Kərim Xan Xoylu Mehmetzadənin Məşədi Məhəmməd Fərzəliyev Şuşalı ilə bağlı xatirələri...

Olaylar.az xəbər verir ki, bu barədə Gülhüseyn Kazımov öz rəsmi "Facebook" səhifəsində paylaşım edib.

O qeyd edib ki:

" - Çox dəyərli Gülhüseyn bəy qardaşım, Türkiyədə Məşədi Məhəmməd əmini tanıyan yaşayanlardan məndən başqa qohumum Leyla Şeyxzamanlı vardı. Nağı bəy Şeyxzamanlının gəlini idi təəssüf ki, 8-9 ay əvvəl dünyadan köçdü. Dr. Xosrov bəy Sultanov və Şəfi Bəylər də rəhmətlik Məşədi Məhəmməd əminin həyat yoldaşı Xədicə  xalanı çox səvərdilər. Bizə gəldiyi zaman möhürünü daim yanında daşıyar və həmişə eyni səccadə də namaz qılardı, bunları çox yaxşı xatırlayıram. Bir də Məşədi Məhəmməd əminin son zamanlarda gözləri çox zəifləmişdi hətda vəfatından 1-2 il əvvəl heç görməməyə başlamışdı. Qlokom(?) göz xəstəliyi vardı o zamanlar heyif ki,  müalicəsi  yox idi.  Oğlu Mahmud məndən 20-25 yaş böyük  idi. Çox yaxşı elektrik ustasıydı. Bütün azərbaycanlı mühacirlərin elektrik işlərini o görürdü. Bir türk xanımla evləndi və uşaqlarının adı Çingiz idi. Gənc yaşında öldüyü üçün bir daha onlardan xəbər almadıq. Son zamanlarda maddi durumları yaxşı olmadığı üçün xeyirsevər azərbaycanlılar onlara xeyli yardım edirdilər. Azərbaycan gecələrində və 28 May  əyləncələrində Məşədi Məhəmməd əmi əlində dəfi ile segah üstündə mahnılar oxuyardı.  Üzeyir Hacıbəylinin " Arşın mal alan" və "Məşədibad" oyunlarında mütləq qısa muğamlar oxuyardı. Əlimərdan bəy Topçubaşovun qızı Sara xanımın əri Ələşrəf bəyin  Beyoğlundaki "Yeni Ses Tiyatrosu"nda Azərbaycan gecələri tərtib edilirdi. Tarzən Məmməd Hüseyn Qasım bəy ilə Məşədi Məhəmməd əmi mütləq bu gecələrdə iştirak edərdilər. Sizlərə biraz bilgi verdim təxminən 70-75 il keçib o günlərin üstündən mən  indi 86 yaşımı doldurmuşam.  Demək o zamanlar 13-14 yaşlarında idim .

Biz də Beyoğlu Firuzağada yaşayırdıq. Onlar da bizdən 200-300 metr  aralıda yaşayırdılar. Oraları çox uçurmayıblar, amma evini tapa bilmərəm. Mənim doğulduğum ev durur 25 il o evdə yaşamışıq. Məşədi Məhəmməd əmi son zamanlarında yəni mən 10-12 yaşlarındaykən çox qalın çərçivəli bir eynək taxırdı, amma  zənn edirəm ki, son 1-2 ildə gözləri çox pis görürdü. Xədicə xala hər zaman qara çadra geyinirdi və yaxşı Gəncə paxlavası bişiriərdi. Anam və Şirinbəyim nənəm gəlib yuxa yayar və onlar birlikdə Gəncə  paxlavası bişirərdilər o paxlavaların dadını heç unuda bilmirəm. .

Məşədi Məhəmməd əmi bizim çox yaxın bildiyimiz Xədicə xalanın əri olan illərcə İstanbulda Azərbaycan  gecələrində mahnı və segahlarını dinlədiyimiz Məşədi Məhəmməd Fərzəliyev idi. Çox  yaxşı tar çalardı 25-30 il əvvəl yeganə oğlu Mahmud  o biri dünyaya köçdü . İstanbuldakı bütün mühacirlərin çox sevdikləri və yardım etdikləri dostları idi. Xatırlattığınız üçün sağ olun mən də 65-70 il əvvəlki "Pera palas" otelindəki gecələri çox yaxşı xatırlayıram. Məşədi Məhəmməd əmi,  Xədicə xala ve oğlu Mahmud nur içində yatsınlar."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31