“...Analoji problem bu gün Azərbaycanda mədəniyyət və incəsənət sahəsində də mövcuddur” - GƏNC AKTRİSA

Zümrüd Qasımova: “Tamaşaçı zalımız kiçik olduğundan və öz tamaşaçılarımızın sayəsində sözügedən problem bizim üçün o qədər də sivri deyil”

Müsahibimiz gənc aktrisa Zümrüd Qasımovadır.

-Zümrüd xanim, bu gün ölkədə fəaliyyət göstərən teatrların ümumi göstəricilərini necə xarakterizə edərdiniz?

-Əgər çağdaş teatr prosesini nəzərdə tutursunuzsa, düşünürəm ki, bu gün Azərbaycan teatrı özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkədə teatr fəaliyyətinin hüquqi bazasını formalaşdıran "Teatr və teatr fəaliyyəti haqqında" Qanun, "Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, Azərbaycan Respublikası Prezidentinin 18 may 2009-cu il  tarixli Sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı və digər hüquqi-normativ sənədlər paketi Azərbaycan teatrının inkişafı üçün münbit zəmin yaradır. Yeni düşüncə tərzinə, fərqli sənət təfəkkürünə malik istedadlı gənclərin biri-birindən maraqlı işləri meydana gəlir. Ən əsası, ölkənin bütün teatr-tamaşa müəssisələrində bu və ya digər dərəcədə inkişaf meylləri duyulmaqdadır. Bu proses nə ilə nəticələnəcək, teatr sənətinə nə verəcək, bunu zaman göstərər. Bir də ki, teatr sənətində çox zaman prosesin özü nəticədən daha önəmlidir.

-Etiraf etmək lazımdır ki, bu gün teatrlarda tamaşaçı qıtlığı var. Sizcə bu hansı amillərlə bağlıdır?

- Bu gün qəzetlər (5-6 qəzeti çıxmaq şərti ilə) ya ümumiyyətlə oxunmur, ya da ki, ancaq qəzetin işçilərinin qohum-əqrəbası və dost-tanışı tərəfindən oxunur. Sizcə, bu hansı amillə bağlıdır?  Dəvədən soruşurlar ki, boynun niyə əyridir? Deyir, haram düzdür ki? Mənə elə gəlir ki, analoji problem bu gün Azərbaycanda mədəniyyət və incəsənət sahəsində, hətta bir az da irəli gedib deyə bilərəm ki, bütünlükdə humanitar sferada mövcuddur. Nə ciddi kitab oxuyan var, nə ciddi musiqiyə qulaq asan, nə filmə (filmə ha, seriala yox!..) baxan. Sizcə, belə olan halda teatrları tamaşaçı qıtlığı yaşamaqda ittiham etmək nə dərəcədə korrektdir?  Başqa teatrlarla bağlı bir söz deyə bilmərəm, amma Yuğ Teatrının öz tamaşaçı kontingenti var. Tamaşaçı zalımız kiçik olduğundan və öz tamaşaçılarımızın sayəsində sözügedən problem bizim üçün o qədər də sivri deyil.

-Gənc kadrların hazırlanması, onlara səhnə mədəniyyətinin aşılanması yönündə Yuğ teatrı hansı işlər görür?

-Allah ustadım Vaqif İbrahimoğluna rəhmət eləsin. Müəllimim bizə deyirdi ki, mən aktyor yox, şəxsiyyətlər yetirirəm. Vaqif müəllim bizə, tələbələrinə birinci kursdan hər bir şeydən məlumat verirdi, bizi intellektual baxımdan da inkişaf etdirirdi. Biz hər zaman mütaliə edirdik. Freydən, Yunqdan, Kvan psixologiyasından, Lütfizadə və sairlərdən saatlarla danışırdı və bizə dinləməyi və gələcəkdə başqalarına bilgilərimizi ötürməyi öyrədirdi. Hal-hazırda Vaqif müəllimin yetişdirdiyi tələbələr, yəni mənim yaşıdlarımın hamısı bolqa teatrlarının baş rejissorlarıdı. İnanın mənə siz Azərbaycan teatrının inkişafını görəcəksiniz.  Tezliklə.  Çünki artıq bir məktəb var. O da Vaqif, İbrahimoğlunu cızdığı bir yol və məktəbdir

-Yuğ teatrı olaraq qarşıdakı mövsüm ərzində hansı tamaşaları izləyicilərə təqdim etməyi planlaşdırırsınız?

-Deyir, Allahı güldürmək istəyirsənsə, planların haqqında danış.  YUĞ Teatrı artıq 20 ildən artıq bir müddətdə Azərbaycan teatr məkanında var olan və özünəməxsus sənət yolu ilə seçilən bir teatrın adının mənasını izah etmək fikrindən uzağam. Maraqlananlar teatr haqqında ətraflı məlumatı kitablardan, elektron mənbələrdən və s. əldə edə bilərlər. O ki qaldı YUĞ Teatrının növbəti mövsüm üçün nəzərdə tutulan yaradıcılıq planlarına, hələlik onu deyə bilərəm ki, növbəti mövsümün əvvəlində Yapon yazarı Rünoske Akutaqavanın novellaları əsasında hazırlanan "Koan" tamaşasını seyrçilərə təqdim edəcəyik. Gələn mövsümdə həmçinin bir sıra yeni tamaşaların hazırlanması, bir neçə tamaşanın bərpası, xarici qastrol səfərləri və beynəlxalq festivallarda iştirak da nəzərdə tutulur.

Ədil Ədilzadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31