Bolqarıstanın Milli Kitabxanası tərəfindən Azərbaycanın Bolqarıstandakı səfiri fəxri diplomla təltif edilmişdir - FOTO
10 Fevral 2023 21:14 MədəniyyətAzərbaycan Respublikasının Bolqarıstandakı səfiri Hüseyn Hüseynov Bolqarıstan Respublikasının Müqəddəs Kiril və Metodiy adına Milli Kitabxanası tərəfindən kitabxanaya edilən töhfə və kitabxanada "Azərbaycan kitabı guşəsi"nin açılışına görə fəxri diplomla təltif edilmişdir.
2021-ci ilin oktyabr ayında Azərbaycan Respublikasının Bolqarıstandakı səfirliyinin səyləri nəticəsində Bolqarıstanın Milli Kitabxanasında "Azərbaycan kitabı guşəsi"nin əsası qoyulmuş, eləcə də Azərbaycanın tanınmış şair və yazıçılarının əsərləri, o cümlədən ölkəmizin tarixini və mədəniyyətini əks etdirən nəşrlər M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasından Bolqarıstanın Milli Kitabxanasına hədiyyə olunmuş, habelə iki ölkənin milli kitabxanaları arasında Əməkdaşlıq haqqında Memorandum imzalanmışdır. Bununla yanaşı, 2022-ci il ərzində də Bolqarıstanın Milli Kitabxanasına Azərbaycan əsərlərini təcəssüm etdirən yeni kitablar hədiyyə edilmiş, həmçinin Azərbaycan səfirliyinin təşəbbüsü ilə Azərbaycan dilindən bolqar dilinə tərcümə edilmiş bir sıra kitablar da "Azərbaycan kitabı guşəsi"nə təqdim olunmuşdur.


