Bişkekdə Azərbaycan və rus dillərində “Azərbaycanda Milli hərəkat" kitabı nəşr edilib - ÖZƏL
9 Oktyabr 2023 14:37 MədəniyyətTürkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə Bişkekdə Azərbaycan və rus dillərində "Azərbaycanda Milli hərəkat kitabı" nəşr edilib.
Vətəni, milləti, Türk dünyasını bütün varlığı ilə sevən, jurnalistika, ədəbiyyat və mədəniyyət sahəsində misilsiz xidmətlərilə seçilən fədakar bir şəxsiyyətin - professor Şirməmməd Hüseynovun təqdimindəki bu kitabın qardaş Qırğızıstanda, Bişkekdə, "Uluu Toolor" nəşriyyatında nəşri Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun Prezidenti, Ulu Öndər Heydər Əliyev irsinin, Azərbaycan həqiqətlərinin, ədəbiyyat və mədəniyyətinin yorulmaz təbliğatçısı Nüsrət Məmmədovun öz xalqına daha bir gözəl töhfəsi kimi dəyərləndirilməlidir.
"Voprosı istorii" ("Tarix məsələləri") sovet dövründə yaranmış tarix jurnalları içərisində ən qədimidir. 1926-cı ildən 1941-ci ilə qədər "İstorik-marksist" ("Marksist tarixçi"), sonra "İstoriçeski jurnal" ("Tarix jurnalı") adları ilə nəşr olunmuşdur. 1945-ci ildən indiki adı ilə çıxır. Rusiya və dünya tarixinin aktual problemlərini dərindən və obyektiv işıqlandırdığına görə elmi ictimaiyyət arasında yüksək nüfuz qazanrmşdır. Bütün bu illər boyu jurnalın səhifələrində Rusiya və bir çox xarici ölkənin görkəmli tarixçilərinin əsərləri dərc edilmişdir. Analoji nəşrlərdən həm Rusiya, həm də bütöviükdə dünya tarixini əhatə edən geniş mövzu dairəsi ilə, materialların yüksək nəzəri səviyyəsi ilə, ölkələrin və xalqların mürəkkəb tarixi inkişaf proseslərinə qərəzsiz yanaşması ilə, müasir tarixi fikrin hərtərəfli təhlili ilə seçilir.
Son vaxtlar jurnalda tarixi sənədlər, əsasən, uzun iliər yasaq altında saxlanmış arxiv materialları böyük yer tutur. Belə yazılar "XX əsrin siyasi arxivi" rubrikasında dərc edilir. Jurnalın "Tarixi portretlər", "Tarixi publisistika", "Tarixçilər zaman və özləri haqqında" kimi bölmələri xüsusilə diqqətəlayiqdir. Son onilliklərdə jurnalın səhifələrində dərc edilmiş, hazırda həm də kompüter versiyasında verilən materialiar tarix elminin keçdiyi daşlı-kəsəkli inkişaf yolunu göz önünə gətirməyə yardımçı olur, tarixin ən müxtəlif problemlərinə dair diskussiyaların xarakteri və məzmunu, eləcə də sürətlə dəyişən dünyada tarix elminin vəziyyəti, elmi statusu, rolu və yeri haqqında təsəvvür yaradır.
Jurnal "XX əsrin siyasi arxivi" rubrikası altında M.Ə.Rəsulzadənin 1933-cü ilin noyabrında yazmış olduğu "Azərbaycanda milli hərəkat" adlı çox dəyərli tarixi əsərini (2002, №2, s. 11-32) və müəllif barədə irihəcmli "Məhəmməd Əmin Rəsulzadə" məqaləsini (s. 3-11) dərc etmişdir. Məqalənin müəllifi tarix elmləri namizədi Salavat Midhətoviç İsaqovdur. Həmin yazıları professor Şirməmməd Hüseynov bu kitabda oxuculara təqdim edir.
Kitaba ön sözü də professor Şirməmməd Hüseynov yazmışdır. Tərcümənin redaktoru isə, professor Nəsir Əhmədlidir.
Xüsusi ilə vurğulayaq ki, fond öz ənənəsinə sadiq qalaraq kitabı pulsuz yayacaq və gələcəkdə kitabı qırğız, ingilis dillərinə də tərcümə etdirməyi nəzərdə tutur.