Seksual inqilab ruporu

“Bitlz” olmasaydı, rok qrupları ortaya çıxmazdı

Danimarkalı filosof Soren Kyerkeqor deyir ki, həyatı ancaq geriyə baxaraq dərk etmək mümkündür, amma irəli baxaraq yaşamağa məcburuq. Təkcə şəxsi həyatımızı deyil, müasir cəmiyyəti dərk etmək üçün keçmişə, köklərə qayıtmağa məcbur oluruq.Çünki dünən bu günlə əlaqədədir. Necə ki, bu gün sabahla sevişir.Sənətdə, musiqidə baş verən hadisələrin izləri də bəzən açıq, bəzən örtülü şəkildə məhz keçmişlə əlaqəlidir.Bu günün pop musiqisini, xüsusilə "rockn roll"u daha yaxşı qavramaq üçün 1962-ci ilə qayıtmalıyıq.

Birdən heç olmasaydılar?

1962. Keçmişin və gələcəyin birləşdiyi o özəl illərdən biri. Hər iki tərəfdən bir çox şeyi başa düşmək üçün dəqiq tarix. "Bitlz", Bob Dilan ve "Rollinq Stounz"un ilk dəfə qarşımıza çıxdığı, tarixdən silinsələr tamamilə başqa bir həyata sahib olacağımız, həlledici bir il. Düşünün, bu 3 ad olmasaydı, həyatımız nə qədər fərqli olardı? Onların heç bir mahnısını dinləməmisinizsə, (əgər bu mümkündürsə), bu heç nəyi dəyişmir. Çünki onların mədəniyyətə təsirləri mahnılarından daha uzaq bir nöqtəyə gedib çıxır. Musiqiyə olan münasibətimizi tamamilə dəyişdirməkləri ilə yanaşı müharibə, sülh, inanc, azadlıq, moda, cinsiyyət və ədəbiyyata dair düşüncələrimizə də dərindən təsir edib.

"Bitlz" 1968-ci ildə Hindistana getməsəydi, bəlkə indi siz yoqa ilə məşğul olmayacaqdınız. Heyranlıqla izlədiyiniz bir çox Hollivud ulduzu buddist olmazdı. Con Lennon kişiyə verilmiş rolları dəf edərək evdə oğluna baxmasaydı, çoxlarımızın cinsiyyət anlayışı fərqli olardı. "Bitlz" üzvlərinin kostyumları, saqqalları, imicləri olmasaydı bu günkü qruplar bəlkə də başqa cür geyinərdilər. Daha yaxşı xatırlamağınız üçün yaxın bir nümunə gətirmək yerinə düşər. Kurt Kobeynin jaketi və cırıq cinsləri moda dünyası üçün nədirsə, "Bitliz"ın jaketləri və köynəkləri onun yüz qatıdır. "Bitlz" olmasaydı rok qrupları ortaya çıxmazdı bəlkə də. Xeyriyyə konserti anlayışı meydana çıxmazdı. MTV-dəki video mədəniyyətinin yerinə bir başqa şey keçərdi. Kim bilir bəlkə "Səkkizlik"in toplantılarında aksiya keçirən gənclər də, "Ərəb bahar"ını başladanlar da ayrı yerdə olardılar.

Təbii ki, dünya 1960-ci illərdən bəri daha yaxşı olmadı, amma "Bitlz" "Rollinq Stounz" və Bob Dilan həyatımıza girməsəydi, həyatımız dumanlı olardı. Yaxşı, bəs 50 il qabaq, yəni 1962-də nə oldu? Bax, bu, başqa bir hekayətdir.

Musiqidən o tərəfə

Bəzi yaraların sağalması üçün müəyyən müddət lazım olur. 1960-cı illərdə yeniyetməlik yaxud gənclik dövrünü yaşayan uşaqların hamısı İkinci Dünya Müharibəsinin dağıntıları altında böyüyənlər idi. Bəziləri qurulan yeni dünya düzəninin yanında, bəziləri isə qarşısında dayandı. Rok musiqisinin öncüllərindən olan Elvis Presli 1950-ci illərdə müharibədən sonra yaşanan nisbi rahatlığı, azad olmağı təmsil edirdi. Amma Elvis 1960-cı illərdə mənasını itirməyə başladı. Bu yeni dünyada insanlara TV-də seksual görünən bir rok ulduzu bəs etmirdi. Bir tərəfdə də Martin Lüter Kinq irqi ayrıseçkiliyin aradan qaldırılması uğrunda mübarizə aparırdı. Dünyanın bu hissəsində müəyyən bir rifah yaransa da, İkinci Dünya Müharibəsindən sonra cəmiyyətin bir çox sahələrində ictimai mübarizə aparanlar ortaya çıxdı. Bütün bu mədəni dəyişikliklərin axarında rok da öz yolunu və kimliyini müəyyən etdi.

Okeanın bir tərəfində "Bitlz" ve "Rollinq Stounz" digər tərəfdə isə "Bob Dilan" belə bir mühitdə və zamanda ortaya çıxdı. 1962-ci ildə Dilan ilk albomu "Bob Dilan"ı, "Bitlz" ilk mahnısı "Love me Do"yu buraxdı, "Rollinq Stounz" "Marquee Club"da ilk konsertini veri. Əvvəl "qızlara xitab" edən parlaq, yeni gənclər kimi görünürdülər. Amma çox qısa bir müddətdə bu düşüncə yerini daha başqa şeylərə buraxdı.

Həmin dövrə aid yazılmış "Seks üsyanları" kitabında Dilan haqda yazırlar: "Valideynlərinin qoyduğu məhdudiyyətlərə qarşı üsyan edərkən Dilanı nümunə olaraq götürən, orta sinifdən çıxmış yeni bir nəsil meydana gəldi".

"Rollinq Stounz" üçün bunu tam olaraq söyləmək mümkün deyil, amma onlar da qadınları "fərqli" görürdülər.

"Bitlz" və Bob Dilan cəmiyyətin bir çox tabularını rədd edirdilər.

Dilan 1960-cı illər üçün deyir: "Boş vaxt və şəxsi problemlər ümumi haqlar uğrunda mübarizəyə səbəb oldu". Dilan mahnılarında həmişə axtarışdadır, həmişə yollardadır. Çünki həll olunası çox problem, haqqında danışılası çox mövzu vardı.

"Imagine, all the people..."

"Rollinq Stounz" rokun "üsyankar oğlanları" obrazını yaratdıqdan sonra Bob Dilan, Con Lenna, Pol Makkarti, Rinq Starr, Corc Harrison bu obrazı daha da mənalandırırdılar. Problemlərin həllinə doğru addım atırdılar.

"1960-cı illərdə qazandıqlarımıza 1980-ci illərdə Tetçer və Reyqan yeni imtiyazlar qazandırdılar". Dilan sonradan belə deyəcəkdi.

Sevgi mahnıları ilə birlikdə "Bitlz" və "Bob Dilan" bir sinfi mübarizə aparırdılar. 10 il sonra, 1970-ci illərdə meydana çıxan "Seks Pistols"la öz zirvəsinə çatan "punk" cərəyanı da sinfi mübarizənin daha da aqressivləşmiş və bir az da dağınıq forması idi.

"Bitlz" üzvləri bu mübarizəni həm mahnılarında, həm də şəxsi həyatlarında aparırdılar. Qrupun antikapitalist mübarizəsinə dair çoxlu nümunələrin şahidi oluruq. Onlar sinfi bərabərliyin tərəfdarı idilər. Bunların ən bariz nümunəsi Con Lennonun "İmagine" mahnısıdır. Mahnıda o uğrunda ölümə getməyə heç nəyin olmadığı bir dünya xəyalı qurur. Bu dünyada bütün dərdi bərabərlik, sevgi və sülh olan bir adamın Lennonun öldürülməsi də bir ironiyadır sanki... "Bitlz"ın ilk mahnısından sonra Kennedinin öldürülməsi də maraqlı bir detaldır. Eyni dövrdə Dilan da ABŞ-dakı iş şəraitinin yaxşılaşdırılması və azadlıq tələb edən böyük mitinqlərdə, hərəkatlarda iştirak edirdi.

"Bitlz" də, Bob Dilan da, "Rollinq Stounz" da heç nəyin qaydasında olmadığı, çətin bir dövrdə peyda olmuşdular. Müəyyən mənada hərəsi öz cəbhəsində xilasedici idi. Bunu bacardılar da. Dilan "Hurricane", "Tangled up in blue", "Bitlz" qrupu "Norwegian wood", "I Want To Hold Your Hand", "Rollinq Sotunz" qrupu "Brown Sugar", "Paint it black" kimi yüzlərlə mahnıyla.

Onlar rok musiqisi üçün elə bir yol cızdılar ki, ordan geri dönmək mümkün olmadı. Bu üçlük eyni anda yola çıxaraq 1962-cü ildə həyatımızı dəyişdirməyə qərar verdilər. Hələ də dəyişdirməyə davam edirlər.

Haqqında danışdığımız iki qrupun və bir musiqiçinin ən yaxşı 10 mahnısının siyahısını veririk.

"Bitlz"

"In My Life" (Rubber Soul, 1965)
"I Saw Her Standing There" (Please Please Me, 1963)
"Norwegian Wood" (Rubber Soul, 1965)
Yellow Submarine (Revolver, 1966)
"Eight Days A Week" (Beatles For Sale, 1964)
"Lucy In the Sky With DIamonds" (Sgt. Pepper's, 1967)
"Eleanor Rigby" (Revolver, 1966)
"All My Loving" (With The Beatles, 1963)
"I Want You (She's So Heavy)" (Abbey Road, 1969)
"Help!" (Help!, 1965)

Bob Dilan

"Like A Rolling Stone" (Highway 61 Revisited, 1965)
"Positively 4th Street" (Single, 1965)
"Hurricane" (Desire, 1976)
"Mr. Tambourine Man" (Bringing It All Back Home, 1965)
"Just Like a Woman" (Blonde On Blonde, 1966)
"Tangled Up In Blue" (Blood On the Tracks, 1975)
"All Along the Watchtower" (John Wesley Harding, 1967)
"Every Grain of Sand" (Shot Of Love, 1981)
"Visions of Johanna" (Blonde On Blonde, 1966)
"Subterranean Homesick Blues" (Bringing It All Back Home, 1965)

"Rollinq Stounz"

"Sympathy For The Devıl" (Beggars Banquet, 1968)
"Wıld Horses" (Sticky Fingers, 1971)
"You Can't Always Get What You Want" (Let It Bleed, 1969)
"Paınt It Black" (Aftermath, 1966)
"Street Fıghtıng Man" (Beggars Banquet, 1968)
"Out Of Our Heads" (The Last Time, 1965)
"Memory Motel" (Black and Blue, 1976)
"Under My Thumb" (Aftermath, 1966)
"Sway" (Sticky Fingers, 1971)
"She Smıled Sweetly" (Between The Buttons, 1967)

Mənbə: "Tempo"

Elmin Həsənli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31