Minilliklərin yadigarları, yaxud daşlaşmış mədəniyyət nümunələri
18 Aprel 2012 14:05 MədəniyyətAbidələr təkcə tarixin yaddaşı və yadigarları deyil, eyni zamanda, maddi-mədəniyyət nümunələridir.
Ona görə də onların qorunması və gələcək nəsillərə çatdırılması olduqca vacib məsələlərdən biridir. Hətta bu məqsədlə 1983-cü ildə UNESCO-nun Beynəlxalq Abidələrin Mühafizəsi Assambleyası da təsis edilib. Məqsəd diqqəti maddi-mədəniyyət nümunələrinin və tarixi ərazilərin qorunmasına yönəltmək olub.
Sivilizasiyalı bəşəriyyətin tarixi keçmişini məhz bu kimi abidələrlə öyrənmək mümkündür. Minilliklərin yadigarları olan abidələrin, təəssüf ki, heç də hamısını günümüzə qədər qoruyub saxlamaq mümkün olmayıb. Onların sıradan çıxmasının isə təbii və süni səbəbləri vardır. Belə ki, təbii aşınmalara məruz qalan abidələr həmçinin insan əli və əməlinin də qurbanlarına çevrilmişlər. Zaman-zaman ərazilər yadellilər tərəfindən işğal edilərkən məhvə məhkum olunan maddi-mədəniyyət nümunələri içərisində dini xarakterliləri də az deyildir. Bütün hallarda belə tarixi sərvətləri qoruyub saxlamaq hər bir xalqın vətəndaşlıq borcuna çevrilməlidir.
Bildiyimiz kimi, Azərbaycan da bəşər sivilizasiyasının ilk meydana gəlmiş ərazilərində yerləşir. Təbii coğrafi mövqe və həyat şəraitinin təmini üçün zəruri mühitin olmasındandır ki, bu yerlər ilk insan məskənləri kimi tarixə yazılıb. Aparılan arxeoloji tədqiqatların nəticəsində məlum olur ki, Azərbaycan ərazilərində yaşamış qədim insanlar çox böyük və şərəfli tarixə malikdirlər. Ulu babalarımız çox dəyərli maddi-mədəniyyət nümunələri yaratmışlar və onlar respublikamızın ərazilərində yetərincə qeydə alınıblar. Bu abidələr hər bir xalqın və ya millətin tarixi, mədəniyyəti, bir sözlə, inkişafının ən bariz sübutudur. Maraqlıdır ki, Azərbaycan ərazilərində belə abidələrin sayı həddən artıq çox olub və onların yaşı əsrlərlə hesablanır. Ona görə də ölkəmizə səfər edən Avropa səyyahları Azərbaycanın tarixi mədəni abidələrinə heyranlıqlarını gizlədə bilməmiş və bu barədə dəfələrlə öz xatirələrində qeyd etmişlər.
Maddi-mədəniyyət abidələri ilə yanaşı, yuxarıda qeyd etdiyimiz kimi, dini xarakterli məbədlər də bu yerlərin tarixinin qədim və zənginliyini özündə əks etdirir. Coğrafi nöqteyi-nəzərdən harada tikilməsindən asılı olmayaraq, ilk növbədə, onların təbii mühafizəsi nəzərə alınıb.
Qobustan qayalıqları ilə Azıx mağarasında ilk insanın əl işlərinin dövrümüzədək gəlib çıxmasında da məhz təbii coğrafi amil əsas rol oynayıb. Qobustanda aşkar edilmiş mağaralar və digər sığınacaqlar, bir sözlə, memarlıq abidələri də sübut edir ki, bu yerlər sivilizasiyaların qovuşaraq yaratdığı mədəniyyətin beşiyi, yəni ilk insan məskənləridir.
Manna və Atropatena dövlətlərinin mədəniyyət abidələri, müdafiə tikililəri - qalalar, yolüstü karvansaralar, o dövrün şəhərlərinin əzəmətli qala divarları, Urmiya gölü ətrafındakı sərdabələrin tədqiqi göstərir ki, hələ VI yüzillikdə bu yerlərdə yaşayış mədəniyyəti o həddə çatıb ki, hətta eyvanlı evlər də tikilib. Yaxud həmin dövrün dini abidələrindən olan od məbədlərini götürək. Bu günümüzədək gəlib çatan belə sərvətlər (Atəşgah məbədi) Azərbaycanın milli memarlığının inkişafında mühüm rol oynayıb. Onu da qeyd etməliyik ki, atəşpərəstliyin yayılması ilə bağlı yaradılan ibadətgahlar islamdan əvvəlki dövrün məbədləri sayılır. Qafqaz Albaniyasının yadigarları da bir daha təsdiqləyir ki, şəhərsalma mədəniyyətinin təşəkkül tapmasının tarixi çox qədimlərə gedib çıxır. Qəbələnin möhkəm qala divarları, saxsı borularda şəhərə su çəkilməsi, dəmirqapı keçidindəki müdafiə sistemi, Çıraqqala, Ləkit və Mingəçevirdəki məbədlər kompleksi, yaxud Sasanilər dövrü tarixini özündə qoruyub saxlayan müdafiə xarakterli abidələr də bunları söyləməyə əsas verir.
Məlumdur ki, islam dininin Qafqazda yayılması ilə bu yerlərdə memarlığın inkişafında da müəyyən dəyişikliklər zərurətə çevrildi. Yeni tipli memarlıq tikililəri - məscidlər, mədrəsələr, türbə və digər məbədlər tikilməyə başladı. Ərdəbil, Marağa, Urmiya, Şamaxı, eləcə də Bərdə, Şabran və digər o dövr üçün Azərbaycanın ən inkişaf etmiş mədəniyyət mərkəzlərindən sayılırdı. O da xüsusi olaraq qeyd edilməlidir ki, islamdan əvvəlki dövrlərdə inşa edilən alban tikililəri milli memarlığın inkişafında mühüm əhəmiyyət daşıyıb. Həmin dövrün abidələrindən söz açarkən Zaqataladakı Paşan Və Muxax, Şəkidəki Böyük Gəldək, Govurqala, Qəbələnin Böyük Əmirli, Dağlıq Qarabağın Xocavənd rayonunun Qarakənd, bir sözlə, respublikamızın bütün bölgələrindəki tarixi, dini, maddi-mədəniyyət nümunələrinin daşıdığı əhəmiyyəti unutmaq olmaz. Yeri gəlmişkən, hər bir dövrün özünəməxsus memarlıq nümunələri olub və onlar tarixi əhəmiyyət daşıyıblar. Heç də təsadüfi deyil ki, Vətənimiz abidələr məskəni sayılır. Son dövrlər həmin tarixin yaddaşlarına münasibət birmənalı şəkildə dəyişib. Çünki tarixi yadigarların daşıdığı əhəmiyyət birə-on qat artıb. Turizmin inkişafında mühüm rol oynayan belə abidə və məbədlər heç də ötəri yerə əcnəbi turistlərin marağını kəsb etmir.
Təəssüf ki, tarixən bu kimi mədəniyyət nümunələri milli, məhəlli münaqişələrin qurbanlarına çevrilməkdən sığortalanmayıblar. Hər dövrün özü ilə gətirdiyi "səmum yeli" onların bir çoxunun daşını daş üstə qoymayıb. Ötən əsrin əvvəllərində və sonlarında ermənilərin məkrli, çirkin siyasəti nəticəsində yer üzündən silinən abidə və məbədlərimiz də az olmayıb. Erməni işğalçılarının talan etdiyi abidələr də Azərbaycan xalqının tarixi və mədəniyyətinin zənginliyini və qədimliyini özündə əks etdirdiyi üçün belə qəddarcasına, vəhşicəsinə yer üzündən silinmiş və ya erməniləşdirilmişdir. Təsadüfi deyil ki, dağıdılmış, məhv edilmiş maddi-mədəniyyət nümunələrinin arasında təkcə Şuşa, Laçın və Qubadlının rəsm qalareyaları deyil, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Kəlbəcərin nəinki ərazilərindəki, hətta muzeylərində qorunub saxlanan belə sərvətlər talan edilərək Ermənistana daşınmışdır.
Dünya birliyi abidələrin beynəlxalq mühafizəsindən danışdığı bir vaxtda erməni vandalizmi Azərbaycanın maddi-mədəniyyət nümunələrini yer üzündən silməklə məşğuldur. Dəfələrlə beynəlxalq tribunalardan səsləndirildiyi kimi, ermənilər heç bir beynəlxalq qanunlara əməl etmək fikrində deyillər. Şuşa tarixən abidələr şəhəri kimi tanınıb. Lakin çox təəssüf ki, 1992-ci il may ayının 8-dən sonra bu qədim, ulu musiqi beşiyində xalqımıza məxsus maddi-mədəniyyət nümunələri dağıdılıb. Orada "güllələnmiş heykəllərin fəryadı" isə beynəlxalq birlikdə, sadəcə, qulaqardına vuruldu. Erməni vandalizminin Azərbaycan ərazilərinə təkcə ötən əsrin doxsanıncı illərinin əvvəllərində təcavüzü nəticəsində Dağlıq Qarabağ və ona bitişik rayonlarda 13 dünya (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli muzey, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi - tarixi və mədəniyyət nümunələrini yerlə yeksan etməsi faktı artıq bir sıra beynəlxalq təşkilatların rəsmi sənədlərində də əksini tapır. Əlbəttə, bura ayrı-ayrı rayonlarda məhv edilmiş abidə və məbədləri də əlavə etsək aydın olar ki, ermənilərin faşizm xislətli çirkin siyasətinin nəticəsidir ki, keçmiş SSRİ-də yeganə sayılan Ağdamın Çörək, dünya şöhrətli, 13 mindən artıq nadir eksponatlı Kəlbəcər və Laçının tarix-diyarşünaslıq muzeyləri darmadağın edilmişdir.
Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın tarixi və mədəniyyət, eyni zamanda, dini abidələrinin barbarcasına dağıdılması və qəsdən korlanması "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyası, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" UNESCO-nun 1972-ci il Konvensiyası, eləcə də "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyası ilə daban-dabana zidd olsa da, nədənsə beynəlxalq birlik belə çirkin "siyasət"in qarşısının alınmasında qəti mövqe göstərmir, bu vandalizmə ikili standartlarla yanaşır.
Bəşər mədəniyyətinin tərkib hissəsi olan maddi-mənəvi irsin qorunması beynəlxalq əhəmiyyət kəsb etdiyindən, onların mühafizəsi bu gün diqqət mərkəzindədir. Azərbaycan dövlətinin yürütdüyü humanitar siyasət nəticəsində respublika ərazisindəki mövcud tarixi, dini və mədəniyyət abidələrinin aşkar edilməsi və mühafizəsi istiqamətində çox böyük və məqsədyönlü layihələr həyata keçirilir ki, bu işdə Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Məhz bu fondun reallaşdırdığı bir sıra regional, yerli və beynəlxalq layihələr əsasında xalqımızın maddi-mənəvi sərvətlərinin qorunub saxlanması və gələcək nəsillərə çatdırılması xüsusi fəaliyyət proqramına çevrilib.
"Azərbaycan" qəzeti