Nəbi Xəzrinin oğlundan sənətçilərə plagiatlıq ittihamı
25 İyun 2012 18:45 MədəniyyətAzərbaycanın xalq şairi Nəbi Xəzrinin oğlu Arzu Babayev sənətçiləri atasına qarşı hörmətsiz hərəkət etməkdə qınayıb.Lent.az-ın verdiyi məlumata görə, Arzu Babayev "Modern.az" saytına açıqlamasında deyib ki, bəzi sənət adamları Nəbi Xəzrinin sözlərinə bəstələnmiş "Ağ çiçəyim" mahnısından plagiatlıq ediblər. Arzu Babayev bildirib ki, uzun illər sevə-sevə dinlənilən və dillər əzbəri olan "Ağ çiçəyim" mahnısından sonra eyni adla yenidən mahnı yazılması artıq plagiatlıqdır: "Bu yaxınlarda efirdə "Ağ çiçəyim" mahnısını eşitdik. İlhamə Quliyeva ifa edirdi. Heç olmasa, mahnı müəllifləri adını dəyişdirib "Ağ çiçək" yazardılar. Atam vaxtilə "Ağ çiçəyim" adlı şeir yazıb və ona musiqi də bəstələnib. Yadımdadır, 1967-ci ildə Emin Sabitoğlu evimizə gəlib ilk dəfə bu mahnını pianoda çaldı və atama oxudu. Bir çox sənətkarlarımız bu mahnını ifa ediblər və həmin "Ağ çiçəyim" mahnısı xalqın sevgisini qazanıb". Arzu Babayev qeyd edib ki, bu yaxınlarda bəstəkar-müğənni Elza Seyidcahanın Cığatel adlı bir xanımın sözlərinə eyni adlı mahnı bəstələdiyini eşidib: "Cığatel kimdir, bilmirik. Yəqin ki, burda mənəvi dəyərlər unudulub, ancaq maddi tərəf düşünülüb. Cığatel xanım Nəbi Xəzrinin yanından yel olub ötə bilməz. Elza Seyidcahan isə Emin Sabitoğlunun yanında sıfırdır. "Ağ çiçəyim" mahnısını bununla unutdurmaq istəyirlər. İlhamə xanıma və onun sənətinə böyük hörmətim var. Görəsən niyə İlhamə xanım bunları nəzərə almadı?"
Qeyd edək ki, ikinci "Ağ çiçəyim" mahnısının bəstəsi əməkdar artist Elza Seyidcahan, sözləri Cığatel Qasımovaya məxsusdur. Mahnı xalq artisti İlhamə Qasımovaya ithaf edilib.