Xalq artisti: "Mən o aktrisalardan deyiləm ki..."
2 İyul 2012 12:48 Mədəniyyət"Hər şeyin başlanğıcı bir az çətin, söz-söhbətli olur". Xalq artisti Nuriyyə Əhmədova çəkilən seriallarla bağlı fikirlərini bildirib: "Artıq serial çəkməyə başlayıblar. Bir neçə seriala ötəri baxmışam, pis deyil, yaxşıdır. Çünki bizim məktəb yüksək səviyyədədir. Şükürlər olsun ki, texnika da gəlib, bu texnikanı mənimsəmək üçün cavanlar yetişməlidirlər. Hər şeyin başlanğıcı bir az çətin, söz-söhbətli olur. Amma mən inanıram ki, seriallarımız yüksək səviyyədə olacaq. Biz artıq öz seriallarımızı xaricə verə bilərik, bunu mən görürəm. Düzünü deyim ki, serialların hamısına baxmıram, elə azca baxan kimi iş prosesindən bilirəm ki, necədir. Mən çox sevindim ki, telekanallarımızda xarici serialların yayımına qadağa qoyuldu". Aktrisa yeni çəkilən seriallardan ona hələ ki, dəvət gəlmədiyini də vurğulayıb:
"Düzü, hələ ki, təklif gəlməyib, ola bilsin ki, gəlsin. Onu da deyim ki, mənim seriallardan çox, filmə marağım var. Əlbəttə ki, təklif gəlsə, yenə də baxacağam, yenə də mən Nuriyyə Əhmədovayam. Əgər mənə oynadığım bir rol təklif edərlərsə, mən deyəcəyəm ki, gedin filan gənc aktrisa var, onu seçin. Çünki mən artıq bu rolu oynamışam, təkrarçılıq nəyə lazımdır ki? Məndə bu xüsusiyyət var. Çoxları seriallarda olmamağımın səbəbini məndən soruşurlar. Mənim üçün o bir dərd deyil. Bilirəm ki, çəkiləcəyəm, təki cansağlığı olsun. Mən o aktrisalardan deyiləm ki, deyim ki, bu rolu mən oynayacaqdım, başqası oynadı. Heç vaxt məndə bu paxıllıq olmayıb. Mən ancaq onu istəyirəm ki, bizim filmlərimiz də, seriallarımız da yüksək səviyyədə olsun". Milli.Az