Andrey Mironovun vaxtsız ölümü...

İmtahanda burnundan axan qan səhnədə beyninə sızdı

Andrey Mironov aktyor ailəsində dünyaya gəlib. Anası Mariya Mironova, atası Aleksandr Menaker, hər ikisi Moskvada müasir miniatür teatrında çalışırdılar. Andrey demək olar ki, səhnədə doğulub. Mariya Mironova hamiləliyin sonuncu gününə qədər səhnədə olub. Tamaşalardan birində doğuş sancıları başlayıb, onu Arbatdakı (Moskvada küçə) doğum evinə ancaq çatdırıblar. 8 mart günü olduğundan tibb bacıları "bu da bizim hədiyyəmiz" deyə zarafatlaşıblar. Belə zarafatlaşma ortamında doğulan uşaq da gələcəyin məşhur gülüş aktyoru olur.
Hərçənd bu onun ömrünün axırına qədər həm də ağrılı yeri idi. Rejissorların kinoda onu yalnız bir ampulada görmələri onu incidirdi. Arzusu Andrey Tarkovskini oynamaq idi, amma heç bir rejissoru onu yarada biləcəyinə inandıra bilmədi, daha doğrusu inandırmağa vaxtı çatmadı.

Uşaqlıq

Dünyaya gələndən bir-neçə ay sonra müharibə başlayır. Miniatür teatrını Daşkəndə evakuasiya edirlər. Orda balaca Andrey dizenteriyaya tutulur.

Mariya Mironovanın danışdığına görə Andrey ölümdən qayıdıb o vaxt: "Gecələr səhərə qədər yerə qəzet sərib üstünə uzandırdığım uşağın yanında otururdum. Tez-tez yoxlayırdım ki, görüm nəfəsi gəlib-gedir? Nəyimiz vardısa satmışdıq, artıq dərman almaq üçün satılası heç nəyimiz yox idi. Məşhur təyyarəçi Qromovun xanımı o ağır günlərdə köməyimizə çatdı, Andreyin bütün dərmanlarını alıb gətirirdi. Bu situasiyadan çox çətinliklə çıxa bildik."

1948-ci ildə Andrey birinci sinfə getdi. Atasının Menaker soyadı o dövr üçün problemlər yaratdığından xeyirxah insanların məsləhəti ilə Andreyə anasının soyadını yazdırdılar ki, məktəbdə rahat təhsil ala bilsin. Beləliklə o, Andrey Mironov oldu.

Uşaqlığı bütün uşaqlar kimi keçirdi. Yəni öz dövrünün uşaqları kimi. Dondurmanı sevirdi, döş nişanlarından kolleksiya toplayırdı. Futbol oynamaq, yaxud kinoya getmək üçün dərsdən qaçırdı. Dəqiq elmləri heç sevmirdi, riyaziyyat, fizika və kimya nifrət obyekti idi. Həmyaşıdlarından utancaqlığına görə görə fərqlənirdi. Elə buna görə də 11 yaşında çəkiləcəyi filmdən əli çıxdı.
"Sadko" filminin çəkilişlərində dilənçi uşağını oynadığından cındır paltarı əyninə geyinib çəkilişə qatılmalı idi. Hər yeri cırıq paltarın altından bədəni göründüyündən Andrey onun altından son dəbdə olan "teniska"sını çıxartmamışdı. Bunu görən rejissor, zatən çəkiliş meydançasında qışqırması ilə ad çıxaran A. Ptuşko necə qışqırdısa, Andrey birbaşa çəkiliş meydançasından evə qədər qaçdı.

Teatrı uşaqlıqdan sevirdi, bütün yay tətilləri də istirahətdə aktyorlarla bir yerdə keçirdi. Məktəbdə dram dərnəyinin fəallarından idi. Səhnədə oynadığı ilk rol "Müfəttiş"də Xlestakov olmuşdu.

Şukin adına teatr məktəbində İosif Rapoportun sinfinə düşdü. Qəbul vaxtı isə qəribə bir hadisə oldu. İmtahan başlayan kimi Andreyin burnundan qan fontan kimi açılıb müəllimin üstünə yayıldı, amma bununla belə o, imtahanı uğurla verdi.

İmtahanlara elə hazırlaşırdı ki, çalışırdı əlaçı təqaüdü alsın. İmtahanları əla qiymətlərlə verdi, amma valideynlərinin imkanlı olması ona əlaçı təqaüdü almağa mane oldu.
Andrey çox səliqəli gənc olub. Həmişə ütülü, səliqəli geyinərdi. Dərsdən evə ancaq taksidə gələrdi, buna görə borca düşməli olsa belə.

O vaxt tələbə ikən kinoya çəkilmək olmazdı. Buna görə hətta Tatyana Samoylovanı məktəbdən qovmuşdular. Dördüncü kursda oxuyanda nəhayət Andreyə valideynlərinin də köməkliyi ilə filmə çəkilməyə icazə verdilər. Yuli Rayzman onu "Əgər bu məhəbbətdirsə?" filminə çəkməklə tamaşaçıya tanıtdırdı.
Bu arada teatr məktəbini bitirən Andrey Vaxtanqov adına teatrda işləmək arzusunda idi, amma nədənsə aktyoru həmin teatra qəbul etmədilər. İlk sarsıntıdan özünə gəlməyə çalışan aktyor bir gün evlərində satira teatrının rejissoru Valentin Pluçek ilə tanış oldu. Həmin teatra işə büşlüyün aktyorun orda nələri oynadığı bizim oxucu üçün çox uzaq və bu səbəbdən də maraqsız olacağını düşünüban o barədə təfsilata varmırıq. Odur ki, keçək kinoya.
"Mənim kiçik qardaşım" filmindəki rolu onun kinoda ilk sanballı işi idi. İkinci film "Üç üstəgəl iki" oldu. Beləliklə hər il çəkilirdi. 1965-ci ildə isə Eldar Ryazanov onu "Avtomobildən qorun" filmində Dima roluna dəvət etdi. Film böyük uğur qazandı. Mironovun rolu isə tənqidçilər tərəfindən ən yaxşı rol kimi dəyərləndirildi.
Mironovun populyarlığı bu obrazla başladı və artdı. "Bir ömrə bərabər il" filmində F. Enqels rolu, "Ədəbiyyat dərsi" ndə Feliks, nəhayət "Brilyant əl"də Qraf ləqəbli fırıldaqçı Qennadi.
Bakının İçəri şəhərində lentə alınmış bu film Mironova dünya şöhrəti gətirdi, amma bu fikri hər eşidəndə Mironov ürək ağrısı keçirirmiş: "Bu alçaq rol mənim bacardığımın yalnız başlanğıc hissəsidir, elə rollar oynaya bilərəm ki, bu kölgədə qalar." Məhz həmin film Mironovun həm də müğənni kimi debütü oldu.
"Ostrov nevezeniya" mahnısını mızıldananda Nikulin eşitmişdi, onu kinoya daxil etməyi də L. Qaydaydan Nikulin xahiş etdi. Nəticədə kinonun uğurunun bir hissəsi də həmin mahnı və ifanın payına düşdü. Sonralar həmin mahnı yaradıcılıq gecələrində xahişlə oxunurdu.

Birinci evlilik

Andrey Mironovun birinci xanımı Satira Teatrının aktrisası Yekaterina Qradova olub. Biz onu "Baharın on yeddi anı" filmində Ket rolundan tanıyırıq. "Andreylə bir-birimiz çox tez və ani sevdik. Ani sevgilər uzun ömürlü olmur. Bizim sevgimizi yalnız qızımız Maşanın timsalında əbədilik qazandı, vəssalam. Andrey çox konservativ adamdır, o qədər möhkəm ailə ənənələri ilə tərbiyə olunmuşdu ki, mənim əlimdə bakal, üzümdə makiyaj görməyi qəbul edə bilmirdi. İstəyirdi mən mətbəxdən çıxmadan yeməklər bişirim, ev işləri, səliqə-səhmanla məşğul olum, çünki anasında belə görmüşdü. Çox maraqlı ata idi, qızı ilə təklikdə qalmaqdan qorxurdu, deyirdi qadın ağlayanda mən özümü itirirəm. Deyirdi qızımızla sən məşğul ol, mən də kənardan baxıb zövq alım. "
Onların evlilikləri uzun sürmədi. Ayrıldılar. İllər sonra Yekaterina belə bir etiraf etdi: "Ayrılmağımızda özümü günahlandırıram, çünki gənclik özünəvurğunluğu, eqoizm hadisələrə müdrik yanaşmağıma, ailəni və həyat yoldaşımın əslində müsbət keyfiyyətlərini qiymətləndirməyə maneə oldu."

70-ci illərin əvvəllərində Andrey Mironov artıq hədsiz populyar idi. Bu fikirlər də onun keçmiş arvadına məxsusdur: "Andrey həmişə özünə tənqidi yanaşardı. Dəvət olunduğu rola heç vaxt özünü layiq bilməzdi, deyəndə ki, bu rola səndən layiqlisi yoxdur, ona təəccüblü görünərdi. İnsanları çox sevər, onlara hörmətlə yanaşardı. Heç vaxt heç kim haqda mənfi fikir deməzdi. Teatrda əsas rolları oynayırdı, onun tərəf müqabillərinə fəxri adlar verilmişdi, ona yox. Bir dəfə hirslənib deyindim ki, Nataşa Zaşipinaya fəxri ad verirlər sənə yox, gülümsər gözlərlə mənə baxıb, Katya - dedi - Nataşa gözəl aktrisadır, onun haqda pis fikir söyləmə, aramızı vurmaq fikrinə də düşmə."

"Başdan xarab rus"

Nəhayət "İtalyanların Rusiyada qeyri-adi sərgüzəştləri" filminin zamanı gəlir. Eldar Ryazanov bu dəfə Andreyi baş rola dəvə edir. Axtarış bölümünün leytenantı rolunda bütün tryukları Andrey Mironov özü həyata keçirir, kaskadyordan imtina edirdi. İtalyan aktyorları ona baxıb "başdan xarab" rus neyniyir? - deyə heyrətə gəlirdilər. O isə hərəkət edən avtomobilə çıxıb üstündən maşının içinə girir, yanğınsöndürən maşının kabinəsindən üstünə çıxırdı. Bunlar peşəkar kaskadyorlar üçün belə təhlükəli tryuklardır. Neva üzərindəki aralanan körpüdən, 20 mərtəbəli bina hündürlüyündən sallanan da Andrey özü idi.

Bu filmdən sonra ona əməkdar artist adı verildi, bu ad ona halal idi.

Bu filmdən sonra Ryazanov ona "Həmişə təmizlikdə" filmində İppolit rolunu verdi. Mironov ssenarini oxuyub roldan imtina etdi və özü ona Jenya Lukaşinanı məsləhət gördü. Filmin çəkilişlərindən sonra Ryazanov etiraf etdi ki, bu rol Mironovun deyildi, o, düz eləyib imtina etdi.

İkinci evlilik

Larisa Qolubkina ilə Mironov evlənəndə aktrisa da öz ərindən yenicə ayrılmışdı. Onun da məhz Marina adlı bir qızı vardı. Andrey onun qızına da atalıq etdi. Nəticədə Rusiya mədəniyyəti Maşa adlı iki məşhur aktrisa qazandı - Maşa Qolubkina və Maşa Mironova . Biri Andreyin öz qızı, ikincisi isə qızlığı.

Bir obrazın əsiri

Bir-birinin ardınca "Lev Qurıç Siniçkin", "Adi möcüzə", "On iki stul" filmlərində çəkilir. Hamısı da musiqili və komediya filmləri. Bu filmlərdə aktyorun oyunu, ifası və plastikası adamı heyran edir. Oxuyur və plastik hərəkətlərlə ifanı tamamlayır. Sevgi, populyarlıq - aktyora başqa nə lazımdır... Amma aktyor hiss edirdi ki, rejissorlar onun potensialını üzə çıxarda bilmirlər. Yüngülxasiyyət, avantüraçı obrazı onu bütün yaradıcılığı boyu müşayiət edirdi.

Xəstəlik

70-ci illərin axırlarında onun ağır xəstəliyinin ilkin əlamətləri özünü büruzə verdi. Bir dəfə Bolqariyada baxıcı küçədə ona demişdi ki, siz çox populyarsınız, bundan ötəsi də gözləyir sizi, amma nəzərə alın ki, səhhətiniz çox zəifdir, onu qoruyun. Elə həmin il onda ilk beyinə qan sızması oldu. Xəstəxanada gözlənilməz diaqnoz qoyuldu - meninqit.

Müalicədən sonra səhnəyə qayıtdı. 80-ci ildə xəstəlik ağırlaşdı. Aktyor çətinliklə hərəkət edirdi. Səhnədə həmkarları ağrıkəsicilərin hesabına səhnəyə çıxan aktyora toxunmağa da qorxurdular. Harasına əl dəysə ondan dəhşətli bağırtı qopurdu.

Məlum oldu ki, aktyorun boyun nahiyəsində iri limfo düyünləri yaranıb. Ağır əməliyyatdan sonra o, yenə səhnəyə qayıtdı. Yenə teatr və kinoda rollar, qastrollar, dayanmadan fəaliyyət.

Ömrünün sonlarında teatrda baş rejissor Valentin Pluçeklə tez-tez dalaşırdılar. Bu da Andreyin səhhətinə təsir etməyə bilməzdi. "Kölgə" tamaşası səhnədə son işi oldu. Premyerada Mironov Klaverov rolunda çox qəmgin idi. Yaxın sənət dostu Anatoli Paponovun ölümü də onu təsirləndirmişdi. Onun dəfnində də qastrolda olduğundan iştirak edə bilməmişdi. Qastroldan qayıtmağa icazə vermədiyi üçün də baş rejissorla arası dəydi.

Avqustun 5-i Paponov dünyasını dəyişdi. Mironov isə...

14 avqust Riqa teatrının səhnəsində "Fiqaronun evliliyi" idi. Tamaşa fasiləsiz üç saat akt gedirdi. Aleksandr Şirvint deyir: " Fiqaronun son sözlərini deyən Mironov səhnədən sürünərək çıxmaq istədi, dayandı. Qraf onu qucaqlayıb finala uyğun gəlməyən bir sonluq verdi- "Pərdəni salın". Şura, başım!!! Bu kəlmə Mironovun səhnədə və sənətdə son sözü oldu.
Bir-neçə gün sonra beyin qan sızmasından səhnədə keçinən aktyorun dəfni oldu. Satira Teatrının kollektivi dəfnə gələ bilmədi. Poponovla vida mərasimində olduğu kimi baş rejissor məşqi təxirə salmamışdı ki, kollektiv dəfnə gələ bilsin. Bu işıqlı insan həyatdan beləcə köç edib getdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31