Uçan bina Cavid Bayramlının arzularını tar-mar etdi

Cavid Bayramlının vəfatı ilə bağlı Azərbaycan Rəssamlıq Akademiyasında anım tədbiri keçirilib

Bakının Nərimanov rayonunun Heydər Əliyev prospektində sökülməkdə olan binanın uçması nəticəsində həlak olan Azərbaycan Rəssamlıq Akademiyasının 4-cü kurs tələbəsi Cavid Bayramlının Akademiyada anım tədbiri keçirilib. Cavid Bayramlının ruhuna bir dəqiqəlik sükutdan sonra mərasimi giriş sözü ilə açan Akademiyanın rektoru Ömər Eldarov Cavidin istedadlı bir tələbə olduğunu vurğulayıb: "Hadisə baş verdi və Cavid həyatını itirdi. Çox faciəli bir hadisədir. O, istedadlı oğlan idi. Onun şəkli Akademiyanın qarşısında qoyulacaq. Danışmaq çox çətindir." Dekorativ və Tətbiqi Sənət kafedrasının dekanı İmran Kərimov Cavidin əl işlərindən ibarət sərginin təşkil ediləcəyini deyib. Akademiyanın müəllimi Saleh Məmmədov isə tələbəsinin ölümünə bais olan binanın uçmasında məsuliyyətsizlik edildiyini söyləyib: "Sadə adamlardan birini itirməmişik. Biz gələcəyin böyük bir rəssamını itirmişik. Onların məsuliyyətsizliyi tələbimizi bizdən aldı".
Akademiyanın Tələbə Gənclər Təşklatının üzvləri, onun tələbə yoldaşları C. Bayramlının diplom işi üçün mövzu götürdüyünü və onun adının "Xocalı"olduğunu dedilər: "O, keramika bölməsində oxuyurdu. Diplom üçün mövzu götürmüşdü. Atası da keramikaçı olub. Amma tez rəhmətə gedib. O, atası ilə bağlı mövzunu yox, Xocalı mövzusunu götürmüşdü." C. Bayramlının tələbə yoldaşları ANSPRESS-in müxbirinin verdiyi ağ kağıza onunla bağlı fikirlərini yazdılar.

- Əvəzolunmaz insanı itirdik. Sözün əsil mənasında, qardaşımız idi. Heç bir söz onu geri qaytarmır, nə də ki çəkdiyimiz ürək ağrısını yox etmir. Biz onun üçün çox darıxırıq.

- Tanıdığım ən gözəl insan idi. Akademiya onsuz Akademiya deyil. O həmişə bizim ürəyimizdə olacaq. Cavid çox gülərüz və mehriban oğlan idi. Allah yerini cənnətlik etsin.

- Çavid sən həmişə ürəyimizdə qalacaqsan. Sənin yoxluğuna inana bilmirik və inanmaq da istəmirik. Sənin kimi insanı itirmək doğrudan da çox çətindir. Sən buna layiq deyildin. Allah sənə rəhmət eləsin.

- Bizim Cavid getdi. Təkliyə öyrəşdinmi? O yorğanın altında üşüyürsənmi? Hələ də buna inana bilmirik, sən haqsız olaraq getdin. Hanı o sual işarəsi ilə "alo" deməyin? Bunu bir daha eşitməyəcəyik. Bu çox böyük bir dərdir.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl Bakının Nərimanov rayonunun Heydər Əliyev prospektində sökülməkdə olan binada uçqun baş verib. Binanın 4 mərtəbəsi yol tərəfə aşdığından dağıntılar altında bir neçə maşın qalıb. Tanınmaz hala düşən 2 nəfər maşının içərisindən çıxarılıb. Sonradan ölən iki nəfərin adları məlum olub. Bunlar - Bakı sakinləri - 1992-ci il təvəllüdlü Bayramlı Cavid Ədalət oğlu və 1988-ci il təvəllüdlü Ələkbərov Asiman Salman oğludur.

Allah rəhmət eləsin!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31