Dostluq etməyi bacaran adam - dostum İsa Əliyev

    Kim nə deyir desin, vallah yuxuda böyük sirr var. Mən onun ölümünü  yuxuda görmüşdüm.Heç kəsə demək istəmədim. Bir bəhanə ilə evlərinin başına dolandım. Həyət-bacada qeyri-adi  heç nə görmədim.Zəng eləməyə cürət etmədim: son vaxtlar bir az nasaz olduğunu bilirdim. Qardaşım bizə gəlmişdi.Yuxumu yavaşca ona  danışdım. Zəng etməyi məsləhət gördü. Nə isə... telefonu döyəcləməyə əlim gəlmədi.

Səhəri işdə  saytlarıarı  araşdıranda ölüm xəbərini eşitdim. Soyadını səhv yazmışdılar. (İsanın soyadı qardaşının soyadı iləeyni deyildi).Təki ölməyini səhv  yazaydılar.

Əvvəllər Şamaxıya aid olan Poladlı kəndinə - dünyadan vaxtsız köçmüş tələvə yoldaşım Ələkbər müəllimin oğlu Şəhriyara zəng etdim, İsa müəllimin dünyadan köçdüyünü ona xəbər verdim, ondan      tələbə  yoldaşlarımızın, Əbülfəz Məmmədovun, Akif Axundovun  və başqalarının  telefon nömrəsini istədim.(Mən telefon nömrələrini, adətən,ayrıca bir dəftərə yazıram). Bilmirəm nədəndirsə, insanlar yaxın dostlarını son mənzilə yola salanda bir-birini qısa bir zamanda axtarıb tapırlar.Şəhriyarın bu işdə mənə kömək edəcəyinə inanırdım.

İsa Əliyev  fakültəmizin ən  maraqlı tələbələrindən idi. Əsgərlikdən qayıdandan sonra  Azərbaycan Dövlət Universitetinin  filiologiya fakültəsinin qiyabi şöbəsinə daxil olmuşdu. Ana dili ilə yanaşı, rus dilini  də yaxşı bilirdi.Əvvəllər  biz elə bilirdik ki, şəhər uşağıdır, sonra məlum oldu ki, kənddə böyüyüb, kənd həyatını hamıdan yaxşı bilir. Rusca və Azərbaycan dilində yaxşı lətifə danışmağı var idi. Bəzən zarafatla deyirdi ki,Moskvaya istirahət evlərinə gedəndə Nəsiminin və Fuzilinin qəzəllərini məclislərdə rus dilinə tərcümə etməyi də bacarır.Bu da həmin məclislərdə onun hörmətini qaldırırmış.Biz İsanın bu bacarığına qibtə edirdik.

İki dildə sərbəst danışmağını və yazmağını nəzərə alaraq, səhv etmirəmsə,  ona "M.Şoloxovun əsərlərinin Azərbaycan dilinə tərcümə tarixindən"  mövzusunda  diplom işi yazmağı məsləhət görmüşdülər.Düşündü, daşındı, təklifi qəbul etdi.  Diplom  rəhbəri görkəmli ədəbiyyatşünas alim,  atamın yaxın dostu Hidayət Əfəndiyev idi. 

Hidayət müəllimlə söhbəti tuturdu, tez-tez onun "Monolit" dəki (M.Ə.Sabirin heykəli ilə üzbəz binadakı )  evinə gedir, elmi rəhbərindən dəyərli məsləhətlər alırdı. Hidayət Əfəndiyev İsanı alim görmək istəyirdi. İsanın isə fikri başqa idi; o, istehsalata meyilli idi, fikri həmkarlar ittifaqının xətti ilə  ucalmaq idi. Belə də oldu.İsa ADU-nu qurtarandan bir müddət sonra Montin adına neft maşınqayırma zavodunun həmkarlar təşkilatının  sədri seçildi. Zavodda fəhlələrin mənzil şəraitinin yaxşılaşdırılması, onların zavoda yaxın ərazidə mənzillə təmin olunmaları üçün var qüvvə ilə çalışırdı. Özünün mənzil şəraiti o qədər də yaxşı deyildi: rus qonşusu ilə üçotaqlı mənzilin  balaca bir bir otağında qalırdı.Bu otağı vaxtilə partiya işçisi olan atası Mərkəzi Komitədən mükafat kimi almışdı.

Bir müddətdən sonra İsaya da Lenin prospektində(indiki "Azadlıq" prospektində çoxotaqlı mənzil verdilər. Artıq onun uşaqlarının yaxşı şəraitdə təhsil almaları üçün yaxşı şəraiti var idi.    

Böyük qızı ADU-nun şərqşünaslıq fakültəsinə daxil olmuşdu.İsanın uçmağa qanadı yox idi.

İsa mənim ən sadiq dostlarımdan biri idi, bəlkə də birincisi idi.Mən həmişə  onu özümə böyük qardaş bilmişəm. Məndə İsanın  iki böyük hədiyyəsi var. Bunlar elə hədiyyələrdir ki, onlar həmişə, hər gün mənə İsanı xatırladır. Onlardan biri  Azərbaycan SSR Elmlər Akademiyası Nizami adına Ədəbiyyat və Dil İnstitutunun 1967-ci ildə nəşr etdirdiyi "Ərəb və fars sözləri lüğəti"dir. Bu lüğət Azərbaycan klassik ədəbiyyatını oxumaq üçün nəzərdə tutulmuşdur. Mən hər gün bu kitabdan-hələlik lüğətçilik tariximizdə analoqu olmayan ensiklopedik nəşr hesab etdiyim kitabdan istifadə edirəm.Deməli, mən hər gün böyük qardaşımla söhbətləşirəm,  onunla fikir mübadiləsi  aparıram.

Bir gün İsa mənə zəng etdi ki,  "bəs, qızım ali məktəbi qurtarıb,onu səfirliyə işləməyə dəvət edirlər, sənə verdiyim kitabı mənə qaytar". Doğrusu, pərt oldum, hədiyyəni geri istəmək  nə deməkdir? İsa onda Xətayi Rayon İcra Hakimiyyətində şöbə müdiri işləyirdi: zəhmətkeşlərin mənzil məsələləri ilə məşğul idi. 

Kitab mağazsından "Fars dilinin qrammatikası " adlı bir kitab alıb,onun iş yerinə getdim. Xoş-beş, görüşüb, söhbətləşdik, ordan -burdan danışdıq, söhbət "Ərəb və fars sözləri lüğəti"nə çatanda,"Fars dilinin qrammatikası"nı  ərkyana onun  yazı masasının  üstünə atdım. "Sənə lüğətin əvəzinə, qrammatika gətirmişəm" deyəndə İsa özünəməxsus şəkildə gülüb, "cənə bir kitab da hədiyyə verirəm- dedi,amma bir şərtlə, söz ver ki,  bükülünü evdə açacaqsan".  

Söz verdim.

İsanın orijinallığı çox idi .Bildim ki, mənə nə isə bir sürpriz hazırlayıb. Evə gələndə bükülünü açdım, içindən əl dəyəndə ovxalanan bir kitab çıxdı:  bu, Sultan Məcid Qəniyevin(Qənizadənin-N.N.) 1922-ci ildə  "Azpoliğraf   Trestinin nəşriyyatı tərəfindən Birinci Hökumət mətbəəsində çap edilmiş  500 səhifəlik  "Rusca-türkcə lüğət "  idi. Bu nadir nəşrə görə İsaya zəng etdim, təşəkkürümü bildirdim. Sən demə, "Ərəb və fars sözləri lüğəti"ni istəməkdə İsanın məqsədi məni  iş yerinə çağırmaq və məni  yeni hədiyyə ilə, çoxdan istəyində olduğum kitabla sevindirmək imiş.

Maraqlı burasıdır ki, İsa bu  kitabı süpürgəçilərdən alıbmış: onlar bu kitabı  atmaq istəyirlərmiş.

Beləliklə,İsa tarixdə tarixi bir səhvi düzəltmiş, lüğətçiliyimizdə  şərəfli yer tutan bir kitabı  nadan adamlardan xilas edə bilmişdi.

İsanın bədii obrazını mən yaratmışam. "Bakı" və "Baku" qəzetlərinin ştatdankənar müxbiri kimi  onun haqqında  "Beşilliyin qəhrəmanları" rubrikasında  bir yazı çap etdirmişdim. O vaxtlar İsa Azərbaycan Respublikasının ən yaxşı tokarlarında biri hesab olunurdu:Montin adına neft maşınqayırma zavodunda tokar işləyirdi.Yazı qəzetin redaktoru Nəsir  İmanquliyevin  də xoşuna gəlmişdi.

İkinci yazını, səhv etmirəmsə, Azərbaycan radiosunun müxbiri Telli  adında  yaxından tanımadığım bir istedadlı  qız  yazmışdı.Bu yazı dinləyicilər tərəfindən daha yaxşı qarşılanmışdı.(O vaxtlar radio verilişlərinə maraq indikindən çox-çox artıq idi). Telli xanımın yazısı   İsanı daha da məşhurlaşdırmışdı. İsa Telli xanımı hər yerdə tərifləyirdi.Bir dəfə radioda Telli xanımla rastlaşanda , İsa  jurnalist  Telli xanıma öz təşəkkürlərini bildirir.Telli xanım da "Sizi  yazımda tərifləyəndən sonra elçilərimin sayı xeyli artıb " deyə onun təşəkkürünə təşəkkürlə cavab vermişdi.

İsa Əliyev dünyasını dəyişdi,onu dünənki(31.03.2014) yaz günündə Mehdiabad qəbirstanlığında dəfn etdilər.

Qızlarının , nəvələrinin, qohum-əqrəbalarının canı sağ olsun.

İsanı  son mənzilə yola salmağa yüzlərlə adam gəlmişdi.Hamı  həyatda  dostluq etməyi  və  dostluğu qiymətləndirməyi bacaranİsanın dünyadan köçməsinə təəssüflənirdi.

Əlvida, əziz dost, əlvida...

        Nazim Nəsrəddinov
 
    Bakı, 01.04.2014.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31