Psixopat müğənnilərin sayı artır

Psixiatriya Assosiasiyasının prezidenti: “Elza Seyidcahana dəli demək olmaz”

Qalmaqal, bir-birilərini tənqid etmək, mənəm-mənəmlik, "nömrə bir" davası, ulduz xəstəliyinə tutulmaq. Bu, dünyanın hər yerində şou-biznes ulduzlarında rast gəlinən haldır. Ancaq bizim müğənnilərdə bu hal özünü daha çox büruzə verir. Bu kimi halların nədən yarandığını öyrənmək üçün respublikanın əməkdar həkimi, Azərbaycan Psixiatriya Assosiasiyasının prezidenti Nadir İsmayılova müraciət etdik.

Əməkdar həkim bildirdi ki, son vaxtlar onlara müraciət edən xəstələr arasında incəsənət sahəsində çalışanlar çoxluq təşkil edir: "Psixiatrların yanına gələn müğənnilərin sayı müəllim, həkim və digərlərinə nisbətən daha çoxdur. Amma qətiyyən onların adlarını söyləyə bilmərik. Çünki bu tibbi etikanın kobud pozulmasıdır. Bizə həmişə müraciət edən olub, indi də var. Müğənnilərin əksəriyyətində nevrotik pozulmalar var. Bu, onların şəxsi və səhnə həyatlarında baş verən xoşagəlməz hallardan yaranır. Ümumilikdə elə bir statistika aparmalı olsaq, onların həkim məsləhətinə adi insanlardan bir qədər çox ehtiyac olduğunu görərik. Bununla belə, onların həkimə müraciət etməsi də yaxşı haldır. Bir məqam da var ki, başqalarına nisbətən həmin adamlar daha tez sağalırlar".

Həkim deyir ki, hazırda psixiatra müraciət etməli olan müğənnilərimizin də sayı çoxdur: "Efirdən baxanda hansı müğənninin psixoloqa, psixiatra ehtiyacı olduğunu anlamaq olur. Doğrudur, onlar xəstəlik nümayiş etdirmirlər. Ancaq xasiyyətlərindəki çılğınlıq bunu göstərir. Biz onlara psixopat demirik. Bilirsinizmi, normal halla xəstəlik arasında keçid fazaları var. Əgər o keçid fazaları onlarda olmasaydı, o zaman incəsənət adamları olmazdılar. O fazalara görə də, onlar çılğın, cəlbedici olur".

Nadir İsmayılov bildirib ki, bu kimi hallar bəzi müğənniləri özlərinə nəzarətdən məhrum edir: "Onlar arasında elələri olur ki, yüngüllük edir, çərçivədən kənara çıxır, hərəkətləri səviyyəsizlik kimi müşahidə olunur. Çox təəssüf ki, bu kimi hallar çoxdur. Amma olmamalıdır. Bu, onların səviyyəsindən asılıdır. İncəsənətdə olanların hamısının savadı eyni səviyyədə deyil. Deməli, onlarda nə qədər yüksək qabiliyyət olsa da, müəyyən qüsurlar yaradır. Bir növ isə ailə tərbiyəsi görməyən insan səhnədə özünü bu kimi formada aparır".

Onun sözlərinə görə, əvvəllər səhnə mədəniyyətinə görə seçilənlər daha çox olub: "Təkcə Şövkət Ələkbərovanın adını çəkmək kifayətdir. Müğənnilərdən vaxtı ilə Fatma Mehrəliyeva uzun müddət mənim pasientim olub. O, artıq həyatda yoxdur. İndi yaşayan müğənnilərimizdən Zeynəb Xanlarova, Yalçın Rzazadə, Mübariz Tağıyev təmkinlidirlər".

Nadir İsmayılov bir neçə müğənninin xarakterini də analiz edib: "İndiki müğənnilərin xasiyyətindəki çılğınlıq onları məşhur etmək üçündür. Onlar bunu qəsdən etmirlər, daxildən gələn prosesdir. Məsələn, Elza Seydicahanın qeyri-adi davranışını hamı başqa cür qəbul edirlər. Onun heyvanlara, bitkilərə konsert verməsini hamı dəlilik adlandırdı. Amma alimlər sübut edib ki, heyvanların və bitkilərin emosiyası var. İstənilən bitkini hər gün tumarlayanda, o, daha da dirçəlir və yaxud bar gətirməyən ağaca zərbələr vuranda, növbəti il yaxşı bar verir. Elza Seyidcahan da onların musiqi duyumunu anlayır və ona görə də konsert verir. Onu dəli adlandırmaq olmaz. Əksinə, o müğənnidə orijinallıq görürəm. İncəsənət adamında orijinallıq yoxdursa, o uğur qazana bilməz. Mənim nəzərimdə müğənnilikdə yenilik yaradanlar var. Bunlardan biri də İlhamə Quliyevadır. Onun öz səhifəsi var. Necə ki, vaxtilə Zeynəb Xanlarova yenilik gətirdi. Bundan sonra bütün artistlər belə hərəkət etdi. Eləcə də Flora Kərimova. Onlar musiqi mədəniyyətində yeni səhifə yaratdılar. Amma bu insanlar dava edir. Bu da normaldır. Çünki "iki qoçun başçı bir qazanda qaynamaz". Məsələn, Röyanın adını çəkim. Bu yaxınlarda efirdən baxırdım. Görkəmli kaman ustamız Habil Əliyev də birinci ən sevdiyi müğənninin Röya olduğunu dedi. Doğrudan da bu qız estradaya yenilik gətirdi. Lakin onun özünü aparması qəribədir. Mən eşidirəm ki, o, çox xoşagəlməz ifadələr işlədir. Onu böyüklər, yaxınları mədəni surətdə başa salmalıdırlar ki, bu qəti yolverilməz hərəkətdir".

Psixiatr deyir ki, falçılara, caduya inan insanlar arasında çoxluğu müğənnilər təşkil edir: "İncəsənət adamları, yaradıcı insanlar falçılara daha çox inanırlar. Bu onların xasiyyətidir. Sinir sisteminin tipinə görədir. Aktyorlar, sənət adamlarının 90%-i bədii tipə aiddirlər. Onlar hər şeyə inanır və maraq xatirinə özlərini sınaqdan keçirmək istəyirlər. Bu da çox xoşagəlməz haldır".

Nadir İsmayılov ulduz xəstəliyinin fəsadlarından danışdı: "Təkcə onu deyim ki, ulduz xəstəliyi azərbaycanlıların 90 faizində var. Bu çox pis haldır. Çünki sonu həmin insanlara baha başa gəlir. Kimsə çox az bir uğur əldə edən kimi xasiyyəti dərhal dəyişir və onda özünə vurğunluq, özündən razılıq baş qaldırır".

Psixiatr müğənniləri həm də ədviyyat adlandırdı: "Ümumiyyətlə, etika xatirinə psixi problemləri olan insanların adlarını çəkmək düzgün deyil. Amma hər şeyə rəğmən, insan məzmunlu, emosional yaşamalıdır. İnsan mənasız yaşayırsa, həyat deyil. Deməli, insanın mənəviyyatını zənginləşdirən, onlara zövq verən, sevindirən nə varsa, həmin səbəblərin başında incəsənət adamları dayanır. Vaxt olub ki, onları həyatın ədviyyəsi adlandırıblar. Yaxşı bir yemək götürək. Məsələn, bozbaş. Ona duz, istiot, zəfəran, cürbəcür ədviyyat qatmasaq, heç bir dadı olmaz. Müğənnilər də o cürdür. Onlar olmasa həyat dadsız olar".

Nadir İsmayılov müğənnilərə kiçik məsləhətlər də verməyi unutmadı: "Bir psixiatr kimi məsləhətim odur ki, onlar daima üzdə olduqları üçün təsiretmə gücləri də çoxdur. Ona görə də, tamaşaçılarda ikrah hissi yaradan hərəkətlərə yol verməməlidir. Yenilik etməklə bərabər səhnə mədəniyyətini də qavramalıdırlar. Bunun üçün köhnə incəsənət adamlarından nümunə götürməlidirlər".

Jalə Məmmədli lent.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31