“Qarabağın fatehləri” və “Tarix yazan oğullar” kitablarının təqdimat mərasimi olub
21 İyul 2022 12:26 Mədəniyyət44 günlük Vətən müharibəsi müzəffər ordumuzun qələbəsi ilə başa çatdı. İşğal altında olan torpaqlarımız azad olundu, düşmən məhv edildi, onun "məğlubedilməz" ordusu Azərbaycanın igid, qəhrəman döyüşçüləri tərəfindən darmadağın edildi. Bu qələbə Azərbaycan xalqının əzilən qürurunu özünə qaytardı, şəhidlərimizin qisası alındı, qız-gəlinlərimizin tapdalanan namusu təmizləndi. Qələbənin sonrakı davamını isə bu Şücaətləri göstərən, ölümü göz önünə alaraq vuruşan şəhidlərimizin, qazilərimizin, müxtəlif orden və medallarla təltif olunan Vətən müharibəsi iştirakçılarının misli-bərabəri olmayan qəhrəmanlıqlarını qələmə almaq, onları yaşatmaq, gələcək nəsillərə tanıtmaq idi. Təbii ki, bunu da qələm əhli yerinə yetirməli idi.
"Zaqatala" qəzetinin redaktor müavini, Əməkdar Mədəniyyət İşçisi Elmira Mehdiyevanın müəllifi olduğu "Qarabağın fatehləri" kitabı və qəzetin redaktoru, Əməkdar Mədəniyyət İşçisi İbrahim İbrahimovun Elmira xanımla həmmüəllif olduğu "Tarix yazan oğullar" kitabı qələbə ilə başa çatan müharibənin canlı inikası olmaqla yanaşı, böyüyən nəsilin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayacaq qiymətli bir vəsaitdir.
Zaqatala rayonundan döyüşlərdə minlərlə zabit və hərbi qulluqçu, könüllülər və əsgərlər iştirak etmişdir. Milli azlıqların kompakt halda yaşadığı bu diyarın iğidləri elə qəhrəmanlıqlar göstəriblər ki, o qəhrəmanlıqlar bu gün də dillərdə dastan olaraq gəzməkdədir. Avarı, saxuru, ingiloyu, axaxı, rusu bir olub, birlik olub o qələbəni əldə etdi. Heydər Əliyev mərkəzində bu günlərdə təqdimatı keçirilən "Qarabağın fatehləri" və "Tarix yazan oğullar" kitabları da məhz həmin oğulların keçdiyi döyüş yolundan bəhs edir, o qəhrəmanlıqları tərənnüm edir.
Təqdimat günü Heydər Əliyev mərkəzində Qarabağ, qələbə ab-havası var idi. Rayon rəhbərliyi, hüquq mühafizə orqanlarının nümayəndələrinin, qazilərin, şəhid ailələrinin və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə keçirilən bu təqdimat mərasimində kitabda haqqında söhbət açılan igidlərin qəhramanlıqları bir daha dilə gətirildi, bu qələbənin hərb tariximizdəki yeri və rolu dəyərləndirildi. Çıxış edənlər kitabların əhəmiyyətindən danışmaqla yanaşı qeyd etdilər ki, müəlliflərin böyük əməyi və səyi nəticəsində araya-ərsəyə gələn bu kitablar həm də qələbəmizə böyük bir töhfədir. Bu kitabların davamı olmalıdır, müharibənin hər anı qələmə alınmalı, hər bir döyüşçünün haqqı verilməlidir.
Müəlliflər də öz növbəsində bildirmişlər ki, Zaqaqtaladan olan 33 şəhid, 3 Vətən Müharibəsi Qəhrəmanı, 4 Qarabağ ordenli zabit, 12 Azərbaycan Bayrağı Ordeninə layiq görülmüş döyüşçümüz və digər medallara layiq görülmüş igid oğullarımızdan bəhs edən hər iki kitabı sevə-sevə qələmə almışlar. Burada heç bir millətin adı çəkilməyib, ona görə ki, Azərbaycan onların hər birinin vətəni idi və onlar vətən uğrunda vuruşurdular. Məhz bu böyük missiya, bu birlik bizim qələbəmizin rəhni olmuşdur. Hər iki müəllif Vətən müharibəsi mövzusunda yazmağı davam etdirmək fikrində olduğunu bildirmişdir. Qeyd edək ki, "Qarabağın fatehləri" kitabı Mənəvi dəyərlərin Təbliği fondunun maliyyə dəstəyi ilə, "Tarix yazan oğullar" kitabı isə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə çap olunmuşdur.
![]()
![]()
![]()