Mədəniyyət forumunun hər il keçirilməsi milli mədəniyyətin inkişafına təkan verə bilər - ÖZƏL
4 Sentyabr 2023 11:36 Mədəniyyət"1-3 sentyabr tarixlərində ölkəmizdə H.Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Azərbaycan dili və Ədəbiyyatı" Forumu keçirildi. Sentyabrın 1- də Şamaxıda açılan Forum sonrakı iki gün ərzində paytaxtımızın Gülüstan Sarayında öz işini davam etdirdi. Bir-birindən maraqlı panel müzakirələri açıq dialoq və səmimi polemika şəraitində keçdi. Mədəniyyətin müxtəlif istiqamətləri üzrə aktual problemlərin müzakirə olunduğu panel toplantılarında görkəmli elm, mədəniyyət, incəsənət və ədəbiyyat xadimləri maraqlı çıxışlar etdilər". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Cavanşir Feyziyevin sözlərinə görə, çağdaş Azərbaycan ədəbiyyatının klassik ənənələri və müasir innovativ trendləri, qloballaşma şəraitində dilimizin yad təsirlərdən qorunması və inkişaf etdirilməsi mexanızmləri, teatr və kino sənayesinin inkişafında ədəbiyyatın rolu, nitq mədəniyyətinin inkişaf etdirilməsi, mütaliə vərdişlərinin aşılanması və stimullaşdırılması və s kimi vacib məsələlər çıxışların əsas mövzularını təşkil etdi: "Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyi tərəfindən birgə təşkil olunmuş Forum ölkənin mədəni həyatında böyük mədəni hadisə effekti yaratdı. Belə Forumların hər il keçirilməsi ziyalıların və yaradıcı adamlarımızın milli mədəniyyətimizin inkişaf etdirilməsindəki rolunu daha da fəallaşdıra və yeni yaradıcılıq uğurlarına gətirib çıxara bilər. 2020- ci ilin hərbi uğurlarının elm və mədəniyyət, ayrılıqda ədəbiyyat sahəsində uğurlarla tamamlanması ölkəmizdə mədəni-sosial həyatın daha yüksək pilləyə qaldırılmasını təmin edəcək mühüm bir mərhələdir".