“Mahmud və Məryəm” filminin yaradıcı heyətində dəyişiklik oldu
Mahmud rolunu “Öyle bir geçər zaman ki...” serialının aktyoru ifa edəcək
3 İyul 2012 20:36 MədəniyyətXalq Yazıçısı Elçinin "Mahmud və Məryəm" romanı əsasında çəkilməsi nəzərdə tutulan eyniadlı filmin yaradıcı heyətində dəyişikliklər edilib. Film Türkiyədə yayımlanan populyar "Kuzey Güney" serialının rejissoru Mehmet Ada Öztekinin rejissorluğu ilə çəkiləcək. Filmdə Mahmud rolunu "Öyle bir geçər zaman ki..." teleserialında Mete rolunu canlandıran Aras Bulut, Məryəm rolunu isə qazaxıstanlı Eva Dedova oynayacaqlar.
Hazırda filmin əsas yaradıcı heyəti, o cümlədən Türkiyədə yaşayan azərbaycanlı aktrisa, filmdə Mahmudun xalası Qəmər Banunu oynayacaq Məlahət Abbasova Bakıdadırlar. Yaradıcı heyət filmin çəkilişləri üçün nəzərdə tutulan yerlərə baxış keçirmiş və çəkiliş meydançalarını müəyyənləşdiriblər.
"Mahmud və Məryəm"in çəkilişlərinə iyulun 15-dən başlanılması nəzərdə tutulub. Filmdə türkiyəli aktyorlarla yanaşı, Azərbaycanın kino xadimləri də çəkiləcəklər. Azərbaycanın Xalq Artisti Fəxrəddin Manafov filmdə Ziyadxan roluna dəvət alıb.
Qeyd edək ki, filmin Azərbaycanda çəkilişləri Bakının Suraxanı rayonu ərazisindəki "Atəşgah" məbədində, Şirvan, Qax, Qəbələ rayonlarında aparılması nəzərədə tutulub. Əsər savaş, səfalət və böyük sevgidən bəhs edir.
Filmin prodüseri isə Sevda Kayqısızdır. Yeni ekran əsəri Azərbaycanın "Salnamə" və Türkiyənin "24 Karefilms" kinostudiyaları tərəfindən istehsal olunacaq. Filmin çəkilişinə Azərbaycan və Türkiyənin mədəniyyət nazirlikləri dəstək verir. Filmin ərəb və Avropa ölkələri də daxil olmaqla, 30-dan çox ölkədə satışı planlaşdırılır.