"Məni qane edən əsər, süjet və qonorar olarsa..." - MÜSAHİBƏ
4 İyul 2012 21:47 Mədəniyyət"Əməkdar artist adı alandan 12 il sonra xalq artisti adına layiq görüldüm. Bu, mənim üçün olduqca xoş idi. Ümumiyyətlə, son 5 ildə teatr sahəsində heç kimə bu ad verilmirdi. Amma 5 illik fasilədən sonra ilk dəfə mənə nəsib oldu". Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti Səidə Quliyeva ilə söhbətə onu təbrik etməklə başladıq. Sonra isə suallarla xalq artisti adı alana qədər keçdiyi yaradıcılıq yolunda var-gəl elədik. Maraqlıdır, tibb işçisi olmağa hazırlaşan Səidə Quliyeva necə oldu ki, tamam fərqli bir sənət seçdi?
Dosye: Səidə Quliyeva 1957-ci il martın 5-də Bakıda anadan olub. 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirib. Həmin ildən təyinatla Akademik Milli Dram Teatrında fəaliyyətə başlayıb. Bu teatrın səhnəsində İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" tarixi dramında Bəyim, Şıxəli Qurbanovun "Sənsiz" dramında Sevinc, Maksim Qorkinin "Həyatın dibində" əsərində Nastya, Əli Əmirlinin "Ağqoyunlular və Qaraqoyunlular"ında Qaraqoyunlu ana, Elçinin "Ah Paris! Paris!" komediyasında Firəngiz, Süleyman Sani Axundovun "Eşq və intiqam" pyesində Həcər xanım, Nazim Hikmətin "Kəllə" dramında Qadın, Bəxtiyar Vahabzadənin "Dar ağacı"nda Ana, Elçinin "Qatil" əsərində Qonşu, Mir Cəlalın "Dirilən adam"ında Çəpəl Suralı, Cəlil Məmmədquluzadənin "Ölülər"ində Kərbəlayi Fatma, Abdulla Şaiqin "Eloğlu"nda Ana Torpaq kimi müxtəlif janrlı obrazlar yaradıb.
Aktrisa Azərbaycan Dövlət Televiziyasının hazırladığı "Atayevlər ailəsi" (Reyhan), "Sarıköynəklə Valehin nağılı" (Reyhan), "Yollar görüşəndə" (Çiçək), "Qonşu qonşu olsa" (Balacaxanım), "Kökdən düşmüş piano" (Gülər), "Bala-başa bəla" (İzzət Nəfisli), "Nekroloq" (Elmira), "Dəvətnamə" (Məleykə) tamaşalarda iştirak edib. "Adam ol", "Ağ atlı oğlan", "Bəyaz həyat", "Bizi bağışlayın", "Fransız", "Günaydın, mələyim", "Yaramaz", "Yerlə göy arasında", "Yoxlama" kimi filmlərdə rol alıb.
- Orta məktəbdə oxuyurdum. Teatrın 100 illik yubileyi münasibətilə Leyla Bədirbəyli və İsmayıl Dağıstanlı bizimlə görüşə gəlmişdi. Onlar üçün "Vaqif" tamaşasından bir parça göstərdik. Leyla xanım oyunumu bəyənib xoş sözlər dedi. Bu, mənim üçün bir stimul oldu. Yavaş-yavaş aktrisalığa həvəsim artırdı. Amma bunu heç kimə demirdim, çünki qorxurdum. O vaxt aktrisa olmaq böyük risk idi axı. 10-cu sinfi bitirəndə qəti qərara gəldim. Əslində, Tibb İnstitutuna hazırlaşırdım. İncəsənət İnstitutuna imtahanlar tez başladığına görə birinci sənədlərimi ora verdim. Fikirləşdim ki, qəbul olmasam, sənədlərimi yenidən Tibb İnstitutuna verərəm. Qismət, imtahanlardan yaxşı qiymət aldım və qəbul olundum. Anam bunu bilsə də, atamdan gizlətdik. Çünki aktrisa olmağımı istəmirdi. Amma altı aydan sonra bildi... Və sonralar bir aktrisa kimi tanınanda artıq mənimlə fəxr edirdi.
- Sizin nəsil aktyorların şansı onda gətirdi ki, təyinatla teatrda işə başladız...
- Elədi, amma şansla bərabər istedad da olmalıdır. Mən Adil İsgəndərovun kursuna qəbul olunmuşdum. O boyda sənətkarın sinfində oxumaq böyük uğur demək idi. Amma Adil müəllim üç il mənim aktrisalığımı bəyənmədi. Deyirdi, get başının çarəsini tap. Həddən artıq gərgin olurdum, səhnəyə çıxanda özümü narahat hiss edirdim. Amma dördüncü kursda özümü göstərə bildim. Süleyman Sani Axundovun "Eşq və İntiqam" əsərində Həcər və Şekspirin "On ikinci gecə" əsərində Mariya obrazında çıxış etdim. Təzadlı, fərqli obrazlar idi. Bu iki diplom tamaşasından sonra Adil müəllim məni bəyəndi, dedi, "səndən aktrisa olacaq". 1978-ci ildə isə institutu bitirib təyinatla teatra gəldim. İlk dəfə Şekspirin "Heç nədən hay-küy" əsərində baş rol aldım. Səməndər Rzayev, Fuad Poladov, Vəfa Fətullayeva, Hamlet Qurbanov, Hamlet Xanızadə, Rəfael Dadaşov kimi sənətkarlarla tərəf müqabili oldum.
- O günü necə xatırlayırsız?
- Səhnədə həyəcandan çənəm əsdi. İlk sözü deyə bilmədim. Rəhmətlik Vəfa Fətullayeva çox həyəcanlı olduğumu görüb, mətnimin sözünü öz dialoquna uyğunlaşdıraraq dedi. Ondan sonra cəsarətləndim. Və ardı gəldi.
- Mən bir tamaşaçı kimi sizi "Bala başa bəla" televiziya tamaşasında İzzət Nəfisli kimi tanımışam...
- O tamaşanın artıq 16 yaşı var. Çəkilişdən əvvəl düz 4 ay məşq elədik, bir ay da hər gün sərasər çəkiliş oldu. Cahangir Novruzov, Afaq Bəşirqızı kimi tərəf müqabillərilə işləmək hər adamın hünəri deyil. Üstəlik dəhşətli komizmə malik insanlardı. Elə üzlərinə baxmaq kifayət idi ki, adamı gülmək tuturdu. Tamaşada bir səhnə var. Telefon zəng çalır, yaxınlaşıb dəstəyi götürürəm. Əvvəl incə səslə danışıram, sonra kobud cavablar verməyə başlayıram. Otağa qayıdanda isə bacı-qardaşın təəccübdən donan üzlərinə baxıram. Bu səhnə heç cür alınmırdı. Hər dəfə otağa girib onların üzünə baxanda məni gülmək tuturdu. Axırda tamaşanın prodüseri Ramiz Həsənoğlu üstümə acıqlandı. Bu, mənim üçün dəhşətliydi. Onu heç vaxt əsəbiləşdirmək istəməzdim. Özümü güclə ələ aldım. Çəkiliş başladı. İndi mən gülmürəm, onlar gülür. Nə isə, o səhnəni düz 9 dubla çəkdik. Diqqətlə baxanda bəzi səhnələrdə üzümdə gülüş var, güclə gizlədirəm. Tamaşada mənim oğlumu Ələkbər Hüseynov oynayıb. Əvvəl o tamaşaya sevərək baxırdım. O dünyasını dəyişəndən sonra tamaşaya baxa bilmirəm. Çox pis oluram. Allah ona qəni-qəni rəhmət eləsin. Gözəl insan idi. Vaxtsız getdi. Ölümü ona yaraşdırmırdım heç.
- Teatrda son işiniz "Xanuma"da nənə obrazı oldu. Mən sonradan bildim ki, demə, bu rolun ifaçısı Səidə Quliyeva imiş.
- Hə, deyirlər uğurlu roldu. "Aramızda qalsın" serialı vaxtımı çox apardığına teatrda epizodlarda oynamağa çalışıram.
- Niyə sizə daha çox müsbət rollar verirlər?
- Nə bilim. Mənfi rolum yadıma gəlmir. "Dirilən adam" tamaşasında bir obraz vardı, onu da mənfilikdən çıxartdım. Mənim xüsusiyyətimdən mənfilik gəlmir çünki. Amma əslində aktyorun ustalığı hər rolu oynaya bilmək bacarığındadır. Təəssüf ki, İzzət Nəfisli obrazından sonra rejissorlar mənə elə rollar verməyə başladılar. Mən buna rejissor tənbəlliyi deyərdim. Aktyorla işləməyə, onun daxili potensialını tapmağa tənbəllik edirlər.
- Bəzən sizə elə gəlmir ki, rejissorlar daxili potensialınızı tapıb üzə çıxara bilməyiblər?
- Çox gözəl sualdır. Haqlısız, rejissorlar daxili potensialımı, nəyə malik olduğumu hələ də hiss etməyiblər. Mənim daxili potensialım çox güclüdür. Hər dəfə böyük, ya kiçik rol oynayanda özüm-özümə sübut edirəm ki, hə, bunu da bacardım. Deməli, o biri rolu da bacararam. Mən bax, o rolu hələ də gözləyirəm.
- 34 ildə yaratdığınız obrazların hansında Səidə Quliyeva var?
- Heç birində. Xarakterimdən hansısa ştrixlər ola bilər. Amma Səidənin özü yoxdu.
- Səidə xanım, necə oldu "Aramızda qalsın" serialına çəkilməyə razılıq verdiniz? Aktyorların əksəriyyəti serialı ciddi sənət hesab etmirlər və yalnız maddi baxımdan çəkildiklərini deyirlər.
- Bilirsiz niyə elə deyirlər? Bir misal var - pişiyin əli ətə çatmayanda... Amma əlbəttə ki, maddi məsələ də rol oynayır. "Aramızda qalsın" uzunömürlü və auditoriyanı cəlb edən seriallardan birinə çevrildi. Məni ora dəvət etdiklərinə görə sevinirəm. Əvvəla daim işləyirsən, tempdəsən. Bu, aktyora ən çox lazım olan şeydir. İşləsin, göz önündə olsun, zəhməti hədər getməsin. Kollektivlə də sanki bir ailəyik. Ora toya, bayrama getdiyim kimi gedirəm. Hiss edirəm ki, onlar məni sevir, mən də onları sevirəm. Heyətə çox alışmışam. Əksəriyyəti də cavanlardı. Belə yaxşı gənclər olduğunu görəndə çox sevinirəm. İndiki gənclik haqqında bəziləri mənfi fikir yürüdür. Bu, doğru deyil. Sadəcə insanlarla münasibət qurmağı bacarmaq lazımdı. Artıq serialın sezon finalı çəkildi. 2 ay tətildə olacağıq. İndidən onlar üçün darıxıram.
- Bu serialdan sonra tamaşaçılarrın sizə münasibəti dəyişməyib?
- Həmişəki kimidi. Yolda yaxınlaşırlar, xoş münasibət göstərirlər. Hətta bir dəfə avtobus saxladı. Sürücü və sərnişinləri aşağı düşüb məndən avtoqraf aldılar. Özü də pulun üstündə (gülür). Bu, çox gözəl hissdir. Sənin ifa etdiyin obraz tamaşaçıda müsbət aura yarada bilirsə, qəlbinə sevinc gətirirsə, deyirsən ay Allah, nə yaxşı ki, əziyyətim hədər getmədi. Ümumiyyətlə, mən bəxti gətirən aktrisalardanam. İlk gündən nə oynamışamsa, tamaşaçıların yadında qalıb. Və 34 ildi onlardan bu münasibəti görürəm.
- Niyə sizi bədii filmlərdə görmürük?
- İndi kim film çəkir ki? Vaqif Mustafayev də "Yoxlama"dan sonra tammetrajlı bədii film çəkməyib. Mən də bir aktrisa kimi yaxşı kinoya çəkilmək istəyərəm. Təbii ki, məni qane edən əsər, süjet və qonorar olarsa...
- Qonorar mütləqdir?
- Çox nadir halda - əsər məni tutsa, obraz xoş gəlsə, qonorarı fikirləşmərəm. Amma zəhmətimin və əziyyətimin müqabilində qonorar tələb edirəm əlbəttə. Çox istərdim ki, sənət adamlarına yaxşı qonorar verilsin. Bilirsiz ki, teatrda maaşımız çox cüzidir. Şükürlər olsun mükafat alıram. Üst-üstə gələndə normal məbləğ olur.
- İstirahətə nə vaxt başlayacaqsız?
- Hələ ki işləyirəm. İyulun 1-dən serialın kollektivi məzuniyyətə çıxıb. Ayın 16-dan isə teatr məzuniyyətə gedir. Mən iki ildi istirahət etmirəm. Bu il mütləq eləməliyəm. Azərbaycanda istirahət edəcəm, xaricə getmək fikrində deyiləm. Qərara gəlmişəm ki, Bilgəhdə kardioloji sanatoriyada dincələm. Dünyanın çox yerlərində olmuşam. Amma Bilgəhin havasını heç nəyə dəyişmərəm. Orda özümü çox yaxşı hiss eləyirəm. İnşallah, məzuniyyətdən qayıdandan sonra yenə tamaşaçıların qarşısına çıxacağıq. Bu dəfə tamaşaçılar məni Cəlil Məmmədquluzadənin "Anamın kitabı" əsərində ana obrazında görəcəklər... teleqraf.com