İbrahim İlyaslı ilə Göyçay Gənclər Evində görüş
21 Sentyabr 2023 15:27 MədəniyyətSentyabrın 20-də AYB Ağdaş Regional bölməsinin və Göyçay Gənclər Evinin birgə təşkilatçılığı ilə Göyçay Gənclər Evində Azərbaycan Yazıçılar Birliyi poeziya seksiyasının və Əli Kərim adına Sumqayıt şəhər Poeziya Evinin rəhbəri, Türk Ədəbiyyatı Vəqfinin və Çuvaşıstan Yazıçılar İttifaqının Fəxri üzvü, şair İbrahim İlyaslının 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
İbrahim İlyaslı və tədbirin təşkilatçıları Göyçay rayon İcra Hakimiyyətindəki görüşdən sonra ümummilli lider Heydər Əliyevin abidəsini, Şəhidlər Xiyabanını və şair Əli Kərimin məzarını, eləcə də Əli Kərim parknda yerləşən "Əbədiyaşar Ədiblər" kompleksini ziyarət edərək ora tər gül dəstələri qoymuşlar.
Tədbir başlamazdan öncə Vətənin azadlığı və suverenliyi uğrunda, eləcə də son günlər Qarabağda aparılan antiterror əməliyyatları zamanı şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra Gənclər Evindəki tədbiri açıq elan edən AYB-nin üzvü, göyçaylı şair Qalib Nuri Arif, İbrahim İlyaslının həyat və yaradıcılığı ilə tədbir iştirakçılarını yaxından tanış etmişdir.
"Yeni həyat" qəzetinin redaktoru, AYB-nin üzvü, filoloq Adil Məmmədli şairin indiyəcən nəşr olunmuş kitabları ilə bağlı geniş məruzə ilə çıxış etdikdən sonra söz AYB Ağdaş Regional Bölməsinin sədri, şair Fəxrəddin Əsədə təqdim edilmişdir. O, qələm dostu İbrahim İlyaslının AYB Poeziya seksiyasının rəhbəri olaraq fəaliyyətindən və onun geniş yaradıcılıq imkanlarından, eyni zamanda uğurlu tərcümələrindən danışıb.
Tədbirdə Göyçay şəhər 4 saylı tam orta məktəbin və Göyçay Uşaq Yaradıcılıq Mərkəzinin şagirdləri şairin şeirlərini söyləmiş, ona xoş arzularını bildirmişlər.
Tədbirdə iştirak edən Göyçay şəhər ziyalıları Vəli Səmədov, Natiq Hacıyev, tarix elmləri üzrə fəlsəfə doktoru Pərviz Yəhyalı, R.Rzanın Ev Muzeyinin direktoru Solmaz Həsənova, şair Aida Adıgözəl, Sumqayıtdan tədbirə dəvət almış yazarlardan Qərib Əliyev, Hikmət Fərzəli, Polad İbrahimoğlu, Elvin Əlizadə şairlə bağlı öz ürək sözlərini bölüşmüş, onu 60 illik yubileyi münasibəti ilə təbrik etmişlər.
Şair Əli Kərimin bacısı oğlu Vaqif Məmmədov Əli Kərim yaradıcılığının təbliğ olunmasında, kitablarının yeni nəşrlərinin çapa hazırlanmasında göstərdiyi fədəkarlığa görə İbrahim İlyaslıya ailəsi adından təşəkkürünü bildirdi.
Tədbirin sonunda İbrahim İlyaslı vətənpərvərlik mövzusunda qələmə aldığı yeni şeirlərini oxudu, göstərdikləri diqqət və sayqıya görə tədbirin təşkilatçılarına, eləcə də görüşə gəlmiş şəhər ziyalılarına, gənclərə öz minnətdarlığını bildirdi.
Tədbir Azərbaycanın Xalq şairi Rəsul Rzanın Ev Muzeyini ziyarət etməklə başa çatıb.