Əslində o, gəncliyimizin, kinomuzun qəhrəmanıdır - ÖZƏL

"Özü haqqında danışanda həmişə "mən qəhrəman deyiləm, yalnız qəhrəmanları oynamışam" deyir. Əslindəsə o, qəhrəmandır. Uşaqlığımızın, yeniyetməliyimizin, gəncliyimizin, kinomuzun qəhrəmanı". "Olaylar" xəbər verir ki, bunu tanınmış müğənni Ruhiyyə Əliyeva Prezident İlham Əliyev tərəfindən Xalq artisti Rasim Balayevə "İstiqlal" ordeni təltif edilməsinə münasibət bildirirəkən deyib. Onın sözlərinə görə, Xalq artistinin oynadığı hər rolu, yaratdığı hər obrazı yadddaşımıza, mədəniyyət tariximizə həkk etməyi bacaran kino fədaisi, böyük sənət adamı: "Bizlərin - onun sənətini sevənlərin Beyrəyi, Babəki, Nəsimisi, Cəbisi, Həsənzadəsi... Onu məhz peşəkar, fərqli, canayatan ifa tərzi, xarizmatik görünüşü, yatımlı səsi və sadəliyi ilə sevmişik. Filmlərində söylədiyi bütün fikirləri onun dilindən eşidib əzbərləmişik. "Mən Qazandan dönmərəm, istər məni, iki parça elə",  "Bir gün azad yaşamaq, qırx il boyunduruq altında sürünməkdən daha üstündür", "Mən əbədiyyət üfüqündə doğan Günəşəm, Günəş qürub edəndə, saralar", "Hava da insan kimidir, ona bel bağlamaq olmaz" deyimləri yadımıza sözlərin gerçək müəllifindən çox onu salır.  Çünki hər obrazı özününkü etməyi, cani-dildən yaratmağı, hər kəsə sevdirməyi çox gözəl bacarır. Bu gün bu böyük sənətkarın 75 yaşı tamam olur. Bu münasibətlə Azərbaycan Prezidenti İlham Əliyev dəyərli Xalq artistimizi "İstiqlal" ordeni ilə təltif edib. Biz də dəyərli Rasim müəllimi 75 illik yubileyi və sənətinə verilən böyük mükafat münasibətilə ürəkdən təbrik edirik.  Ona möhkəm cansağlığı, yaradıcılıq uğurları diləyirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31