MƏNİM QALİB KOMANDANIM!
13 Oktyabr 2023 16:40 MədəniyyətNurlana ƏLİYEVA,
"Naxçıvan" Universitetinin prorektoru,
filologiya üzrə fəlsəfə doktoru
Naxçıvanlı ədiblərin əsərlərində İlham Əliyevin möhtəşəm obrazı yaradılıb
Yeni ədəbi mərhələdə - müstəqillik illərində xalqın lideri və məhəbbət ünvanı kimi möhtəşəm obrazı yaradılan qəhrəmanlardan biri böyük irsin ləyaqətli davamçısı və Azərbaycanın inkişafının qarantı İlham Əliyevdir. Məlum olduğu kimi, cənab İlham Əliyev 2003-cü ildə böyük öndərin xeyir-duası ilə siyasi rəhbərliyə gəlməsilə ölkəmizin taleyüklü milli məsələlərinin həlində mühüm bir rol oynamışdır. "Mən ona özüm qədər inanıram" deyən Ulu Öndərin inancı qədər Azərbaycan xalqı da bu gənc rəhbərə böyük ümid və inam bəsləmişdir. Prezidentiliyi dönəmində cənab İlham Əliyev Azərbaycanda yeni mərhələnin banisi olaraq tanınmış və Azərbaycanın dünya miqyasında inkişafında misilsiz xidmətlər göstərmişdir. Bu yeni siyasi liderə inam və məhəbbət bəsləyən ədəbi mühitimizin yaradıcı şəxsiyyətləri də xeyli sayda əsər həsr etməklə ədəbiyyatda onun möhtəşəm obrazını yaratmış, liderlik keyfiyyətlərini tərənnüm və vəsf etmişlər. Bədii ədəbiyyatımızda İlham Əliyev bəzən ölkənin uzaqgörən, müdrik başçısı, bəzən böyük Heydər Əliyev yolunun uğurlu davamçısı, bir çox hallarda Azərbayvcanı uğurlu gələcəyə aparan, torpaqları işğaldan azad edən müzəffər, qalib Ali Baş Komandan, türk dünyası birliyinin ağır və müdrik sütunlarından biri, türk dünyasının böyük lideri Rəcəb Təyyib Ərdoğanla birgə dostluq və qardaşlıq carçısı olaraq təqdim və təqdir edilmişdir.
Naxçıvan ədəbi mühitində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin obrazı yaradılan, şəxsiyyətinin vəsf edildiyi bədii əsərlərdən Elman Həbibin "İlham - xalqın İlhamı", Mirkazım Seyidovun "Prezident" poemaları, o cümlədən Asim Yadigarın "Gəldi, Ulu Heydərin İlham dühası gəldi", "Biz ona səs veririk - İlham Heydər oğluna", Ələsgər Nehrəmlinin "Davam edir Heydər yolu", "Prezident vəzifən, İlham, mübarək", Sərraf Qasımın "Barısan, İlham", "Fitrətdi İlham", Əbülfəz Ülvinin "Xalqın bir xahişi var", Alməmməd Eldaroğlunun "Baş Komandan, Milli Ordu", Ramiz Babayevin "Mənim qalib komandanım", Təranə Arifqızının "Ata vəsiyyəti, Oğul sözü" və b. kimi əsərlər özünün poetik keyfiyyətləri ilə seçilir.
Bədii ədəbiyyatda şəxsiyyətin möhtəşəm obrazı məsələsi ilə bağlı görkəmli elm xadimi, akademik İsa Həbibbəyli yazırdı: "Azərbaycan ədəbiyyatında şəxsiyyət problemi həmişə aktual olmuşdur. Ədəbiyyat və şəxsiyyət məsələsi bütün hallarda böyük ədəbiyyatın taleyi ilə bağlı məsələlərin həllində mühüm amillərdən biri kimi çıxış etmişdir. İlk növbədə ədəbiyyat konkret dövr üçün və ya ümumiyyətlə, ictimai-estetik ideal baxımından xüsusilə fərqlənən, epoxa, məktəb yaratmış görkəmli siyasi və ədəbi şəxsiyyətləri vəsf və ya təqdim edərək əbədiləşdirmişdir. Böyük ümummilli ideallar şəxsiyyətlərin fonunda, ədəbiyyatın rübabında ilhamla səsləndirilmişdir".
Böyük Azərbaycançı yolun yeni lideri İlham Əliyevə həsr olunan əsərlərin ilkin nümunələrində bu qüdrətli şəxsiyyət böyük Heydər Əliyev yolunun davamçısı, müdrik liderin xeyir-duası ilə çətin və şərəfli bir işə daxil olaraq Azərbaycana rəhbərlik missiyası, ləyaqətli varis kimi bəhs edilmiş və obrazı yaradılmışdır. Ali Baş Komandan İlham Əliyevə həsr edilən əsərləri özünün məzmun-ideya xüsusiyyətləri və xronologiyasına görə, əsasən, iki sırada qruplaşdırmaq olar: birinci sırada İlham Əliyev Azərbaycan xalqının böyük lideri Heydər Əliyevin davamçısı və onun ideallarının daşıyıcısı kimi; ikincidə isə xilaskar və Müzəffər Ali Baş Komandan kimi. Bu mənada, bədii ədəbiyyatımızda Ali Baş Komandan İlham Əliyev obrazı, Abuzər Turanın da qeyd etdiyi kimi, "Qırx dörd günlük Vətən müharibəsində poladdan da sərt iradə, vətənpərvərliklə yoğrulmuş əzmkarlıq, mənfur düşmənlə mərdanə döyüş aparmaq nümunəsi, ağılasığmaz qəhrəmanlıq örnəyi, dünyanı heyrətə salan qeyri-adi sərkərdəlik və siyasətçi etalonu nümayiş etdirən, halal torpaqlarımızı yağı tapdağından qurtaran, xalqımızın təhqir edilmiş qeyrətini cənnətməkan şəhidlərimizin müqəddəs qanı ilə arındırıb paklandıran, millətimizin aşağılanmış heysiyyətini xilas edən, Azərbaycanımızın yeni şanlı tarixini yaradan, bu misilsiz qələbələrlə yanaşı, özünün və atasının - ustadının mübarək adlarını əbədi olaraq tarixin silinməz səhifələrinə qızıl hərflərlə həkk edən dəmir yumruqlu, Ulu Öndər yadigarı, xalqımızın güvənc ünvanı, pənah yeri, istəkli lideri, sərkərdəmiz, Ali Baş Komandanımız" olaraq yazarlar tərəfindən obrazlaşdırılmış, vəsf, tərənnüm, alqış və minnətdarlıq sözləri deyilmişdir.
Şair Elman Həbibin "İlham - xalqın İlhamı" poemasında böyük liderlik missiyasının davamçısı kimi xalqın İlham Əliyevə bəslədiyi məhəbbət, ümid və inam ümumiləşdirilərək yer almışdır. Poemanın bədii diqtəsi qələbə yolunun təntənəsi üzərində qurulmuşdur. Ümumxalq inamı ümumiləşdirilən əsərdə bu böyük şəxsiyyətin - Azərbaycanın yeni liderinin ölkəni işıqlı sabaha çıxaracağı, taleyüklü məsələləri həll edəcəyi, Azərbaycana yeni dünya, yeni həyat bəxş edəcəyi inamı poetik düşüncə və diqtəni təşkil etmişdir. Şair əsərin girişindən İlham Əliyev şəxsiyyətinə olan ümumxalq inamı və məhəbbətini məhz poetik şəkildə belə ifadə etmişdir:
Kimə səs verdi bu xalq?!
Niyə səs verdi bu xalq?!
Bu xalq öz inamına,
Arzusuna səs verdi.
Ağlına, idrakına,
Kamalına səs verdi.
Şair "Hər kəs öz kökü üstə Boy atdı və cücərdi", "Kimin kökündə nəydi Yarpaq-yarpaq bilindi" kimi misraları ilə xalqın "ot kökü üstə bitər" hikmətli sözünə ədəbi parodiya edərək İlham Əliyev şəxsiyyəti və liderliyinin məhz xalqın xilaskarı və əbədi rəhbəri olan Heydər Əliyev tərbiyəsi üzərində boy atıb inkişaf etdiyinə fikirləri cəmləmişdir. Sanki şair böyük öndərin gənc siyasi lider haqqındakı bu xeyir-duasını, fikirlərini poetik əks etdirmişdir, necə ki Ulu Öndər Heydər Əliyev demişdir: "O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Doğrudan da, özünün siyasi fəaliyyəti dönəmində İlham Əliyev gənc olmasına baxmayaraq, Azərbaycanı dünya miqyasında ən etibarlı tərəfdaş və qüdrətli dövlətlərdən biri kimi tanıtmağa, inkişf etdirməyə nail olmuşdur. Şair Elman Həbibin poemasında şəxsiyyətlə xalqın vəhdəti prinsipi gözlənilərək xalq-lider qarşılıqlı təması poetik kompozisiyada da gözlənilmişdir. Burada Liderin özünün idealları və qarşıda duran vəzifələri haqqında fikirləri səsləndirildiyi kimi, xalqın da səsi rəhbərinin nailiyyəti və ona olan etimadı haqqında fikirlər əks etdirmişdir.
"Prezident" adlanan və üç dildə nəşr olunan poemada müəllif Mirkazım Seyidov Ulu Öndər varisi İlham Əliyevin həyatı, fəaliyyəti və amallarından bəhs etmişdir. Poemada xalqın sevimlisi Prezident İlham Əliyevin əhatəli bədii obrazı və xarakteri, fəaliyyəti və digər keyfiyyətləri əks etdirilmişdir. Əsərdə İlham Əliyev bir rəhbər kimi çevik və praqmatik düşüncəli, bacarıqlı və qabil bir rəhbər olaraq təqdim edilmişdir.
Bir az əvvəl adlarını çəkdiyimiz əsərlər, o cümlədən Ələsgər Nehrəmlinin "Prezident vəzifən, İlham, mübarək", "Davam edir Heydər yolu" şeirlərində gənc lider İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin xeyir-duası və xalqın sevgisi, etimadı ilə siyasi hakimiyyətə gəlişi və dahi rəhbərin yolunu davam etdirməsi missiyası öz ifadəsini tapmışdır. Şair "Prezident vəzifən, İlham, mübarək" şeirində İlham Əliyevin prezident seçilməsindən doğan qüruru və xalqın gələcəyə olan ümidlərini ifadə etmişdir. "Davam edir Heydər yolu" şeirində də bu fikirləri davam etdirən şair İlham Əliyevin timsalında Heydər Əliyevin uğurla davam etdirilən yolunun və ideallarının böyük qələbə və nailiyyətlərlə nəticələnəcəyinə ümidlərini ümumiləşdirmişdir. Dahi rəhbərin davamçısının böyük uğurlar gətirəcəyinə ümidlərlə bərabər, əldə edilən nailiyyətlərdən də doğan razılıq əsərdə öz ifadəsini tapmışdır.
El şairi Sərraf Qasımın "Barısan İlham", "Fitrətdi İlham" kimi şeirlərində İlham Əliyevin Heydər Əliyevdən qopan düha olduğu tərənnüm edilmiş, onun şəxsiyyətinə ümumxalq sevgisi, inamı və ümidləri poetik əksini tapmışdır. Şair bu qüdrətli gəncin gələcək zəfər zəngi, qələbə müjdəçisi olacağına ümidlərini ifadə etmişdir.
Müstəqillik illərində Naxçıvan yazıçılarının ağsaqqalı olan istedadlı şair Asim Yadigarın əsərlərində də İlham Əliyevə bəslənilən ümumxalq məhəbbəti, Ulu Öndər Heydər Əliyevin yadigarı və davamçısı siması olması məharətlə əks etdirilmişdir. Xalqın bəslədiyi inam, ümid, İlham Əliyevin məhz bu ümidləri gerçəkləşmək qüdrəti olan bir şəxsiyət kimi bədii obrazı Asim Yadigarın poetik məharətində özünə yer almışdır. Şair bu qüdrətli şəxsiyyətin xalqın rəhbəri seçilməsini məharətlə obrazlı şəkildə ifadə etmiş, sözün qanadlı ifadələri vasitəsilə bir qüdrət simvolu kimi təqdim etmişdir:
Yolu Heydər yoludur, yolu millət yoludur,
Xalqa, elə, Vətənə bir sədaqət yoludur.
Hər işi, hər əməli hünər, qeyrət yoludur,
Gəldi, sönməz Günəşin nuru, şüası gəldi,
Gəldi, ulu Heydərin İlham dühası gəldi.
...Cənnət olub Vətənim - köksümə sığmır ürək,
İnanıram, bir gün də Naxçıvanım güləntək
Qarabağım gülərək zil səsiylə deyəcək:
- Şuşaya, Xocalıya eli, obası gəldi!
Gəldi, ulu Heydərin İlham dühası gəldi,
Gəldi, Ulu Öndərin İlham dühası gəldi!
Qeyd edək ki, İlham Əliyevin siyasi fəaliyyətinə, uzaqgörən rəhbərliyi və ümidverən sərkərdəliyinə ümid və inam hissləri bu gənc liderin Ali Baş Komandan kimi obrazlaşdığı, müraciət ünvanı təşkil etdiyi bir sıra əsərlərdə, habelə A.Yadigarın "Hücum əmri ver mənə, Ali Baş Komandanım", "Döyüş əmri ver mənə, Ali Baş Komandanım", Xanəli Kərimlinin "Vur, əsgərim, haqq sənin, həqiqət də" şeirində və b. əsərlərdə yer tapmışdır.
Məlum olduğu kimi, 2020-ci il Azərbaycan tarixində və hətta onun yerləşdiyi regionda dönüş nöqtəsi olmuşdur. Belə ki, uzaqgörən lider İlham Əliyevin qətiyyətli və müdrik sərkərdəliyi sayəsində Azərbaycan Ordusu mənfur işğalçı Ermənistanı və havadarlarını ağır məğlubiyyətə uğradaraq torpaqlarını işğladan azad etdi, müqəddəs Qarabağa, Şuşaya azadlıq bəxş etdi. Cəmi 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın müqəddəs şəhəri Şuşa, o cümlədən Zəngilan, Füzuli, Laçın, Kəlbəcər və b. torpaqlarımız işğaldan azad edilmişdisə, 2023-cü ilin sentyabrında cəmi 24 saatlıq müharibənin ardından düşmən ağ bayraq qaldıraraq təslim olduğunu bildirmiş və Xankəndi kimi müqəddəs torpağımızın azad olunmasının sevincini yaşamışdıq. Bu misilsiz nailiyyətlər İlham Əliyevə müzəffərlik - Müzəffər Ali Baş Komandan, ordumuza isə - Müzəffər Milli Ordu adı qazandırmış oldu. Bu münasibətlə yazılan əsərlərdə ümumxalq sevinci ifadə və tərənnüm olunmaqla bərabər, Ali Baş Komandanın müzəffərliyinə, uzaqgörən və müdrik qərarlarına, onun qətiyyəti və hazırcavablığına və s. şeirlər yazıldı, əsərlər həsr edildi. Tariximizdə və o cümlədən ədəbiyyatımızda yeni epoxa, yeni dönəm başlandı. Bu baxımdan Naxçıvan ədəbi mühitinin bir sıra nümayəndələrinin - A.Yadigarın "Zəfər yolu" lirik poeması, Xanəli Kərimlinin "Bayrağını uca qaldır, Ana Vətən" poeması, M.Nağıqızının "Vətən", "Salam", "Salam olsun", "Yazan", İbrahim Yusifoğlunun "Zəfər nəğmələri", Ramiz Babayevin "Mənim qalib komandanım", "Ey Vətən, qələbə günün mübarək", "Xoş gəldin, Şuşam", Əbülfəz Ülvinin "Əsl dostluğun rəmzi", "Dəmir yumruq", "Xalqın bir xahişi var", Hüseyn Bağıroğlunun "Nə yaxşı göydədir hələ göy üzü", Təranə Arifqızının "Qarabağı ürəyimdə gətirmişəm" , "Zəfər nəğmələri yazılır indi", "Gözün aydın, Qarabağım, qayıtdıq", Alməmməd Eldaroğlunun "Baş Komandan, Milli Ordu", "Haqq yolu", "Vətən oğlu", Elxan Yurdoğlunun "Zəfər himni" kimi şeirlərində, Güllü Məmmədovanın "Şuşa Fatehlərin zəfəri. Xüsusi təyinatlılar", Safi Abdullanın "Mərmidən xatirələr", Şükür Qafarın "Savaş zəfərlə bitdi", Natiq Əlisoyun "Müharibənin görünməyən qəhrəmanları", Rəqsanə Nəcəfovanın "İşğaldan qələbəyə 44 addım", Sərdar Zeynalın "Vətən, döyüşə başla" və b. kimi kitablarda xalqın qələbə sevinci ilə bərabər, birbaşa və ya dolayısı olaraq Ali Baş Komandan İlham Əliyevin də müzəffərliyi, uzaqgörənlik, qətiyyət və müdriklik kimi xüsusiyyətləri tərənnüm və vəsf edilmiş, ümumxalq sərkərdəsi kimi qalib obrazı yaradılmış, xalqın alqış, dua və minnətdarlığı ifadə edilmişdir. XX əsrin lider şəxsiyyəti, yeni əsrdə Azərbaycan xalqının yeni xilaskarı cənab İlham Əliyevin 44 günlük Vətən müharibəsi zamanında işlətdiyi ifadə və sözlər yazarlarımızın da qələmindən əsərlərin başlığına, məğzinə, mənasına gələrək yeni bir ədəbi missiya qazanmışdır.