Şuşada yağış yağır

Məgər biz bunu gözləmirdik? O "Cığır"ı qalxanda buna sevinmirdik? Şuşada yağış yağır. Allah, Allah bunu iyirmi səkkiz il gözlədik. İndi bu şəhərdə yağışın yağmasına sevinirik. Bizə yağışdan qorunmaq üçün örtük verdilər, amma bu şəhəri alanlara heç nə təklif etmədilər. Əvvəlcə bu mənə ağır gəldi. Sonra məntiqimə güc verdim. Arxamda Şuşanı süngü ilə almış əsgərlər oturmuşdular. Arxamda dövlətin gücünü hiss etdim. Onlar örtüksüz - filansız əllərini dizlərinin üstünə qoyaraq səhnəyə baxırdılar. Qürur duydum. Sol tərəfimdə oturan Rəşad Məcidə baxdım. Qürur duyurdu. Göz elədim ki, Rəşad, bu həmin Şuşanı alan uşaqlardır. O da fəxrlə başını yellədi.

Şuşada yağış yağır!

İslanmışıq, amma bu ləzzət eyləyir. Küçələri yağışın altında Rəşad Məcidlə gəzirik. "Dağlarda toy"dan sonra "Dəmir yumruq"la gəzirik bu yağışın altında. Nə çəkdiyimizi kimsə bilməz.

Şuşada yağış yağır...

Heydər Əliyev Fondunun işçilərinə Şuşa tarixini danışıram. Deyirlər ki, müəllim, siz bunları haradan bilirsiniz? Gülümsəyib söhbəti kəsirəm. Gənclərə hələ çox şey öyrətmək lazımdır.

Mən isə Rəşad Məcidlə yağışın altında küçələri gəzirəm.

Ruhumu kimsə tutmadı. Şəhid olan oğullarımızın küçələrində dolaşdım, arxamda oturan əsgərlərin aldığı küçələrdə gəzdim. Şıdırğı da yağış yağır.

Dünyada məndən xöşbəxt bəlkə də yox idi. Altı il bundan əvvəl cənab Prezidentə Moskvada çıxan iki cildlik "Əmir Teymur" kitabını təqdim edəndə bir arzumu dilə gətirdim. Dedim ki, bu dahi insan otuz beş illik hakimiyyəti dövründə bir döyüşü belə uduzmayıb. Sizə də bunu arzulayıram!

Belə də oldu. Cənab Prezident hələ bir döyüşü də uduzmayıb və biz Cığır düzündəyik. Şuşada isə yağış yağır.

Yunus Oğuz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31