Nə yaxşı ki, varsınız...

Doğru deyirlər qadın işıqdır, sevgidir, mərhəmətdir, qadın hər şeydir. Dəyərli ziyalımız Əsmər xanımı tanıdıqca, bu fikirlərə daha birini də əlavə etmək istiyər insan: dünyanın mizan-tərəzisi, ədalət meyarı pozulmasın deyə, onun ağırlığını zərif çiynində daşıyan ən güclü varlıqdır qadın. Tanıdığım Əsmər Əliyeva məhz belələrindəndir.

Ehtiram bəslədiyim atası Əlimusa müəllimdən aldığı sağlam güc və anası İradə xanımdan mənimsədiyi mərhəmət, mənəvi dəyər, ağıl, zəka onu həyatının hər anında dimdik ayaqda tutub, insan dəyərlərini qorumaqda yardımçısı olub. Həyat yoldaşı, arxa-dayağı Tural bəylə sanki bir-biri üçün doğulublar. Hər kəsi inandıra bilərəm ki, Əsmər xanım tutduğu hər vəzifəyə, çalışdığı hər işə dəyər qatıb, şərəf qatıb, o işi urvatlı edib. Əsla və əsla vəzifələri ona yox.

Hüquq elmləri üzrə fəlsəfə doktoru Əsmər xanım Əliyeva Bakı Dövlət Universitetinin və Ədliyyə Akademiyasının müəllimidir, bir neçə dərs vəsaitinin və monoqrafiyaların müəllifidir. Dövlət İmtahan Mərkəzinin ekspertidir. O, əsl əsalət nümunəsidir, gerçək pedaqoqdur, millətimizin aydınıdır. Hazırda hakimliyə namizədlərə, ədliyyə qulluqçularına, bələdiyyə sədrlərinə təlimlər keçir, İqtisad Universitetində ingilis dilində mühazirələr oxuyur, Konstitusiya Məhkəməsində ekspert qismində çıxışlar edir, Gömrük Akademiyasında elmi mühazirələr oxuyur. Bu qədər məsul işlərin hamısından öncə qadın adının, ana adının, həyat yoldaşı adının ən üst səviyyəsindədir millətimin bu şərəfli xanımı.

Sayılıb-seçilən dəyərli ailənin - Məşədiyevlərin gəlinidir. Qaynatası Natiq Məşədiyev və qaynanası İradə xanım, əlbəttə, Əsmər kimi gəlinlə qürur duyur, onun milli-mənəvi əxlaqa və dəyərlərə sahib olmasını, ailəsinə, sevdiklərinə bunca bağlı olmasını yüksək qiymətləndirirlər. Evində üç övlad böyüyür Əsmər xanımın, tərbiyəli, gözəl əxlaqlı.Heç şübhə yoxdur ki, Həcər də, Şəfiqə də, Said də ata-anası kimi yüksək dəyərlərin xidmətçisi olacaq, cəmiyyətimizə dəyər qazandıracaqlar, çünki dəyərli ailədə böyüyürlər.

Sevgili Əsmər xanım, sizin haqqınızda nə qədər desəm, yazsam azdır. Təşəkkür edirəm ki, bu qədər mərhəmətli, içi-ruhu sevgi dolu, səmimi və mehribansınız, vulqarlıqdan uzaq, ruh insanısınız, içiniz insan sevgisilə doludur. Haqqınızda yazmaqdan doymaram, inanın ki, yazdığım kəlmələr sizin varoluşunuzu ifadə etməkdə acizdir.

Bu gün doğum gününüzdür. Sizə olan sevgimi, sözümü azacıq da olsa ifadə etmək fürsəti keçib əlimə. Uca Yaradan sizin kimi ziyalı qadınları millətimizə, ailəsinə, övladlarına başacan versin. Millətimizin sizin kimi anaları və müəllimi olduqca, gələcəyimiz olan övladlarımız daha doğru istiqamətlərə yönlənəcək, daha işıqlı sabahlara umutlanacaq. Nə yaxşı ki, varsınız, doğum gününüz mübarək olsun.

Əminə Yusifqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31