Alim Qasımov: “Füzulini, Seyid Əzimi oxuyuram, başa düşmürəm” - SÖHBƏT

“Sürücü olanda erməniyə motor yığdırmışam”

Kulis.az Xalq artisti, dünyaca məşhur xanəndəmiz Alim Qasımovla müsahibəni təqdim edir

-Mədəniyyətimiz çox dəyişib, əvvəlki mədəniyyətlə indiki mədəniyyət arasındakı fərq nədən ibarətdir, istər yaxşı mənada, istər pis mənada?

- Mədəniyyətimiz çox dəyişilib, amma zəifliyə doğru. Sizə adi bir misal çəkim: əvvəl toylarda kimsə musiqi sifariş verəndə deyirdi ki, oxu, feyziyab olaq, indi isə deyirlər ki, sən oxu, biz oynayaq. Sanki hər kəs toyda əllərini havada hazır saxlayır ki, mahnı çalınan kimi oynamağa başlasınlar. Əşi, bu, musiqi deyil, bu, mədəniyyət deyil, mən yenə haqqın yolunu tapmışam, toyda qulağımı tıxayıram ki, səs eşitməyim, amma hərdən görürsən ki, bu da işə yaramır. Biz əvvəl kənddə yük maşınlarının arxasına oturub toya yollanırdıq, nə var ki, gedib o toyda bir mənəviyyat qazanacağıq, ya aşıqlara, ya xanəndələrə qulaq asacağıq. Özü də çağırılmadığımız halda gedirdik toya, indi isə kimisə toya çağıranda, deyir ki, yenə gedirəm o hay-küyün içinə, ağız deyəni qulaq eşitməyəcək. Bu, artıq toy deyil, mədəniyyət deyil, sadəcə, hay-küydür. Hər evin bir böyüyü, ağsaqqalı olduğu kimi ölkədə də bu işlərə nəzarət mexanizmi olmalıdır. İnsanları mənəviyyatsızlığın əsarətindən xilas etmək lazımdır, insan bir gözəl sözdən kövrələr, gözündən yaş axar, amma indi insanlar bu hissləri yaşaya bilmirlər, məsələn, mənim elə bir yaş dövrümdür ki, hər şey mənim hislərimə toxuna bilmir, halbuki əvvəllər insan bir musiqiyə qulaq asanda gözündən yaş axardı, əgər bu hisslər məndə indi donursa, onlarda çoxdan donub.

- İndiki gənclər niyə digər janrlara, əsas da pop, rok janrlarına daha çox maraq göstərirlər? Halbuki muğam bizim musiqimizin bağlanğıcıdır.

- Muğam bir xəstəlikdir, təbii ki, yaxşı mənada. Mənim ailəmdə musiqiyə qiymət verilir, yaxşıdırsa, yaxşı, pisdirsə, pis rəy bildirilir. Hər şey valideyndən asılıdır, əgər bir valideyn yol gedərkən muğam dinləyirsə, övlad bir dəfə, iki dəfə məcburi olaraq dinləyir, amma sonra o musiqi onun qanına, canına hopur. Mən neçə illərdir ki, Fizulinin, Seyid Əzim Şirvaninin qəzəllərini oxuyuram, amma mənasını dərk etmirəm, çünki bu fəlsəfi bir aləmdir, insanları bu fəlsəfəyə yönəltmək lazımdır.

- Gənclərin musiqi zövqü korlanıb, yoxsa ümumiyyətlə, zövqlü musiqi yoxdur?

- Xeyr, gənclərin zövqünə heç bir şübhə yoxdur, əladır, sadəcə, ağla qaranı seçmək bizdə bir az problemdir. Gənclərdə də təqsir yoxdur, o mənəvi dəyərlər KİV-də lazımı qədər təqdim olunmur. Əgər bir uşaq gözünü dünyaya açandan valideynlərini belə musiqiləri dinləyən görürsə, təqsiri onun valideynlərində, o valideynlərin də valideynlərində axtarmaq lazımdır.

- Sizinlə duet oxumuş gənclər indiyədək artıq özünü təsdiqləməyə müvəffəq ola bilərdi, bəs elə isə niyə alınmadı, o insana nə mane oldu? Söhbət Almaz Ələsgərlidən gedir, o gənc vaxtında sizinlə birgə duet oxuyub, amma indiki sənətiylə illər öncəki sənətini müqayisə edəndə, böyük bir boşluğun yarandığını, həmin ulduzun artıq söndüyünü açıq-aydın görürük.

- Bu sənət elə bir şeydir ki, o, Allaın insana 30-50 ildən bir verdiyi vergidir, bu, hər adamda olmur. Onda gərək hər yerindən qalxan əlinə mikrofon alıb oxumağa başlasın. Sənət ola bilər, amma o sənətin sevilməsi, ölkədən kənara çıxması, insanların o sənəti həzm etməsi artıq Allahın qismətidir, heç mən də demirəm ki, bunu mən qazanmışam, xeyr, əgər Allah mənə bu səsi və bu səsin üzərində çalışmaq üçün enerjini verməsəydi, mən heç bir şey edə bilməzdim. Bu səbəbdən mən Almaz Ələsgərlini heç də qınamıram, o, öz üzərində işlədi, çalışdı, sadəcə, cəmiyyət tərəfindən qəbul olunmadı, bu da Allahın qısmətidir.

- Sənətiniz zəngindir və qəlizdir, bu səbəbdən gənclərin sizi dərk edə bilməməsi narahatçılığınıza səbəb olmurmu?

- Xeyr, bu, məni qəti narahat etmir, çünki hər şeyin öz ustası, qavrayını, biləni olmalıdır. Sizə adi bir misal çəkim: mən yerdən bir şüşəni götürürəm, bilmirəm nədir, lakin onu zərgərə göstərsəm, o, müəyyənləşdirər ki, bu, şüşədir, yoxsa qiymətli qaş. Amma mənim muğamımın gənclərə də təsir nöqtəsi olur, əgər istəsələr, onlar da özlərini bu musiqidə tapa bilərlər.

- Siz Azərbaycandan daha çox xarici ölkələrdə konsertlər verirsiniz, dünyanın bir sıra ölkələrində olmusunuz, konsertlər vermisiniz, böyük tamaşaçı auditoriyası qarşısına çıxmısınız, o tamaşaçıyla Azərbaycan tamaşaçısının fərqini deyə bilərsiniz?

- Əlbəttə, fərq var, onlar üçün fərqi yoxdur ki, sən nə oxuyursan, nə deyirsən, əsas odur ki, musiqi onlara təsir etsin, yəni təsir gücü çox olsun. Bir də muğamın mənasını dərk etməsələr belə, onlara hərəkətlər, milli geyimlərimiz çox maraqlıdır, amma hər sənətçi üçün də büdcələrini sərf edib konsertə gələn deyillər. Bayaq dediyim kimi, bu musiqidə onları nəsə özünə cəlb edir.

- Niyə biz nə "Sarı gəlin"imizin, nə tar-kamanımızın Azərbaycan mədəniyyətinin bariz nümunəsi olduğunu sübut edə bilmirik? Bununçun nəyimiz çatmır?

- Yaxşı yadımdadır ki, hələ müharibədən öncə bizi Amerika ifa xoru İsveçrəyə çağırdı, "Sarı gəlin"i biz onların televiziyasında oxuduq və bu, bütün dünyaya yayıldı. İş ondadır ki, "meyvəli ağaca daş atarlar", sənətimiz deməli gözəldir ki, belə talanlar olur, yaxşı sənətə hər yerdə tələbat var, eləcə də Ermənistanda. Dəfələrlə Üzeyir Hacıbəyovun musiqilərini erməni musiqisi kimi ifa ediblər, amma mən bir vətəndaş kimi onlara bu musiqinin Azərbaycana aid olduğunu sübut etməyə çalışmışam.

- Hamı bilir ki, müharibədən qabaq Ermənistanla Azərbaycan arasında qardaşlıq münasibətləri var idi, müharibənin başlanması bu əlaqələrin üzərindən böyük xətt çəkdi, bu, Alim Qasımovun əlaqələrinə də öz təsirini göstərdi?

- Axı mənim ermənilərlə heç vaxt əlaqəm olmayıb, mən xanəndə olmazdan öncə işlədiyim yerdə sədr erməni idi, sürücü işlədiyim zamanlarda (gülərək) bir erməniyə motor yığdırmışam, kənddə təsərrüfat işlərində ermənilərlə birliyimiz olub, amma mənim özümün ermənilərlə şəxsən dostluğum olmayıb.

- Siz sənətinizə olduqca ciddi yanaşan bir insansınız, bəs həyatda, yəni səhnədən kənarda necə?

- Mən olduqca zarafatcıl insanam, amma baxır zamana və məkana. Məsələn, bir dəfə klip çəkilişləri zamanı o qədər zarafat etdim ki, bir dostum məndən inciyib getdi, sonra gedib könlünü aldım və dedim ki, a kişi, mən ciddiyəm, əksinə sən çalış ki, mənim dodağıma bir az gülüş qonsun, sən isə mənim gülər üzümü də soldurursan, beləcə barışmışdı mənimlə, ailədə də şən insanam.

- Bu yaxınlarda İsmayıllıda sözləri Baba Vəziroğluya, musiqisi Kamal Heydərə aid olan "İlahi" adlı mahnının klip çəkilişlərində idiniz, klipin çəkilişi nə dərəcədə ürəyinizcə oldu?

- Hə, düzdür, klip çəkilişində idik, amma sözün açığı, klipi görməmişəm, çünki hələ hazır deyil. Mahnı özü, doğrudan da xoşuma gəlir, hətta bu mahnıya görə gənclər də, yaşlılar da, ağsaqqallar da mənə dualar edir, təşəkkürlərini bildirirlər və belə musiqilərə tez-tez yer ayrılmasını istəyirlər, çünki insanları düz yola gətirir, mənəvi cəhətdən saflaşdırır. Mən də buna görə təbii ki fərəhlənirəm, şərəf duyuram ki, insanların zövqünü oxşamağı bacarıram.

- "Avroviziya-2012" yarışmasında Səbinə Babayevanın sizinlə oxuduğu mahnı dünyanı heyrətə gətirmişdi, əslində mahnıda sizin səsinizin olmasının məqsədi də bu idi, amma olmazdı ki, səsinizi arxa deyil, ön planda təqdim edib, elə duet olaraq ifa edəydiniz? Bu, daha möhtəşəm olardı.

- Bilirsiz necədir, bu pop musiqi yarışmasıdır, siyasi xarakter daşıyır, muğamla popun sintezi gözəldir, amma yarışma əgər sırf pop musiqilərindən ibarətdirsə, mənim səsimin ön planda olmasının heç yeri də deyildi, elə arxa planda daha gözəl idi.

- Bu gün gənclər daha çox sevgi mövzusunda olan musiqilərə üstünlük verir, siz necə, sənətinizdə, muğamın mövzusunda dəyişiklik edib həmin gənclərin başa düşəcəyi anlamda sevgidən oxumaq fikriniz varmı?

- Biri var qulaq sevgisi, biri də var daxili, sözün təsiri altında yandırıcı sevgi, mən məhz bu musiqilərdən oxuyuram, sözlər insana təsir etsin, daxilini lərzəyə gətirsin.

- Sizcə, bu gün Azərbaycan səhnəsində, oxuya bildi-bilmədi, əlinə mikrofon alıb, "mən müğənniyəm" deyənlər çoxdur?

- Çoxdur, amma onları qınamalı deyil, çünki bu gün səhnəmiz bunu tələb edir, əsl sənətə çox az qiymət verilir. Ağ-qara həmişə var, olacaq da...

- O zaman elə o ağ-qaralara, gənclərə son olaraq fikirlərinizi deyərdiniz.

- Düşündürücü musiqiləri dinləsinlər, anlasınlar ki, əsl zövq nədir, mənəviyyatı dərk etsinlər. KİV nümayəndələrindən də xahiş edirəm ki, bu işdə öz köməkliklərini göstərsinlər, verilişlərini yaxşı şeylərə yönəltsinlər ki, tamaşaçılar da baxıb ibrət alsın, ona doğru yönəlsinlər.

Arzu Hümbətova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31