Pis xidmət göstərən turizm mərkəzlərinin adı açıqlanacaq

"Azərbaycanda turizmin infrastruktur baxımından inkişafı ümidvericidir".
Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Onun sözlərinə görə, hazırda turist mərkəzləri ilə bağlı monitorinqlər davam etdirilir: "İndi nazir müavini də şimal-qərb zonasındadır. Onun bir neçə otelə səfəri təşkil olunub. Ümumiyyətlə, hər bir müəssisə keyfiyyətli xidmətlər təqdim etməkdə maraqlı olmalıdır. Pis xidmətlər sıradan çıxmalıdır. Artıq belə faktlar var. Monitorinqdən sonra bu rəqəmlər və adlar açıqlanacaq".
Azərbaycanda turizmin infrastruktur baxımından inkişafının ümidverici olduğunu söyləyən nazir builki qiymətlərdən də danışıb: "Keçən il ondan əvvəlki ilə nisbətən 20 faiz endirim oldu. Bu il isə qiymətlər ötənilki kimi qalır. Amma sevindirici haldır ki, bir neçə müxtəlif dərəcələrə aid olan otellər, onlara verilən vəsaitin müqabilində yaxşı xidmət təklif edir. Biz orada çalışan kadrların peşə hazırlığını, dil biliklərini, rayonun potensialı ilə tanışlıqlarını və müəssisənin servisini yoxlayırıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31