Zərdüşt. Xeyir və Şərin əbədi mübarizəsi- Dogru fikir

Loqos     

                                                          Firuz Mustafa

                                         Avesta 

                                              (2-ci yazı)                                    

"Еy Ahura Məzda, işıqlı səhər nə vaхt gələcəк və  bəşər nəsli haçan dоğruluğa üz tutuacaq?"

                   "Avesta"dan

Zər­düştlük Şərq fəl­sə­fə­si­nin əsas qol­la­rın­dan bi­ri ki­mi dün­ya ic­ti­mai fik­ri­nin tə­ka­mül və tə­şək­kü­lün­də mü­əy­yən ta­ri­xi rol oy­na­mış­dır. Tam qə­tiy­yət his­si ilə de­mək olar ki, an­tik dövrdən baş­la­ya­raq ta bi­zim gün­lə­rə qə­dər elə bir gör­kəm­li fi­lo­sof ol­ma­mış­dır ki, bir­ba­şa və ya do­la­yı­sı yol­la "Aves­ta"ya, bu bö­yük abi­də­də irə­li sü­rü­lən ide­ya­la­rın şər­hi­nə  to­xun­ma­sın.

Zər­düş­tün ba­xış­la­rın­da ide­a­liz­min, həm də əsasən ob­yek­tiv ide­a­liz­min mü­əy­yən rü­şeymlə­ri gö­rün­mək­də­dir. Zər­düşt yax­şı ba­şa düş­müş­dür ki, in­sa­nın ya­şa­dı­ğı aləm fa­ni­dir, ke­çi­ci­dir. La­kin bu ötə­ri dün­ya­da Xe­yir­lə Şə­rin mü­ba­ri­zə­si əbə­di­dir. Əl­bət­tə, Zər­düş­tün ba­xış­la­rı­nı tam sis­tem­li ide­a­list dün­ya­gö­rü­şü ki­mi qiy­mət­lən­dir­mək də səhv olardı. Biz bu­nu ol­sa-ol­sa, necə deyərlər,  "ib­ti­dai ide­a­lizmin" rüşeymləri he­sab edə bi­lə­rik.

Hər bir cə­rə­yan, tə­səv­vür və ba­xı­şın,  ha­be­lə di­ni təli­min  ya­ran­ma­sı konkret amil­lər­lə bağ­lı­dır. Qə­dim dün­ya­nın ən ge­niş ya­yıl­mış, güc­lü, qüd­rət­li din­lə­rin­dən bi­ri­nin - Zər­düştlü­yün ya­ra­nıb pər­və­riş tap­ma­sı­na, öz döv­rü­nün "ana din­lə­rin­dən" bi­ri sə­viy­yə­si­nə yük­səl­mə­si­nə sə­bəb nə ol­muş­dur? Məlum­dur ki, qə­dim əc­dad­la­rı­mı­zın si­ta­yiş et­di­yi, ina­nıb ta­pın­dı­ğı ha­di­sə və ci­sim­lər, can­lı­lar və bit­ki­lər aləmi, uzun əsr­lər bo­yu ila­hi­ləş­di­ril­miş, mü­qəd­dəs tu­tul­muş­dur. İb­ti­dai in­sa­nın tə­səv­vü­rün­də hər bir tə­bi­ət ha­di­sə­si­nin ar­xa­sın­da ruh  da­yan­mış,  hər bir ci­sim can­lı bir vü­cu­da çev­ril­miş­dir. Bu cür ani­mist tə­səv­vür­lər mi­fik tə­fək­kür üçün xa­rak­te­rik hal idi. Tə­bi­ət önün­də hey­rə­tə gə­lən, qəm­lə­nən, se­vi­nən in­sa­nın to­te­mist gö­rüş­lə­ri­nin təd­ri­cən tək­mil­lə­şib ya­yıl­ma­sı da elə hə­min döv­rə tə­sa­düf edir. Tə­bii hal­dır ki, tə­bi­ə­tə be­lə kor­tə­bii pə­rəs­tiş ye­ni din­lə­rin, inancla­rın, inam­la­rın ya­ran­ma­sı üçün ilk tə­kan, ilk zə­min ol­muş­dur. Bu, elə bir dövr idi ki, in­san­lar öz­lə­ri­nin ilk si­ta­yiş ob­yektlə­ri­ni - öz Al­lah­la­rı­nı ya­rat­ma­ğa baş­la­mış­dı­lar.

Al­lah­la­rın ya­ran­ma­sı döv­rün öz zə­ru­ri "tə­lə­ba­tın­dan" irə­li gə­lir­di.

Be­lə­lik­lə, qə­dim dün­ya­nın ilk din­lə­rin­dən bi­ri öz va­hid Xe­yir Al­la­hı­nı ya­rat­dı: bu, Hör­müz (Ahu­ra Məz­da) idi. Biz­cə, Zər­düştli­yin mey­da­na gəl­mə sə­bəb­lə­rin­dən ən baş­lı­ca­sı elə bu faktda ax­ta­rıl­ma­lı­dır: ço­xal­lah­lı­lıq­dan tə­kal­lah­lı­ğa ke­çid­də.

Zər­düştlük əv­vəl­ki di­ni tə­səv­vür­lər­dən və özün­dən son­ra­kı di­ni təlim­lər­dən əsas­lı şə­kil­də fərqlə­nir. Bu fərq Zər­düş­tün hə­yat ha­di­sə­lə­ri­nə mü­na­si­bə­ti ilə bağ­lı­dır. Doğ­ru­dur, Zər­düş­tün təli­min­də ar­dı­cıl­lıq, sis­tem­li­lik yox­dur. Onun ide­ya və mü­la­hi­zə­lə­rin­də zid­diy­yət­lər də az de­yil­dir. Qat­lar­dan bi­rin­də mü­da­fiə edi­lən fi­kir di­gə­rin­də tən­qid edi­lir. Zər­düş­tün öyüd və nə­si­hət­lə­rində mən­tiq­dən uzaq fi­kir­lər də çox­dur. Bu isə tə­sa­dü­fi sə­ciy­yə da­şı­mır. Çün­ki, əv­və­la, "Aves­ta" əsrlər bo­yu də­fə­lər­lə "re­dak­tə­yə" məruz qal­mış, ikin­ci­si, zər­düştlü­yün özü ar­dı­cıl nə­zə­riy­yə ki­mi for­ma­laş­ma­mışdır, üçün­cü­sü isə, abi­də­nin ya­ran­dı­ğı dövrdə ka­mil, ide­al əsə­rin ya­zıl­ma­sı­na inam bəs­lə­mək düz­gün ol­maz­dı.

"Aves­ta" döv­rü şu­mer-ba­bil ədə­biy­ya­tı ba­rə­də söh­bət açan ta­rix­çi alim İ.S.Ko­loç­kov gös­tə­rir ki, hə­min ədə­biy­yat­da­kı "fəl­sə­fi" mü­ha­ki­mə­lə­ri öyüd-nə­si­hət­lər, ata­lar söz­lə­ri, mə­səl­lər, mü­ba­hi­sə-di­a­loq­lar, di­dak­tik nəzm və s. təş­kil edir­di. Söy­lə­ni­lən mü­la­hi­zə­lə­ri "Aves­ta"nın da bü­tün ma­hiy­yət və struk­tu­ru­na aid et­mək olar. Əsə­rin "fəl­sə­fi" qa­yə­si­ni Zər­düş­tün öyüd və öyünclə­rin­də, Hör­müz və Əh­ri­mə­nin qar­şı­lıq­lı mü­na­si­bə­ti­ni ifa­də edən kə­lam­lar­da, Xeyirlə Şə­rin mü­ba­ri­zə­si­nin təh­li­lin­də və s. ax­tar­maq la­zım­dır.

Qeyd et­di­yi­miz ki­mi, dün­ya ic­ti­mai fi­kir ta­ri­xi­nin in­ki­şa­fında  bu bö­yük abi­də mü­əy­yən rol oy­na­mış­dır.

"Aves­ta"nın Qərbə gəlişi də maraqlı olmuşdur. İlk Avesta mətni ("Videvdad-sadə") 1723-cü ildə Oksford universitetinin kitabxanasına daxil olub. Əvvəllər bu yazını heç kəs oxuya bilməyib. Yalnız 1755-ci ildə gələcəyin böyük fransız alim Anketil Düperron Hindistana adi bir əsgər kimi  gedərkən həmin əsərlə tanış olub. 1762-ci ildə Düperron Fransaya qayıdarkən Kral kitabxanasına bu mətnlərlə yanaşı onlarla əsər təhvil vermişdir. Beləliklə, 1771-ci ildə mətn ilk dəfə fransız, 1976-cı ildə isə Riqada alman dilində çap olunub.

Alman Şairi Höte (1749-1832) özünün "Qərb-Şərq divan"ında "Avesta"nın əsas mahiyyəti kimi işığın  zülmət üzərindəki qələbəsini qeyd edir.

Psixofizik paralelizmin banisi Teodor Fexner də bu əsərin ideyasından bəhs etmiş, Xeyirin Şər üzərində qələbə çalmasından vəcdlə söhbət açmışdır.

Tək­cə qədim dövr mü­tə­fək­kir­lə­ri de­yil, həm­çi­nin ye­ni və ən ye­ni dövr Qərb fi­lo­sof­la­rı, klas­sik al­man fəl­sə­fə­si­nin gör­kəm­li nü­ma­yən­də­lə­ri İ.Kant (1724-1804),  G.V.He­gel (1770-1831),  L.Fe­yer­bax (1804-1872) Şərq fəl­sə­fə­si­nə, o cüm­lə­dən "Aves­ta"ya bö­yük ma­raq gös­tər­miş­lər.

Kan­tın "Xa­lis zə­ka­nın tən­qi­di" (1781-ci il) əsə­ri­nin ma­hiy­yə­ti­ni təş­kil edən an­ti­no­mi­ya­lar Zər­düş­tün iki əks baş­lan­ğıc haq­qın­da­kı qə­na­ət­lə­ri­ni xa­tır­la­dır. Məlum ol­du­ğu ki­mi, Kant şey­lə­rin öz-öz­lü­yün­də ol­du­ğu ki­mi ("şeyözün­də") dərkedil­mə­di­yi­ni söy­lə­miş, yal­nız bi­zim təc­rü­bə­miz­də tə­za­hür edən şey­lə­rin dərk edil­di­yi­ni id­dia et­miş, öz an­ti­no­mi­ya­la­rı­nın bü­tün dövr və ha­di­sə­lər üçün qeyd-şərtsiz məq­bul ol­du­ğu­nu söy­lə­miş­dir. Həmin antinomiyalarda Kant deyirdi ki, dün­ya son­lu­dur - dün­ya son­suz­dur;  hər şey sa­də­dən iba­rət­dir - sa­də  olan heç şey yox­dur; azad­lıq möv­cud­dur - azad­lıq yox­dur və möv­cud ola bil­məz, de­mə­li, müt­ləq məna­da əbə­di və son­suz olan da yox­dur.

Zər­düş­tə gö­rə də hər şey yu­xu ki­mi ke­çi­ci­dir, yer üzün­də əbə­di qa­lan yal­nız Al­lah­dır, Xe­yir­dir.

Öz ya­ra­dı­cı­lı­ğı bo­yu Şərqdə mə­də­niy­yə­tin, si­vi­li­za­si­ya­nın in­ki­şa­fı­nı in­kar edən He­gel də "Aves­ta" ya bö­yük ma­raq gös­tər­miş­dir. Al­man ide­a­list fəl­sə­fə­si­nin ən bö­yük nü­ma­yən­də­si işıq­la zül­mə­tin mü­ba­ri­zə­si­nin rəm­zi ma­hiy­yə­ti­nə var­mış,  Zər­düştlü­yü haq­lı ola­raq na­tu­ra­list-tə­bi­ət di­ni he­sab et­miş­dir. He­ge­lin "Aves­ta" ilə bağ­lı mü­la­hi­zə­lə­rin­də­ki ən baş­lı­ca qü­su­ru zər­düştlü­yü ta­ri­xi in­ki­şaf­dan təc­rüd olun­muş  şə­kil­də nə­zər­dən ke­çir­mə­sin­də­dir. He­ge­lə gö­rə, Şərq bə­şə­riy­yə­tin uşaq­lıq ça­ğı­nı ya­şa­mış və bu çağ­da da do­nub qal­mış­dır, o, hər cür in­ki­şaf­dan ara­lı düş­müş­dür.

La­kin Şərq  fəl­sə­fə­si, elə­cə də "Aves­ta" He­gel ya­ra­dı­cı­lı­ğın­dan iz­siz ötüb keç­mə­miş­dir. Təd­qi­qat­çı­la­rın əsas­lı mü­la­hi­zə­lə­ri­nə gö­rə, fi­lo­so­fun baş­lı­ca ide­ya­sı­nın - əkslik­lə­rin vəh­də­ti və mü­ba­ri­zə­si qa­nu­nu­nun for­mu­la­sı Zər­düşt təli­min­dən qi­da­lan­mış­dır. Axı iki baş­lan­ğı­cın - Xe­yir­lə Şə­rin, işıq­la zül­mə­tin mü­ba­ri­zə­si - əksli­yin vəh­də­ti və mü­ba­ri­zə­si qa­nu­nu, bir qə­dər ib­ti­dai şə­kil­də ol­sa da Zər­düşt tə­rə­fin­dən bə­yan edil­miş­dir. Həm də bu cür ib­ti­dai təlim - "Aves­ta"nın bü­tün məğ­zi­ni, "Aves­ta" döv­rü­nün bü­tün so­si­al mən­zə­rə­si­ni özün­də eh­ti­va edir.

La­kin "Aves­ta"nın şər­hi al­man fəl­sə­fə­si­nin klas­sik nü­ma­yən­də­lə­ri­nin for­mu­lası ilə məh­dud­laş­ma­mış­dır. Bü­tün nə­həng fi­kir abi­də­lə­ritək hə­min əsər də özü­nün əbə­di  ya­şa­rı öm­rü­nü müx­tə­lif mü­ba­hi­sə rakursla­rı qov­şa­ğın­da da­vam et­dir­mək­də­dir.  Zər­düştlük bə­şə­ri ma­hiy­yət da­şı­yan bir əsər ki­mi təh­lil olun­maq­la ya­na­şı, çox­dan­dır ki, mür­tə­ce ov­qat­lı ide­o­lo­gi­ya­nın, an­ti­hu­ma­nist po­zi­si­ya­lı so­si­o­lo­gi­ya­nın da diq­qə­ti­ni cəlb et­mək­də­dir. Abi­də­nin bu cür şər­hi­nə da­ha qa­ba­rıq şə­kil­də ən ye­ni dövr al­man fəl­sə­fə­sin­də, xüsusən Nitsşe yaradıcılığında daha tez-tez tə­sa­düf olu­nur ki, bu da ayrı bir söhbətin mövzusudur.

Nə qədər güc və dözümüm varsa,dоğru yоla gеtməyi insanlara öyrədəcəyəm".

"Avesta"dan

"Avesta" dünya ədəbi-fəlsəfi fikir tarixində əzəmətli bir yer tutur. "Bəşəriyyətin uşaqlıq çağında" yaranan bu nəhəng abidənin vətəni haradır? O, nə vaxt meydana gəlib? Onun konkret müəllifi olmuşdurmu? "Avesta" hansı dildə yazılıb? Onun Azərbaycan həyatı, ərazisi, regionu, məişəti ilə əlaqəsi hansı cəhətləri ilə üzə çıxır? Nəhayət, "Avesta"nın janr xüsusiyyətləri barədə konkret qənaətlər hasil etmək mümkündürmü?

Hər sualın önündə bir-birinə zidd (zidd və bəzən də bir-birini tamamlayan) yüzlərlə cavablar durmaqdadır. Lakin bu cavabların hər birinin öz gizli və aşkar məqsəd və təmənnasının, yönüm və baxımının mövcud olduğunu təsəvvürə gətirəndə "Avesta"nın konkret ünvan, mahiyyət və məzmunundan çox, mücərrəd yozumlarının daha geniş yayıldığını söyləməli oluruq. Əslində bu cür dolaşıqlıq və yanılmaların özü də bir növ qanunauyğun, "obyektiv"amillərlə bağlıdır. Axı "Avesta"nın yarandığı dövrün özü tarixin qatı dumanı, qalın pərdəsi altında qalmışdır. O pərdənin aradan qaldırılması bir çox həqiqətlərin aşkarlanmasına xidmət göstərmiş olar. Lakin bəşər nəsli öz keçmişindən uzaqlaşıb gələcəyə üz tutduqca tarix də, tarixə söykənc olan maddi və mənəvi mədəniyyət abidələri də öz ilkinliyini tədricən itirir, qəribə bir metamorfozaya uğrayır. Bu cür inkişaf və sürət  prosesində hər cür zaman anlayışı tarixə qovuşur, həm də təkcə keçmiş və indi deyil, elə gələcək də tarixə çevrilir. Bütün təkrarsız fakt və hadisələr kimi, "Avesta"nın özü və onun yarandığı dövr, onda vəsf və təsvir olunan zaman da keçmişlə gələcək arasındakı körpüyə çevrilir, insanın tale və yaddaş kitablarının pozulmaz sətirlərinə hopur. Bütün bunlar bir yana. Əsər gizli kod və rəmzlərlə zəngindir.

"Avesta" özünün meydana gəldiyi ərazidə, yəni Yaxın və Orta Şərq ölkələrində geniş yayılmış, həmin ölkələrin fikir tarixində möhkəm yer tutmuşdur. Bu ölməz abidə haqqında qədim yunan, Roma, İran, Suriya, o cümlədən Azərbaycan məxəzlərində söz açılmışdır. Tarixçilərin gətirdiyi faktlara istinad edərək deyə bilərik ki, hələ bizim eradan əvvəl IV əsrdə Makedoniyalı İskəndərin tapşırığı ilə o dövrün görkəmli alimi Feopomp zərdüştilərin fəaliyyəti, baxışları ilə yaxından tanış olmuşdur. Bizim e.ə. III əsrdə yaşamış məşhur tarixçi Permippin məlumatına görə "Avesta" mətni 2 milyon sətir (misra) olmuşdur. Miladdan əvvəlki bir çox yunan qaynaqlarında Zərdüştün məşhur filosof Platondan (Əflatundan) (b.e.ə. 429-344) təqribən 6 min il əvvəl (b.e.ə. 9-cu minillikdə) yaşadığı bildirilir.

Qərbin "Avesta" ilə tanışlığı nisbətən yaxın dövrə təsadüf edir. Əsərin Avropadakı tədqiqi ilə əlaqədar ingilis alimi Darmstetrin "Avesta"nın ingilis dilinə tərcüməsinə girişdə (həmin tərcümə alimin özünə məxsusdur) nisbətən ətraflı şəkildə yazılmışdır. ("Şərqin müqəddəs kitabları", 1980-cı il). Artıq qeyd etdiyimiz kimi, ilk "Avesta" mətni ("Videvdad-sadə") Oksford universitetinin kitabxanasına 1723-cü ildə daxil olub.  Amma son dövrün əksər tədqiqatlarında həmin tanışlığın bir xeyli müddət əvvəl XVII əsrdən başlandığını  göstərirlər. Bu mənada görkəmli filosof A.O.Makovelskinin qiymətli tədqiqatında həmin məsələ ilə bağlı qeyd edilən fikrin üstündən sükutla keçmək olmaz. Alim yazır ki, fransız B.Brissonun 1590-cı ildə çap olunmuş 3 kitabdan ibarət "Parslarin şahlıq hakimiyyəti haqqında" adlı əsərində yunan və roma mənbələri əsasında pars tarixinə aid bütün məlumatlar verilmişdir.  Həmin əsərin ikinci kitabı qədim perslərin adət, ənənə və dininə həsr olunmuşdur. Doğrudur, fransız aliminin əsərində Şərq abidəsi barədə heç bir söhbət açılmamışdır. Lakin məxəzşünasın toplandığı materialların "Avesta" ruhu ilə analoji yaxınlığı diqqəti cəlb edir.

Sonrakı dövrün, 17-ci yüzilliyin fransız, ingilis, alman, italyan səyahətçilərinin qeydlərində Zərdüştün dininin haqqında müəyyən məlumatlar verilmişdilər. Həmin dövrün fransız səyyahı Qabriel dü-Şinon bildirirdi ki, o, müxtəlif dillərdə qələmə alınıb yazıya köçürülmüş həmin Şərq abidəsini özü görmüşdür. Oksford universitetinin professoru Tomas Qaydin "Qədim perslərin, parfiyalıların və midiyalıların din tarixi"(1700-cü il) ingilis Corc Buçerin 1723-cü ildə İngiltərəyə gətirdiyi qədim surət (bu, "Avesta"nın bir parçası idi) Avropanın zərdüştiliyin öyrənməsində yeni mərhələ hesab olunmalıdır. Lakin bütün bunlara baxmayaraq  ilk böyük tanışlıq fransız alimi Angetil dü-Perronun adı ilə bağlıdır. Ömrünün on beş ilini "Avesta"nın tədqiq, təfsir və tərcüməsinə həsr edən görkəmli şərqşünas əsəri 1771-ci ildə Parisdə fransız dilində nəşr etmişdir. O vaxtdan etibarən, yəni 200 ildən artıq bir dövrdə "Avesta" dünya şərqşünaslarının tədqiqində mərkəzi yerlərdən birini tutmaqdadır.

"Avesta"nın saxlanmaqda olan ən qədim əlyazması XII-XIV əsrlərə aid olunur. "Avesta"nın hissələrindən birində, hətta konkret tarix də mövcuddur: 1278-ci il. Şübhəsiz ki, bu qədim abidə o dövrün mövcud danışıq dilinə tərcümə olunmuşdur. Bir sıra tədqiqatçıların nöqteyi-nəzərincə "Avesta" mətninin bəzi parçaları hələ o vaxtkı ölü dildə tərtib olunmuşdur. Bizcə, bu fikir doğru deyildir. Çünki "Avesta"nın tərcüməsi, toplanması qısa bir dövrə aid deyil. Yaranma prosesində əsərin dili və üslubu təkmilləşmiş, cilalanmış, öz ilkin dialekt formasını dəyişmişdir. Elə buna görə də əsərin mətnindəki bəzi "sirli nöqtələri" ölü dillərin ünvanına yazmaq ehtiyatsızlıqdır.

"Avesta" Şərq, xüsusən İran tarixşünaslığında sistemli şəkildə  Avropaya nisbətən gec tətbiq olunmağa başlamışdır. İran tədqiqatçılarından M.Tərbiyət, H.Tağızadə, Ə.Kəsrəvi, İ.Purdavud, S.Nəfisi, M.Müin, Ə.Hikmət və s. avestaşünaslığa dair bir sıra elmi əsərlərin müəllifləridirlər. Bu əsərlərdə obyekiv və subyektiv mülahizələr kifayət qədərdir. Görkəmli Azərbaycan (cənubi) alimi Məhəmmədli Tərbiyət "Danişməndane-Azərbaycan" adlı əsərində yazır ki, Zərdüşt "Avesta"nın ən qədim hissələrinin müəllifi, məzdəgizmin banisi və Azərbaycanın ən görkəmli şəxsiyyətlərindən olmuşdur. M.Tərbiyət öz fikirlərini əsalandırmaq üçün özündən min il əvvəl yaşamış Əbu-Reyhan Biruninin söylədiyi mülahizələrə istinad etmişdir.

Abidənin görkəmli tərcüməçi və tədqiqatçısı İbrahim Purdavud yazır ki, Zərdüşt Azərbaycanda anadan olmuş, "Avesta" Azərbaycan xalqına məxsusdur. Lakin İ.Purdavud, Zərdüştün anadan olduğu yer barədəki mübahisələrə də etinasız qalmamışdır. O, yazırdı: "Zərdüşt yunan mənbələrində Qazaka, ərəblərdə Cənzə, müasir dövrdə isə Taxte-Süleyman adlanan yerdə anadan olmuşdur. Elə bu səbəbə görə də Urmiya gölünün suyu həmin  dövrdə müqəddəs hesab edilmişdir. Cənzə atəşpərəstləri içərisində Azərxoş və yaxud Azərkəşəsb ən məşhur idi. Yaqut Həməviyə görə Cənzə Marağa ilə Zəncan, habelə Zur və Dinəvər şəhərləri arasında yerləşir. O şəxsən orada olan atəşgahları görmüşdür".

Purdavuda görə, vaxtilə "Avesta"nın bir nüsxəsi Azərbaycanın Şid şəhərində olan məşhur Azərkəşəsb atəşgahında, digər nüsxəsi isə Taxte-Cəmşiddə olan dövlət arxivində saxlanılmışdır. Bu istiqamətdə Azərbaycan tarixçisi A.Fazilinin "Azərbaycan qədim və ilk orta əsrlər tarixi İran tarixşünaslığında" adlı tədqiqat əsərində söhbət açıldığına görə biz "Avesta" ilə bağlı digər mülahizələr üzərində dayanmağı vacib bilirik. Və belə bir danılmaz faktı daim yaddaşımızın pozulmaz səhifəsinə yazmalıyıq ki, "Avesta" Azərbaycan ictimai-siyasi fikir tarixi, geniş mənada türk təfəkkür qatı, türkün milli idrak pilləsi ilə bağlı olan abidədir. Bu günəcən türk şifahi və yazılı nümunələrində Hörmüz, Əhriman, habelə Zərdüşt ilə bağlı deyilən fikirlər, onlara edilən müraciətlər, onların şərəfinə söylənən alqışlar "türk zərdüştliyindən" xəbər verir. Hərçənd ki, biz "Avesta"nı Şərq kontekstindən kənarda, "təmiz" bir əsər kimi tədqiq və təqdim etməyi də düzgün hesab etmirik.

Deyilənlərə yekun vuraraq belə bir qənaətə gələ bilərik ki, "Avesta"  ümumşərq abidəsidir və bu mənada bizim xalqımızın  ömür yolunun bir çox pozulmaz "ləpirləri" də məhz həmin abidədən keçir.

Hesab edirik ki, "Avesta" bizim mədəniyyətimizə və fikir tariximizə yad olan əsər deyildir. Az qala bütün klassiklərimiz birbaşa və dolayısı ilə  "Avesta"ya müraciət etmiş, ondan ilhamlanmış, onu vəsf etmiş, ondan nəyisə əxz etmişlər.

Elə buna görə də "Avesta"nı öyrənməyə, onu tədqiq etməyə dəyər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31