MİNGƏÇEVİR YENİ DÖVRÜNÜ YAŞAYIR
8 Noyabr 2023 07:30 MədəniyyətMingəçevir - 75
Mənim doğma şəhərim! Bir neçə gündən sonra 75 yaşın Ömrümün 30 ilini sənin qoynunda , isti qucağında keçirdim. Yüzlərlə gənc mütəxəssis kimi mən də 1975-ci ildə təyinat alıb Nur şəhərinə gəlmişdim. Burada mehriban, işıqlı insanların qayğısı ilə sıravi mağaza satıcısından Şəhər XDS İcraiyyə Komitəsi sədrinin müavini, Şəhər İcra hakimiyyəti başçısının müavini, başçının birinci müavini, şəhər hakimiyyətinin rəhbərlərindən biri vəzifəsindək yüsəldim. Bu şəhərdə üç oğlum dünyaya gəldi, Bu illər ərzində Azərbaycanımızın bütün bölgələrini təmsil edən xeyirxah, zəhmətkeş, sadə, səmimi insanlarla tanış oldum, onlarla dostluq əlaqələri qurdum. Yeri gəlmişkən bu şəhərin qurulmasında , inkişafında əməyi olmuş və indi həyatda olmayan bütün qurucularının, Mingəçevir SES Tikintinin ilk rəhbəri olmuş əfsanəvi İslam İslamzadədən sonuncu dünyasını dəyişən Ramiz Ağayevədək bütün rəhbərlərinin, bir vaxtlar birlikdə çalışdığım iş yoldaşlarımın, dostlarımın işıqlı xatirəsini ehtiramla yad edirəm... 30 ildə şəhərdə çox keşməkeşli, təlatümlü sevincli, kədərli günlər yaşadıq. Ancaq necə oldusa heç zaman səni unutmadım , bir övlad məhəbbəti ilə sevdim...
Haqqında o qədər xatirələr var.... Acılı , şirinli... Saymaqla, danışmaqla bitməz. Təkcə mənim xatirələrimdən məncə, cild-cild kitablar yazılar. Ancaq o qədər şirin, o qədər, möcüzəli, həm də o qədər cazibədarsan ki, ömrü, günü səndən keçmiş on minlərlə insanın içindəki xatirələrin yaddaşını bu günkü günə çevirsən, bir kitabxana yaranardı. Lakin ən böyük kitabxana insanların qəlbinədə qurulmuş saray, qəlb kitabxanasıdır.
Hər halda taleyin qismətilə ömrünün bir hisəsini sənin qoynunda keçirmiş, taleyini səninlə bağlamış, kim varsa onların hər birinin qəlbində özünə məskən salmısan, mənim doğma şəhərim! Mən də onlardan biriyəm. Bir övladın kimi istədim 75 illik yubuleyin ərəfəsində səni müasir Azərbaycanımıızın gənc sakinlərinə yenidən təqdim edim. Başqa əlimdən nə gəlir ki?
Tarixi arayış: Mingəçevir toponiminin necə yaranması barədə müxtəlif ehtimallar mövcuddu. Görkəmli tarixçi Ziya Bünyadov "Mingəçevir" adını 839-cu ildə xilafətə qarşı çıxmış Babək üsyanını yatırmaq üçün Azərbaycana göndərilmiş ərəb sərkərdəsi Mingəçevir Əl-Fərqaninin adı ilə bağlayır.
Ehtimallardan biri də toponimin "Min, gəl, çevril" olmasıdır. Professor Tofiq Hacıyev Midiyanın Mannanın xarabalıqları üzərində, məhz onun əsasında yarandığını qeyd edir.
Tanınmış alim Əjdər Fərzəli Qorqud "bu yerlərin qədim yaşayış məskəni Sevit torpağı " Mingəsi adını daşıdığını bildirir. Mingə qədim türk qəbiləsinin adı olub"
Ehtimal edilir ki, "Sevit Mingə" adı zaman keçdikdə "Mingə Sevit", nəhayət, bu günkü "Mingəçevir" şəklinə düşmüşdür.
Mingəçevir ərazisinin yaşayış məntəqəsi kimi tarixi çox-çox qədimdir. Bu ərazidə yaşayış hələ e.ə. III minillikdə mövcud olmuşdur. Arxeoloji qazıntılar sübut edir ki, burda yaşayan insanlar böyük mədəniyyətə malik olmuşlar. Mingəçevir ərazisində ilk arxeoloji qazıntılar 1935-ci ildə professor Y. A. Paxomovun rəhbərliyi altında aparılmış, iki qədim yaşayış məskəni və müxtəlif qəbir növləri aşkar edilmişdir.
Ərazinin planlı tədqiqi İkinci dünya müharibəsindən sonra burada Su-elektrik stansiyasının tikintisi ilə əlaqədar Respublika EA-nın Rəyasət heyətinin qərarı ilə 1946-53-cü illərdə mərhum tarixçi alim S. M. Qazıyevin rəhbərliyi altında Boz dağ silsiləsinin cənubunda, Kür çayının hər iki sahilində aparılmış və daha 2 yaşayış yeri və 4 böyük qəbiristanlıq aşkar edilmişdir ki, bu da cənubi Qafqazda ən iri arxeloji kompleksdir. Arxeloji qazıntılar zamanı eneolit dövründən başlayaraq (b.e.ə. III minillikdən XVII əsrədək) ayrı-ayrı tarixi dövrləri özündə ardıcıl əks etdirən 20 mindən artıq, (bəzi mənbələrdə 40 min) maddi-mədəniyyət nümunələri tapılmışdır. Bunların arasında torpaq, kurqan, katakomba və küp qəbirləri, istehsal vasitələri, məişət və bəzək əşyaları, pul sikkələri, tuncdan düzəldilmiş müxtəlif silah növləri, ticarət mübadiləsi yolu ilə uzaq ölkələrdən gətirilmiş məmulatlar və s. olmuşdur.
Mingəçevirin yaxın tarixində miqyasına görə üç mühüm hadisə olmuşdur-Mingəçevir Su Elektrik Stansiyasının tikintisi, Azərbaycan İstilik Elektrik Stansiyasının (ilk vaxtlar Azərbaycan Rayon Elektrik Stansiyası adlanırdı) tikintisi və indiki yeni İstilik Elektrik Stansiyasının təməlinin qoyulması. Bu stansiyalar generasiya gücü etibarı ilə biri birindən fərqlənsələr də mahiyyət və miqyas etibarı ilə təxminən eyni məna kəsb edirlər...
İkinci Dühya Müharibəsindən yenicə şıxmış o zamankı SSRİ hökümətinin iqtisadiyyatını bərpa etmək üçün elektrik enerjisinə və Azərbaycanın ucsuz-bucaqsız susuz çöllərini bərəkətli əkin sahələrinə çevirmək üçün suvarma kanallarına ciddi ehtiyac var idi. Mingəçevir SES-in tikinti rəhbərlərindən biri olmuş görkəmli dövlət xadimi Kamran Hüseynov xatirələrində yazır: "16 İyun 1945-ci ildə Stalin Mingəçevir hidrotexniki qovşağın tikintisi barəd tədbirləri planını təsdiq etdi. İyul ayında M.C. Bağırov MK -nın geniş iclasında bu qərarı elan edəndə sevinc göz yaşlarını gizlədə bilməmişdi". Elə həmin ilin iyun ayında Mingəçevirin ilk qurucuları ilan mələyən boz çöllərə ayaq basdı. Azərbaycanın hər yerindən insanlar axın-axın bu nəhəng tikintidə işləməyə gəlirdilər. Keçmiş SSRi nin hər yerindən bu vacib obyektə mütəxəssislər göndərilirdi. Bəndin tikintisində həmçinin 10 mindən çox alman hərbi əsirləri də cəlb olunmuşdu. Ümumiyyətlə bu həhəng hidoqovşağın tikintisinə 45 min işçi qüvvəsi çalışırdı. Tikintiyə rəhbərlik əfsanəvi inşaatçı və təşkilatçı İslam İslamzadəyə həvalə edilmiş, ona SES-in tikintisi prosesində ortaya çıxan problemləri opertaiv həll etmək məqsədilə həm də Azərbaycan SSR Nazirlər Sovetinin sədr müavini kimin böyük səlahiyyətlər verilmişdi. Gərgin və böyük zəhmət hesabına başa gələn bu unikal obyektdə 1953 -cü ildə ilk hidroaqreqat istismara verildi. 1954-cü ildən isə stansiya tam gücü ilə işə başladı.
Bu günkü Mingəçevir şəhəri su elektrik stansiyasının tikilməsiylə əlaqədar olaraq qurulub və 1948-ci il noyabrın 11-də şəhər statusu alıb. 1957-ci ildə az güclü Varvara SES işə düşdükdən sonra ikisi birlikdə "Mingəçevir SES silsiləsi" adlanır. 6 hidroaqreqata malik olan Mingəçevir SES-in müəyyən olunmuş gücü 420 MVt, orta illik elektrik enerjisi istehsalı 1,4 milyard kVts-dır. Qovşağın ən əsas orijinal hissəsi yüksək təzyiqli torpaq bəndi Avropada yuyulma üsulu ilə tikilmiş ən nəhəng (hündürlüyü 80 m) bənddir.Bu bənd, işlənən materialların həcminə görə, həm də dünyada çınqıl-qumdan tökülmüş yeganə bənddir. Mingəçevir su anbarı 1953-1959-cu illərdə doldurulmuşdur, su tutumu 16 milyard m³-dir. Dəryaçanın uzunluğu 70 km, eni 13-18 km-dir. Su anbarının tikilməsi və iki kanalın- Yuxarı Qarabağ və Şirvan kanallarının çəkilməsi ölkədə 970 min hektar sahəni suvarmağa imkan yaratmış, 200 min hektar sahənin su altında qalmaq təhlükəsini aradan qaldırmışdır. Mingəçevir su anbarının tikintisi, insan əməyinin yaratdığı xarüqələr barədə əsrlər yardılmış, filmlər çəkilmişdir. Böyük şairimiz Mikayıl Müşfiqin "Mingəçevir həsrəti" gerçəkləşmiş, Xalq şairi Səməd Vurğun dəfələrlə tikintidə olmuş və özünün məşhur "Muğan" poemasını Mingəçevirin qurucularına həsr etmişdir.
1971-ci ildə görkəmli dölət xadimi Heydər Əliyev Azərbaycanda rəhbər vəzifəyə təyin olunana qədər respublikamız keçmiş ittifaqda ən geridə qalan aqrar respublikalardan biri idi. Özünün böyük potensialına, zəngin neft və qaz, digər faydalı qazıntı yataqlarına malik olan Azərbaycanda demək olar sənaye sahələri yox idi. Heydər Əliyevin gəlişi ilə ölkənin həyatında yeni bir dövr başlayır. O illərdə respublikada barmaqla sayılan elektrik stansiyaları ölkənin elektrik enerjisinə təlbatını ödəyə bilmirdi. Ölkə keçmiş SSRİ-nin ümumi energetika sisteminə qoşulsa da, özünün energetika bazasına ciddi ehtiyacı var idi. Bunsuz sənayeləşmə mümkün deyildi.
Yenicə rəhbər vəzifəyə təyin edilmiş görkəmli dövlət xadimi Heydər Əliyev çıxış yolunu yeni elektrik stansiyalarının tiklməsində görürdü.
1974-cü ildə İstər ölkə energetiklərinin , istərsə də Mingəçevir şəhərinin həyatında miqyasına görə ikinci əlamətdar hadisə baş verdi. Ümumilli liderimiz, o vaxtlar Azərbaycan KP MK-nın birinci katibi vəzifəsində işləyən Heydər Əliyevin bir başa təşəbbüsü ilə Mingəcevir şəhərində, Kürün sağ sahilində, Boz Dağın ətəyində Cənubu Qafqazın ən böyük- gücü 2400 meqavat olan elektrik stansiyasının təməli qoyuldu. Tikinti "Atalar Mingəçevir SES-i tikmişlər, oğullar Mingəçevir DRES-i tikir" devizi altında aparılırdı. Stansiyanın tikintisi ilə paralel olaraq onun yaxınlığında bütün sosial obyektlərlə birlikdə, 10 min əhalinin yaşayacağı energetiklər qəsəbəsi də inşa edilirdi.
Hər biri 300 meqavat gücə malik, 8 enerji blokundan ibarət olacaq stansiyanın birinci bloku 1981-ci il oktyabrın 20 də hazır oldu. Enerji blokunun istismara verilməsi Azərbaycanın , eləcə də Mingəçevirin həyatında ikinci böyük hadisə idi. Açılış mərasimi ümumxalq bayramına çevrilmişdi. Mərasimdə Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev iştirak edirdi. Əlamətdardır ki, bu tarix Azərbaycan Respublikasının Prezidentinin 2004-cü il 13 oktyabr tarixli 446 saylı Sərəncamına əsasən, hər il "Energetiklər Günü" kimi qeyd edilir. Mərasimindən sonra, həmin gün Mingəçevir Dram Teatrının salonunda şəhərin partiya-təsərrüfat fəallarının yığıncağı keçirildi. Yığıncaqda Heydər Əliyev geniş nitq söylədi. Şəhərin keçmişindən, indisindən və gələcək inkişafından danışdı. Görkəmli dövlət xadimi Heydər Əliyevin Mingəçevirə bu səfəri və səfər zamanı etdiyi çıxışlar mingəçevirlilərin yaddaşında dərin izlər buraxmışdı. Sonralar, 1998-ci ildə ikinci dəfə artıq müstəqil Azərbaycana rəhbərlik etdiyi dönəmdə Mingəçevirə növbəti səfəri zamanı Ulu öndərimiz deyəcəkdi:
"Mingəçevirin tikilməsində,qurulmasında, inkişaf etməsində vaxtilə mən çox əziyyət çəkmişəm. İndi mən buraya gəlib, bu hündür binaları, gözəl küçələri, gözəl meydanları, gözəl yaşıllıqları görəndə sevunurəm. Çünki 30 il bundan öncə mən Azərbaycanda rəhbərliyə başlayarkən, biz Azərbaycanın hər bir yerində quruculuq işləri aparırdıq. Ancaq Mingəçevir gənc şəhər olduğuna görə, energetiklər şəhəri olduğuna görə buraya xüsusi fikir verirdik."
Sonrakı, 1982-1990-cı illərdə təxminən ildə bir enerji bloku olmaqla 7 blok istifadəyə verildi və enerji bloklarının sayı ilkin layihədə olduğu kimi, hər birinin gücü 300 meqavat olmaqla 8-ə çatdı. Hər bir enerji blokunun istismara verilməsi olkə həyatı üçün mühüm hadisəyə çevrilirdi. Ulu öndərimiz Mingəçevir İES-dən söhbət salarkən demişdi: "Mingəçevir İstilik Elektrik Stansiyasının hər enerji bloku bir nəhəng zavoddur."
Müstəqilliyimizin ilk illəri bir daha sübut etdi ki, Ulu öndərimiz Heydər Əliyev bu həhəng stansiyanın tikintisinə nail olmaqla nə qədər müdriklik və uzaqgörənlik nümayiş etdirmişdir. Bu stansiyanın fəaliyyəti sayəsində, Respublikamız, xüsusilə müstəqilliyimizin ilk illərində ölkəmizin enerji müstəqilliyini və enerji təhlükəsizliyini təmin edə bildi. Qeyd etmək zəruridir ki, həmin illərdə ölkədə istehsal olunan bütün elektrik enerjisinin 60 faizdən çoxu Mingəçevirin enerjiistehsalı müəssisələrinin payına düşürdü. Azərbaycan İES-in işə düşməsiilə Mingəçevir şəhəri nəinki, Azərbaycanın, eləcə də Cənubi Qafqazın enerji mərkəzinə çevrildi. Təsadüfi deyil ki, indi Mingəçeviri respublikamızın Energetika paytaxtı adlandırırlar və burada güclü elektroenegetika infrastrukturu yaradılmışdır. Mingəçevirin ölkənin coğrafı mərkəzində yerləməsi onun mahiyyətini daha da artırmış olur. Mingəçevirdən çıxan müxtəlif güclü elektrik verilişi xətləri elektrik enerjisini ölkəmizin şərq-qərb və şimal cənub sərhədləri ilə eyni məsafəyə çatdırır. Bu faktorlar elektrik enerjisinin xaricə ixracında da mühüm rol oynayır.
Şəhərdə iki unikaıl enerji istehsalı müəssisəsinin yaradılması fonunda Mingəçevir şəhəri yaranmış və istər əhalisinin sayına, istər səınaye məhsulunun həcminə, istər iqtisadiyyatın digər sahələrinin inkişafına, istərsə də mədəni inkişafına görə Mingəçevir respublikamızın 4-cü sənaye və mədəniyyət mərkəzinə çevrilmişdir. Ümumilli liderimiz Heydər Əliyevin dediyi kimi: "Mİngəçevir təkcə energetiklərin, kimyaçıların və toxucuların deyil, bütün Azərbaycanın gözəl şəhəridir". Bu illər ərzində Mingəçevir şəhərində həm də elektroenerhgetika sahəsində güclü milli kadr potensialı yaradılıb. Mingəçevirdə yetişmiş və püxtələşmiş elektriklər, sazlayıcılar, mühəndislər bu gün ölkənin hər yerində uğurla fəaliyyət göstərirlər. Mingəçevir Dövlət Universiteti əsasən ölkənin enerji təsərrüfatları üçün müxtəlif ixtisaslar üzrə kadr hazırlamaqla məşğul olur. Elektroenergetika sənayesinin inkişafı şəhərdə digər sənaye sahələrinin yaradılmasına da stimul vermişdir. Mingəçevir şəhəri üçün ənənəvi sahələr artıq yenidən inkişaf etməyə başlamışdır. Bu kontekstdə 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə yaradılmış Mingəçevir Sənaye Parkını xüsusilə qeyr etmək lazımdır. Yüngül sənaye məhsullarının istehsalı ilə məşğu olan bu sənaye parkı, ölkə əhalisinin tələbatını ödəməklə yanaşı, ixrac yönümlü məhsulları da müvəffəqiyyətlə istehsal və ixrac edir. Yaxın perspektivdə şəhərdə yeni bir sənay parkının yaradılması nəzərdə tutulur.
13 fevral 2023-cü il tarixndə Mingəçevirdə və ümumiyyətlə ölkə energetiklərinin tarixində sayca üçüncü mühüm tarixi hadisə baş verdi. Bakıda "Gülüstan" sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirildi. Tarix təkrar olunur. Oğullar ataların yolunu davam etdirir. Əgər 1974-cü ildə Cənubi Qafqazın generasiya gücü 2400 Meqavat olan ən nəhəng istilik elektrik stansiyasının tikintisi barədə qərarı Ümummilli lideimiz Heydər Əliyev verərək onun birinci blokunun açılış mərasimində şəxsən iştirak etmişdisə, indi müstəqilik dövrümüzün gücü 1280 meqavat olan ən nəhəg isilik elektrik stansiyasının inşası barədə qərarı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev verərək onun təməlqoyma mərasimində iştirak edirdi. Açılış mərasimindəki nitqində Prezident İlham Əliyev demişdir: "Bu, çox əlamətdar hadisədir, ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək, eyni zamanda, Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmini daha da artıracaq. Onsuz da Mingəçevir hazırda elektroenergetika sahəsində bizim əsas şəhərimizdir. Mingəçevirdə fəaliyyət göstərən elektrik stansiyası bu gün ölkəmizin elektrik enerjisinə ehtiyacının böyük hissəsini ödəyir. Mingəçeviri nəinki Azərbaycanın, ümumiyyətlə, Qafqazın enerji mərkəzinə çevirən Ulu Öndər Heydər Əliyev olmuşdu". Prezidentimiz çıxışınıa davam edərək demişdir:" İndi isə Mingəçevir şəhərinin Azərbaycanın və nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır, təxminən 1300 meqavat gücündə olan stansiya əlbəttə ki, bizim potensialımızı böyük dərəcədə gücləndirəcək. Bu, Azərbaycanın enerji təhlükəsizliyinə verilən növbəti töhfə olacaq, yüzlərlə yeni iş yerləri yaranacaq və beləliklə, Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatı ödəyəcək, eyni zamanda, həm elektroenergetika, həm də təbii qaz sahəsində daha böyük addımlar atacaq".
Stansiyanın tikintisində başlıca əsas önəmli məsələlər ondan ibarətdir ki, ilk növbədə Mingəçevirdə güclü elektroenergetika infrastrukturu yaradılmışdır və həm stansiyanın tikintisi, həm də gələcəkdə istismarı üçün güclü kard potensialı mövcuddur.
Ümumi dəyəri təqribən 400 milyon dollara qədər olacaq stansiya respublikanın daxili resursları hesabına inşa ediləcək və tətbiq edilən səmərəlilik nəticəsində eyni gücə malik stansiyalrdan 3-4 dəfə ucuz başa gələcəkdir. Xərclərin 60 faizi Azərenerjinin öz vəsaiti, 40 faizi isə kredit hesabına ödənəcəkdir. Başqa sözə bu nəhəng obyektinin tikintisi üçün dövlət birbaşa investisiya qoymayacqdır.
Stansiyanın inşasında müasir texnologiyaların tətbiqi enerji istehsalı üçün işlədilən şərti yanacağın aşağı olmasına və beləliklə həm yanacaq kimi işlədilən təbii qazın sərfiyyatına, həm də yanma prosesində emissiya olunan karbon qazının azalmasına şərait yaradacaqdır. Nəticədə istismar zamanı ildə 1 milyard kub metr təbii qaza qənaət ediləcək, ətraf mühitə atılan karbon qazının miqdarı 2 milyon ton azalacaqdır.
Qeyd etmək zəruridir ki, son illər Azərbaycanın itisadiyyatında sürətlə və dah çox inkişaf etmiş sahələrdən biri elektroenergetika sahəsidir. Son 20 il ərzində Azərbaycanda ümumi generasiya gücü 3400 meqavat olan 34 elektrik stansiyası inşa edilmişdir . Əgər nəzərə alsaq ki, hazırda ölkənin enerji müəssisələrinin ümumu generasiya gücü 7200 meqavatdır, onda görərik ki, bu güclərin 3400 meqavatı son 20 ilin payına düşür. Məhz biz, son illər yeni yaradılmış generasiya güləri hesabına ölkənin elktrik enerjisinə tələbatını ödəmiş, enerji müstəqilliyimizi və enerji təhlükəsizliyimizi tam təmin etmişik. 2025-ci ildə Yeni stansiya istismara verildikdən sonra yalnız bu stansiya hesabına generasiya gücümüz təxminən 8700 meqavata catacaqdır.
Biz bura hazırda işğaldan azad olmuş ərazilərdə, yaradılacaq 500 meqavat generasiya gücünü, tikilməkdə olan 470 meqavatlıq günəş və külək stansiyalarının və yaxın vaxtlarda tikintisinə başlanacaq 240 meqavatlıq stansiyanın gücünü də əlavə etsək 2025-ci ildə Azərbaycanda ümumi generasiya gücü təxminən 9700-10000 meqavat təşkil edəcəkdir ki, bu da kifayət qədər böyük rəqəmdir və qarşımızda geniş imkanlar açır.
Bütün bu sadaladıqlarım Azərbaycanı təkcə neft-qaz ölkəsi kimi deyil, həm də elektrik enerjisi, yaşıl enerji ölkəsi kim daha da cəlbedici edir və bu prosesdə Mİngəçevir mühüm rol oynayır.
Yenidən təməli qoyulan Mingəçevir İstilik Elektrik Stansiyası barədə fikirlərə qayıdaraq vurğulamaq istəyirəm ki, yeni stansiyanın təməlinin qoyulması əslində ölkənin dördüncü şəhəri olan Mingəçevirin inkişafında yeni bir dövrün təməlinin qoyulması anlamına gəlməlidir. İstər tikinti döründə, istərsə də istismarla bağlı burada yüzlərlə daimi iş yeri yaradılacaq. Mingəçevir Dövlət Universitetinə mütəxəssis hazılığı üçün əlavə sifarişlər veriləcək, İxtisaslı fəhlə və mütəxəssis kadrları hazırlayan yeni peşəyönümlü məktəblər açılacaq, mənzil tikintisi yeni vüsət alacaq, iqtisadiyyatın lolokomotivi sayılan tikinti sənayesi, tikinti sektoru yenidən canlanacaq, yeni-yeni sosial, ticarət və xidmət obyektləri yaradılacaq, əhalinin gəlirləri artacaq və rifah halı kökllü surətdə yaxşılaşacaqdır.
Bir cümlə ilə -Mingəçevir yeni dövrünü yaşayır.
Böyük Səməd Vurğunun Mingəçevirin qurucularına həsr etdiyi məşhur "Muğan" poemasından bir bənd yada düşür:
Burda nəfəs alır böyük bir şəhər,
Şəhərə sığmayır geniş küçələr.
Var olsun deyirəm hər insan əli,
Var olsun insanın eşqi-əməli.
Ramiz Göyüş
Yazıçı- publisist
Dövlət qulluğu veteranı
Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun