Dueldə iki adam öldürən Puşkin....Araşdırma
O, duelin ləğviylə bağlı çara məktub yazmışdı...
7 İyul 2012 09:43 MədəniyyətPuşkinin həyatı və yaradıcılığı kifayət qədər araşdırılıb. Amma bir qədər əvvəl Rusiya mətbuatında istər əvəzolunmaz poeziyası, istərsə də şəxsi həyatı kifayət qədər tədqiq edilmiş şairlə bağlı yeni məqamlarla zəngin olan geniş yazı dərc olunub. Yazıda geniş ictimaiyyətə bəlli olmayan məqamlar kifayət qədərdir.
Dahi rus şairi Moskvada anadan olmuşdu. Gənc Saşanın dünyagörüşünün formalaşmasına böyük təsiri nənəsi Mariya Alekseyevna (Hannibal) göstərmişdi. Hələ 4 yaşı olarkən nənəsi ilə gəzinti zamanı yerin titrəməsi barədə həyəcanla nənəsinə bildirir. Maraqlıdır ki, nənəsi uşağa inanmır. Amma lap sonradan məlum olur ki, Moskvada zəlzələ baş verib. Yeri gəlmişkən, bu, 1803-cü ildə baş verən zəlzələ Moskvada hələ ki sonucu zəlzələdir.
Elə həmin yaşdaca balaca Aleksandrın imperator Aleksandrla ilk dəfə yolları kəsişir. Dayəsi ilə küçədə gedərkən Moskva çayı boyunca gəzintiyə çıxmış Aleksandrın faytonu az qala Saşanı tapdalayacaqdı. Faytonçunun səyi nəticəsində gələcək şair bəladan qurtulur.
9 yaşı olarkən onların evinə İvan Dmitrev adlı bir yazıçı qonaq gəlir. Saşanın başını sığallayan yazıçı onu oxşayaraq "nə qəşəng ərəbdir" deyir. Uşaq dərhal cavab verir: "Siz də qəşəng qulsunuz". Sən demə Dmitrev əvvəllər təhkimli kəndli olubmuş. Sonradan azad edilibmiş.
O, hər il yayı nənəsinin yaşadığı kənddə keçirərmiş. 1811-ci ildə Aleksandr Puşkinə əsaslı şəkildə təsir göstərmiş Tsarskoselsk liseyinə daxil olur və həyatının 6 ilini burada keçirir. Gənc Puşkinin ədəbi fəaliyyəti məhz həmin illərə təsadüf edir.
Adı gedən liseyin sahibi və müdiri Puşkinin əmisi Vasili Lvoviç Puşkinin dostu Separanski imiş. Puşkin də liseyə necə deyərlər, tanışlıqla daxil olub. 1917-ci ildə liseyin ilk buraxılışı olur. Onların arasında olan gələcək şair 29 şagird arasında ən pis nəticə göstərir. Ona bütün fənlərdən "kafi" qiymət yazırlar. Vur-tut bircə "yaxşı"nı isə qılıncoynatma dərsindən alır.
O, 1817-ci ildə liseyi bitirib Peterburqda xarici işlər kollegiyasında xidmətə başlayır. Lakin qulluq Puşkini az maraqlandırırdı. O, vaxtının çoxunu bədii yaradıcılıq üçün ayırır; 1818-ci ildə "Arzamas" ədəbi cəmiyyətinə daxil olur. Hələ liseydə ikən yazmağa başladığı "Ruslan və Lyudmila" poemasını tamamlayır, yeni lirik şerlər yazır. O, "Nağıl" adlı şerində hətta çar I Aleksandrın özünü tənqid etmiş, onun verdiyi konstitusiya vədlərini "boş sözlər", "nağıl" adlandırır.
Puşkin jurnalistika fəaliyyəti ilə də məşğul olub. O, dostu Delviqlə birlikdə "Literaturnaya qazeta" adlı qəzet çap edir.
Puşkinin boyu gələcək arvadı Natalya Qonçarovadan nə az, nə çox 15 sm kiçik olub. Bu isə onda psixoloji problemlər yaradırmış. Xüsusən də bal rəqslərində Puşkinə gülərlərmiş. Üstəlik, saray məmurları şairin ailəsi barədə şayiələr yayır, onun arvadının Hollandiya səfirinin oğulluğu, qvardiya zabiti Danteslə yaxınlıq etdiyi barədə söz-söhbət yayırlar. Əslində Dantes Puşkinin baldızını istəyir və Puşkinin evinə buna görə gəlib-gedir. Saray məmurları isə bu münasibətdən öz çirkin niyyətlərini həyata keçirmək üçün istifadə edirlər. Onlar Puşkinə tez-tez anonim məktublar yazır, şairin qısqanclıq hisslərini alovlandırırdılar.
Puşkin əslində 1836-cı ilin dekabrında gəzən söhbətlərə son qoymaq üçün Dantesi duelə çağırır. Lakin bu duel baş tutmur; şairin dostları Puşkinin Dantesi duelə çağırdığını eşidəndə bunun Puşkini məhv etmək üçün qurulmuş bir tələ olduğunu başa düşüb dueli dayandırırlar. Ancaq dedi-qodular kəsilmir; Puşkin yenə imzasız məktublar alır. Dantes da tez-tez şairin evinə gedib gəlir.
Nəhayət 1837-ci ilin yanvarında şair Dantesi ikinci dəfə yenə duelə çağırır. Duel yanvarın 27-də axşamtərəfi saat 4. 30-da başlanır. Puşkin birinci güllədən ağır yaralanır. Onu evinə gətirirlər. Bu xəbər tezliklə Peterburqa yayılır və böyük həyəcana səbəb olur. Xüsusilə ziyalılar möhkəm narahatlıq keçirirlər. İki gün Puşkinin evinin ətrafı adamla dolu olur. Şairin dostları onun başına toplaşır, qatilə nifrətlər yağdırırlar.
Yanvarın 29-da Puşkin son dəfə baxışlarını yataq otağına gəzdirib, kitablarına baxır və "Əlvida, dostlar!" - deyib gözlərini əbədi olaraq yumur.
Rusıyalı həmkarlarımız bu mövzu ilə bağlı maraqlı bir məqamın üstünə çıxıblar. Sən demə, Puşkin Dantesə qədər 3 dəfə də dueldə olub. Və duel iştirakçılarından ikisini öldürüb. Ölüm ayağında isə "Əlvida dostlar" deyən Puşkinin cibindən çara duelin ləğv edilməsi barədə xahişi yazılmış məktub çıxır.
Səbuhi Məmmədli