Məzarı bilinməyən dahi...
7 İyul 2012 10:20 Mədəniyyət"Bəzən biri üçün elə darıxırıq ki... Darıxdığımızı bilsə, yoxluğundan utanar".
Əziz Nesin beynimizə birdəfəlik həkk olunan bu və bu kimi bir çox hikmətli cümlələrin yazarıdır.
Türk satirasının görkəmli nümayəndələrindən biri olan Nesin düz 17 il qabaq, 6 iyul 1995-ci ildə Çeşmədə dünyasını dəyişib. Zarafat onun həyatında önəmli yer tuturdu, ancaq ömrü boyu çox ciddi hadisələrin şahidi olmuşdu.Kitabları xarici dillərə ən çox çevrilən türk yazıçıların dördüncü olan böyük ustadı ölümünün 17-ci ilində sayğı ilə xatırlayırıq.
Əziz Nesin, Mehmet Nüsrət Nesin ismi ilə 20 iyun 1915-ci ildə Heybeliadada dünyaya gəlib. Atası Əbdüləziz Nesin bağban idi.Qara yumorun ustası olan Nesin həyata ilk addımlarını çox ciddi bir məkanda, hərbi məktəbdə atıb.1935-ci ildə hərbi məktəbi başa vuraraq kiçik leytenant kimi xidmətə başlayıb.Hərbi rütbəsini artırmaq üçün təhsilini davam etdirən Əziz Nesin Sənət Akademiyasında da oxuyub.O, İkinci dünya müharibəsi illərində Trakyada xidmət edib, 1942-ci ildə bomba partlaması nəticəsində yaralanıb.O, 1944-cü ildə Ankara Hərbi Məktəbində açılan tank kursuna ilk yazılanlardan biri idi. Həmin il Zonquldağa zenit top mövqeləri düzəltmək üçün göndərildi, ancaq sonradan "vəzifə səlahiyyətlərindən sui-istifadə" iddiası ilə ordudan qovuldu.
1945-ci ildə jurnalistikada ilk addımlarını atıb, "Qaragöz" qəzetində və "Yeddi gün" dərgisində redaktor kimi çalıışıb, yazılar yazıb.
Həmin il "Tan" qəzetində köşə yazıları yazmağa başlayıb. 4 dekabr 1946-cı ildə bir qrup universitet tələbəsi qəzetin redaksiyasını yandırıb. Əziz Nesin bundan sonra "Cumartesi" adlı həftəlik şou-biznes dərgisi yaradıb. Dərgi cəmi 8 nömrə işıq üzü görüb. Nesin isə "Vatan" qəzetində işə girib. Özünün təkcə hazırladığı "Parti kurmak, parti vurmak" (Burda spz oyunu var, parti sözü həm partiyanı, həm də məclisi ifadə edir) adlı 16 səhifəlik broşura da məhz bu vaxtlar işıq üzü gördü.
1946-cı ildə Səbahattin Əli ilə birgə "Marko Paşa" adlı satira jurnalı ərsəyə gətiriblər. Ancaq jurnalın uzunömürlü olmasına imkan verilməyib. Əziz Nesin "Məlum Paşa" jurnalını çıxarmağa başlayıb, ancaq bu mətbu orqanın qapısına məhkmə qərarı ilə kilid vurulub. O, təslim olmayıb. "Merhum Paşa" adlı jurnalla oxucuların görüşünə gəlib.
Hələ çap olunmamış yazısına görə 12 avqust 1947-ci ildə onu Bursaya sügün olunub.
1948-ci ildə Nesinin "Azizname" adlı kitabı çıxıb. Bu kitaba görə 4 ay həbsdə yatmalı olub.
Əziz Nesinin hədəfi təkcə türk hökuməti deyildi. O, dünyadakı kral ailələrini də hədəfə alırdı. İngiltərə kraliçası Elizabet, İran şahı Rza Pəhləvi və Misir kralı Fərrux bu ölkələrin səfirlikləri vasitəsilə Türkiyə Xarici İşlər Nazirliyinə Nesindən şikayət etmişdilər. Nesinin onların şəxsiyyətini təhqir etdiyi iddiasında idilər. Yazıçı bu iddialar səbəbindən 6 ay həbsə atıldı.
1952-ci ildə İstanbulun məşhur məhəllələrindən biri olan Ləvəntdə kirayə yer götürən Nesin "Oluş" adlı kitab mağazası açıb, bundan başqa qəzetlərin paylanması ilə də məşğul olurmuş. Ancaq kitab mağazası gəlir gətirmədiyindən buranı bağlamaq qərarı verir. 1953-cü ildə Bəyoğlunda dostlarından biri ilə "Paradi" foto-studiyasını yaradır.
1954-cü ildə "Akbaba" jurnalında gizli imzalarla yazılar yazır. Nesin qəzet və dərgilərdə psevdonimlə 100-ə yaxın yazılar yazıb.
1955-ci ilin 6-7 sentyabrında yunanlara qarşı qanlı çıxışlar oldu, evlər, dükanlar dağıdıldı, qarət edildi. Bu hadisəyə görə həbs olunanlar arasında sosialist Əziz Nesin də vardı.
Bir müddən sonra azadlığa çıxan yazıçı "Yeni" qəzetində köşə yazıları yazmağa başladı. 1956-cı ildə İtaliyada təşkil edilən Beynəlxalq Gülüş Yarışında baş mükafat olan "Qızıl Palma"nı uddu. Bu mükafatı sonradan dövlət xəzinəsinə bağışladı.
Həmin il Kamal Tahirlə "Düşün" nəşriyyatını yaratdı. 1957-ci ildə isə "Fil Hamdi" filminin ssenarisinə görə ikinci dəfə "Qızıl palma" mükafatını qazandı.
1961-ci ildə "Tanın" qəzetində köşə yazıları yazmağa başlayan Nesin həmin il "Zübük" adlı həftəlik yumoristik qəzet çıxarmağa başladı.
1962-ci ildə yaratdıqları nəşriyyat məlum olmayan səbəblərdən yandı.
1965-ci ildə 50 yaşının tamamında ilk dəfə xarici pasport almağına icazə verildi və xaricə gedə bildi. Berlin və Veymardakı Antifaşist Yazarlar Toplantısına dəvət edildi, burada iştirak etdi. Xaricdə 6 ay qaldı, bu dövr ərzində Polşa, SSRİ, Rumıniya və Bolqarıstanı gəzdi.
1966-cı ildə "Vatani Vazife" adlı hekayəsinə görə Bolqarıstanda təşkil olunan Beynəlxalq Yumor Müsabiqəsində baş mükafat olan "Qızıl kirpi"ni əldə etdi. 1968-ci ildə "Milliyet" qəzetinin "Karagöz oyunu" müsabiqəsində də qalib oldu. 1969-cu ildə Moskvada təşkil edilən Beynəlxalq Yumor Müsabiqəsində də birinci yeri tutdu. 1970-ci ildə Türk Dil Qurumunun teatr mükafatını qazandı.
1972-ci ildə kasıb ailələrin övladlarının təhsil ala bilməsi məqsədilə "Əziz Nesin Vəqfi"ni yaratdı. Çatalcada yenə də kasıblar üçün məktəb və yataqxana tikdirdi. O, kitablardan gələn gəlirin hamsını vəqfə bağışlayırmış, nəticədə yüzlərlə kimsəsiz, kasıb övladı təhsil ala bilirdi.
1974-cü ildə ona Asiya Afrika Yazıçılar Birliyinin "Lotus" mükafatı verildi. 1976-cı ildə Bolqarıstanda Qabrovo şəhərində təşkil edilən Gülməcə Kitabı Beynəlxalq Müsabiqəsində birincilik əldə edərək Hitar Petar mükafatını əldə etdi.
1977-ci ildə Türkiye Yazıçıları Həmkarkar İttifaqının rəhbəri seçildi. 1978-ci ildə "Yaşar nə yaşar nə yaşamaz" adlı romanı "Madaralı roman mükafatı"na layiq görülüb.
1982-ci ildə Asiya-Afrika Yazıçılar Birliyinin Vyetnamdakı toplantısından qayıdanda, Moskvada ürəyində ciddi ağrılar hiss etdi və bir ay xəstəxanada yatdı.
1983-cü ildə ABŞ-ın İndiana Universitetində təşkil olunan beynəlxalq tədbirə dəvət edildi, ancaq pasportu müsadirə edildiyi üçün tədbirdə iştirak edə bilmədi.
20 dekabr 1984-cü ildə Şan Film Mərkəzində 70 yaşı təntənəli şəkildə qeyd edildi. Həmin ildə bir çox ziyalının sonradan imzasından imtinası ilə nəticlənəcək "Aydınlar ərizəsi"nin öncüllərindən idi.
1985-ci ildə Pen klub üzvülüyünə seçildi, Türkiyədə "İlin xalq seçən yazarı" mükafatını qazandı.
Nesin 1989-cu ildə Demokratiya qurultayını təşkil edənlərdən biri idi. Qurultay sonunda yaradılan Demokratik Monitorinq Komitəsinin həmsədri seçildi. Həmin il SSRİ Uşaq Fondunun birinci dəfə verdiyi "Tolstoy" mükafatını qazandı.
19 mart 1990-cı ildə Ankara Sənət Qurumunda 75 illik yubileyi qeyd edildi. 1993-cü ildə 37 ziyalının öldürüldüyü Madımak qətliamı zamanı xilacedicilərin sayəsində sağ qaldı.
Türk ədəbiyyatının və mətbuat tarixinin ən önəmli adlarından biri olan böyük usta Çeşmədəki imza günündən sonra dostları ilə çimərliyə yollandı, onun son şəkilləri də məhz burada çəkildi. İyulun 5-dən 6-na keçən gecə saat 01.05-də infarkt keçirdi və dünyasını dəyişdi.
İyul ayının 7-də vəsiyyət etdiyi kimi dəfn mərasimi keçirilmədən cənazəsi "Əziz Nesin Vəqfi"nin həyətində torpağa tapşırıldı. Yenə də vəsiyyətinə uyğun olaraq məzarının konkret olaraq harada olduğu barədə heç kimə bir söz deyilmədi.
Əsərləri dünyanın 78 ölkəsində çap olunan Nesin ömrünü tanınmış bir yazar kimi yox, xalqla iç-içə, onlardan biri kimi yaşadı.
Nesindən sonra bütün mirasını bağışladığı "Əziz Nesin Vəqfi", qazandığı saysız mükafatlar və ölümsüz əsərləri qaldı...
"Hürriyet" qəzeti
Uyğunlaşdırdı: Ağa Cəfərli kulis.az