərir. Şair yaşadığı həyata,ölümə qarşı çıxır, bu cəmiyyətdən kənar ideal bir cəmiyyət arzu edir və bu cəmiyyətdə yaşamağın şirinliyindən danışırdı. O, belə düşünürdü ki,
Beş-on ləim naili dəryayi- nemətin.
...Hər kəs gərək bərabər ola hər hüquqda.
Ehsanıdır bu ərz bizə dəsti-qüdrətin.
Hadi belə hesab edirdi ki, insanlar bu dünyada bərabər yaşamalı, maddi nemətlər insanlar arasında eyni səviyyədə bölünməlidir. Bu cəhəti onu Məzdəkilərlə birləşdirirdi. Lakin o, arzuladığı ideal cəmiyyəti köklü bir inqilabla deyil, əhalini maarifləndirməklə yaratmaq istəyirdi. "Bütün zülmlərin kökü cəhalətdir, maarif olsa zülm məhv olar" - deyən şair Avropa maarifçilərinin fikirləri ilə tanış idi. Çünki, Hadi güclü mütailəyə malik idi və Avropa utopik sosialistlərinin, rus xalqçılarının ideya baxışlarını öyrənmişdi. Lakin, təəccüblüdür ki, bütün bunlar onun ideya baxışlarında güclü bir dəyişiklik yarada bilmədi. Hadi ilə eyni bir
zamanda yaşayıb fəaliyyət göstərən C.Məmmədquluzadə maarifçiləri tənqid edərək yazırdı: "Təkcə məktəb, məktəb deməklə nicat yolu tapılmaz. Lazımdır mikrobları millətin bədənindən kənar etmək".
1905-ci il inqilabı ilə Azərbaycan romantizmi öz inkişafının yeni mərhələsinə daxil oldu. Bu inqilab Hadinin yaradıcılığından yan keçmədisə də bütövlükdə onun cəmiyyətə baxışında köklü bir dəyişklik yarada bilmədi. Heyrət doğuran məqam ondadır ki, Hadi 1905-ci il rus inqilabının, İran Məşrutə hərəkatının, Türkiyədəki Gənc türklər iqilabının və nəhayət 1917-ci il Fevral inqilabının şahidi olmuşdu. Bundan başqa o, ona rəğbət bəsləyən, yaradıcılığını daim izəyən demokratik ziyalıların əhatəsində idi. Lakin, bu onun ideal varlığı real varlıqdan üstün tutması fikrini dəyişdirə bilmədi. O, Sabir demiş atılan toplara diksinmirdi.
Hadi bir yerdə qərar tuta bilmir, Azərbaycanı, Avropanı gəzib dolaşır, arzuladığı ideal cəmiyyəti axtarırdı. Öz vətənində gəzib dolaşsa da bir laməkan təsiri bağışlayırdı. Dünya boyda bir dünyaya sığmırdı.
"Biz hələ hürriyyətə layiq deyilik" - deyən Hadinin dünyagörüşündə 1917-ci il fevral inqilabı müəyyən qədər dəyişiklik yarada bildi və:
Göy guruldarsa parlayar ənvar,
Doğru söz, inqilaba hacət var.
-qənatinə gəldi.
Hadi şerləri ilə, məqalə və tərcümələri ilə əzərbaycan ədəbiyyatını daha da zənginləşdirdi. Yaradıcılığının ziddiyyət doğuran bir sıra məqamlara baxmayaraq o, bu gün də Azərbaycan oxucuları tərəfindən oxunur.
Azərbaycan romantik cərəyanının parlaq nümayəndələrindən biri də Abbas Səhhətdir. Şairin böyüyüb boya-başa çatdığı və fəaliyyət göstərdiyi Şamaxı təhkimçilik hüququnun yasaq olunmasından sonra başlanmış coşqun inkişafdan geri qalmışdı. Şamaxı XX yüzildə belə bir feodal şəhərini xatırladırdı. Təsadüfi deyildi ki, Səhhət Şamaxını "ölü şəhər" adlandırırdı, şəhər həm də bir mövhumat yuvası idi. Bu anlamda Səhhətin ideal cəmiyyət haqqındakı arzuları nisbətən çətinlik yaradırdı. O, Şamaxının təsvirini verərək yazırdı:
Qaradır xalqının günüz də günü.
Hadiyə nisbətən Abbas Səhətin cəmiyyətə, həyata baxışı müsbət anlamda bir qədər fərqlidir. Bu da düşünürəm ki, onun əhatə dairəsinin genişliyinilə bağlı idi. Hadi əsərlərini "Füyüzat" və daha bir neçə topluda çap etdirdiyinə baxmayaraq, Səhhət o dövrün demək olar ki, bütün mütərəqqi qəzet və dərgilərində çap olunurdu. Və bir də ki, Səhhət Sabirlə çox yaxın idi. Səhhətin yaradıcılığı ilə tanış olunca onun üzərində Sabirin təsiri açıq-aydın hiss olunur. Baxmayaraq ki, Sabir Səhhəti özünün müəllimi adlandırmışdı. Hadini Abbas Səhhətdən fərqləndirən digər bir cəhət isə odur ki, Hadi sırf romantik idi, Səhhətin yaradıcılığında isə ara-sıra realizm ünsürləri görünməkdədir. Bu da qeyd etdiyimiz kimi dövrünün realist şairlərinin bilavasitə təsiri idi.
Ölməz şəxsiyyət , xalqının, millətinin yolunda səylə çalışan, sözün həqiqi mənasında ziyalı-fədai olan Abbas Səhhət ədəbiyyat tariximizdə silinməz izlər buraxıb Amma bu şöhrət zirvəsinə çatınca saysız məhrumiyyətlərlə üzləşib. F.Köçərliyə romantik səpkidə yazdığı bir şerində
Səhhət yazırdı:
Vətənim adlanan bu qürbətdə
Nə də əfqanımı duyan yoxdur.
Səhhət şerlərinin əksıriyyətini özkeçmiş formasında qələmə almışdır ki, bu da romantizmə xas olan bir özəllikdir. "Mən vətənimi canım qədər sevirəm" deyən şair xalqına, vətəninə qədərsiz bir məhəbbətlə bağlanmışdı.
Vətən uğrunda şəxs gərəkj fədakar olsun,
Böylə mövsümdə yatan kimsələrə ar olsun.
-deyirdi.
Səhhət qeyrətli, namuslu vətən övladlarını vəsf etsə də, onların halına acısa da xalqın azadlığı uğrunda aparılacaq mübarizənin yollarını bilmirdi. O, bir xəyalpərvər idi, ideal cəmiyyət uğrunda mübarizəsi məhdud idi. Və dünyagörüşü məhdud olduğundan onun dinə və həyata münasibətində bir sıra ziddiyyətli məqamlar vardır. 1905 - il burjua demokratik inqilabı Səhhətin yaradıcılığında müəyyən dəyişilik yaratsa da bütövlükdə şair romantizmin təsirindən qopub ayrıla bilmədi. Səhhətin həyat və fəaliyyətini öyrənmək üçün ən yaxşı vasitə onun şerləridir. Bu şerlərlə tanış olunca onun necə çətin həyat yaşadığının şahidi oluruq.
Fikri ali, bədəni xar, zəlil,
Adı Səhhətkən özü xəstə, əlil.
Qanlı əllərlə tıxanmış nəfəsi,
Bağırır, çıxmayır amma ki nəfəsi.
Səhhət həkim olsa da başa düşürdü ki, xalqına mənəvi sağlamlıq elə fiziki sağlamlıq qədər vacibdir. Ona görə də həkimliklə yanaşı müəllimlik də edirdi. Harada yaşamasından asılı olmayaraq vətən onu daima özünə çəkirdi.
Şişə çəksəz də diriykən ətimi,
Atmaram mən vətənü millətimi.
Elə bu vətənpərvərliyinin nəticəsidir ki, Səhhət bu gün nəinki yaşlı oxucular üçün, hətta məktəbli cocuqlar üçün də əzizdir. Onun dillər əzbər olan şerləri bu gün də sevilə-sevilə oxunur.
Azərbaycan romantizm cərəyanının görkəmli nümayəndələrindən biri də H.Caviddir. Lakin o, digər romantik şairlərdən köklü surətdə fərqlənir. Belə ki, şair digər romantiklər kimi ruh düşkünlüyünə qapılmır, həyatla mübarzədə aciz qalmır. Belinski yazırdı: "Hər bir insanın köksündə romantizmin sehirli mənbəyi gizlənmişdir; duyğu və məhəbbətsə romantizmin başlıca təzahürü və təsiridir. Həmin səbəbdən də demək olar ki, hər bir insan romantikdir". Tanınmış rus tənqidçisinin sözlərinə bunu əlavə etmək istərdik ki, fərdin tamamilə romantik və ya tamamilə realist olması mümkün deyildir. Hər bir romantikin daxilində realist hisslər və ya əksinə olur.
Cavid deyirdi ki, həyatla insanlar arasında uçurum o zaman yox olacaq ki, ədalətli bir cəmiyyət yaransın. Amma bu cəmiyyət hansı yolla yaradılsın? Bax, Cavidin yaradıcılığında bu suala cavab tapmaq çətindir.
Cavidin qəhrəmanlarının əksəriyyəti həyatla mübarizədə acizdir. Onlar qəmi, kədəri atıb bu fani dünyadan uzaqlaşmaq, zülmün əsla olmadığı bir ədalətli cəmiyyət arzulayırlar. Burada eybəcər dünyanı üsyanla devirməkdən əsla söhbət getmir. Bəs bu ideal dünyanı kim qurmalıdır? Burada heç bir zəhmət çəkmədən başqaları tərəfindən yaradılan bir dünyanı mənimsəməkdən söhbət gedir. Hər şeyi Allahın ümüdünə bağlayan şair bu ideal dünyanın yaranmasını da ondan diləyirdi.
Mənim H.Cavid yaradıcıığını köklü təhlil etməyə imkanım olmasa da deməliyəm ki, Cavid xalqımızın böyük quruculuq işlərindən, qəhrəmanlarından söz açmır. Yalnız "Ana" dramında mətin iradəyə malik, mərd bir Azərbaycan anasının obrazını yaradır. Cavid bir azərbaycan şairi olmaqdan daha çox bir türk şairidir. Lakin, o, nədən yazırsa yazsın əsərlərində bir millilik, bir azərbaycançılıq duyulur.
Cavidin romantizmi həm də tarixi romantizmdir. Bu mənada onun tarixi dramı olan "Əmir Teymur" üzərində bir anlıq da olsa dayanmaq istəyrəm. Cavid özünün ədalətli hökmdar arzusunu bu əsərində yaratmağa səy edir. Lakin, Cavidin tarixə baxışı obyektivdir. Əmir Teymur tarixdə necə varsa o cür də təsvir olunur. O, bütün yaxşı cəhətləri ilə yanaşı həm də qəddar və zalım bir hökmdardır.
Teymur Avropa ölkələrinin fitvasına uyub qocaman Osmanlı imperiyasını çökdürdü. Sonucundan isə xristian ölkələri qazandı. Sonda, onlar əsrlərdən bəri türkü türkün əli ilə məhv etmək arzularını reallaşdırdılar. "Əhaliyi incidən bir hakim yavrusunu parçalayan bir heyvan qədər şüursuzdur" - deyən Teymurun timsalında şair idal cəmiyyəti idarə edəcək bir hökmdar surəti yaratmağa çalışır. Əmir Teymuru bütün mənfi və müsbət cəhətləri ilə verə bilir. Cavidin gözündə əsil ideal hökmdar o şəxsdir ki, o yer üzünü qandan təmizləsin.
Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur yer üzünü.
Cavidin dili Hadi qədər çətin olmasa da hər halda dövrünün şairlərinin dilinə nisbətən çətindir. Bu da müasir oxucu üçün müəyyən çətinlik yaradır. Şerləri "müztərib", "təməllüq" kimi məsdər tərkiblərini (ərəb dilində) anlamaqda oxucu çətinlik çəkir.
H.Cavid ədəbiyyat xəzinəmizi ölməz əsərləri ilə zənginləşdirib. Bu əsərlərin hər biri bir şedevr sayılır və min illər keçsə də öz aktuallığını itirməyəcək. Çağdaş dövrümüzdə də bir çox romantik şairlərin, yazarların əsərlərində adlarını sadaladığımız, və yaradıcılıqlarının müəyyən məqamlarına diqqət çəkdiyimiz ədiblərin təsiri açıq-aşkar hiss olunur.
Yeqzar Cəfərli
Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyətin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Azərbaycan ədəbiyyatında müasir yaradıcılıq cərəyanlarının izlənməsi və təhlilinə dair təşəbbüslər" layihəsi çərçivəsində çap olunur.