Azərbaycan - Zəfər deməkdir!

Elnarə Qaragözova

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Filologiya üzrə fəlsəfə doktoru,

Yeni Azərbaycan Partiyasının üzvü

(Esse)

"Böyük Qayıdış"a -  Zəngilanın Ağalı kəndinə sakinlərin köçürülməsinə həsr edilir

Son dövrlərin ən geniş yayılmış trendlərindən biri motivasiya kitabları, motivasiya  videoları və mentorlarla ünsiyyətdir. Məqsəd yalnız uğur qazanmış insanların sirrini öyrənmək deyil. Həm də öz içindəki suallara cavab tapmaqdır. İnsan övladı ona bəxş edilən zəkaya, idraka görə məsuliyyət daşıyır. İnsan yeganə canlıdır ki, öz fikirlərini izhar edə, yeni varlıqlar yarada bilir. Yaradanın yaratma hüququ verdiyi bu canlının öz varlığını sorğulaması təbiidir. Kiməm, niyə buradayam, nə üçün yaradıldım, məqsədim nədir? Sualların ahəngi və nidası həyatın keşməkeşli məqamlarında daha da güclənərək hayqırtıya çevrilir. Bu zaman həyatın insana öyrətdikləri yetmir. Digər insanların yaşadıqlarından  da nələri isə öyrənməyə ehtiyac duyan insan ona verilən qısa ömür,  möhlət ərzində nə bütün kitabları oxumaq, nə də bütün insanların yaşadığı təcrübəni yaşamaq iqtidarında deyil. Ancaq həyatın yer üzünün əşrəfini özünün məğzini, məramını və missiyasını anlamaqla bağlı dilemmalarla baş-başa qoyduğu anda motivasiya ən ehtiyac duyulan nəsnəyə çevrilir. Nəinki növbəti addımı atmaq, bəzən yaşama davam etmək üçün də zərif insan ruhu nəyə isə tutunmaq, sığınmaq istəyir, həyatın sirrini, açarını axtarmağa başlayır. Bu məqamda da motivasiya ilə bağlı kitablar, videolar və mentorlarla tanışlıq başlayır. Hər biri fərqli hekayətə malik olan bu motivatorlar bəzən bizimlə bir coğrafiya və mentaliteti, eyni etnik kökləri bölüşən insanlardır. Bəzən isə tam fərqli mühitdən, uzaq köklərə malik insanların hekayəsi ilə qidalanmağa, uğura və həyata gedən yolu tapmağa çalışırıq. Lakin fərdi hekayələrin fərqli, polifonik simfoniyası içində öz yolunu tapmaq, hansısa sirri, qanunauyğunluğu kəşf etmək çox çətindir. əslində isə dünyanın ən böyük uğur hekayəsi bizim gözümüzün qarşısında, bizim iştirakımızla reallaşıb.  XXI əsrin ən böyük zəfər motivatoru - AZƏRBAYCAN! 44 günlük savaşda qazandığı Zəfərlə 30 ilin ağrısını, yarasını sağaldan Azərbaycan! Səməd Vurğunun   "nələr çəkib başın sənin" dediyi Vətən! Əsrlər boyu yaşadığı qəhrəmanlıq və savaş dolu ömründə Vətənimiz hər zaman qalib olmağa nail olub, bu günlərə öz unikallığını, milliliyini qoruyub saxlaya bilmiş bir xalq olaraq gəlib çatmağımızın ən böyük səbəbi, bizi birləşdirən dəyər məhz Vətən sevgimiz olub. Məmməd Arazın dilindən qopan "Səndən qeyri biz hər şeyi bölə billik! Səndən başqa biz hamımız ölə billik!" nidaları xalqın ruhunun ifadəsi idi. Məhz bu birlik, sevgi Ali Baş Komandanın "dəmir yumruğuna" çevrilib düşmənin başına endi. Son 30 il bizim minillərlə ölçülən tariximiz  boyu yaşadıqlarımızın sıxılmış, konsentrik şəkildə reallaşmış simvolu, mini modeli idi. Tarixən hər zaman sərvətimiz, gözəl Azərbaycanımız düşmənlərin bu torpağa əsassız iddialarına, xalqımızın Vətən  ilə sınanmasına səbəb olub. Bu sınaqdan hər zaman üzüağ çıxmışıq. 30 ilin sonunda reallaşan möhtəşəm Vətən müharibəsi və Zəfər kimi! Bu 30 ildə biz nələrdən keçmədik ki? 90-cı illərdə sərvətləri sümürülmüş, bilərəkdən zəiflədilmiş, torpağı işğal olunmuş, insanı əzilmiş, qüruru sındırılmış bir Vətənimiz var idi! Amma Azərbaycan adlı yaralı qartal onu sevən vətən daşlarının qayğısı, sevgisi ilə günbəgün sağalmağa başladı. Azərbaycan balatalanmış, lakin kökündə sağlam hüceyrələr qalmaqda olan bir ağac kimi pöhrələndi! 30 ilin sonunda bizim böyük  ÇİNARIMIZ, güclü QARTALIMIZ artıq düşmənlə savaşa hazır idi. Savaşdıq, qazandıq! 

Bu gün mənim üçün ən böyük motivator, uğur simvolu öz  Azərbaycanımdır. Bu otuz il mənim gözümün önündə gerçəkləşib. Mən dünyanın ən gözəl, ən güclü, unikal  ölkəsinin vətəndaşıyam. Vətənim  hər şeyi təkbaşına, öz gücünə əldə edib, yaralarını özü sarıyıb, ayağa qalxıb, öz uğur hekayəsini yazıb. Azərbaycanın uğur hekayəsini dinlədikcə, Zəfərimizi düşündükcə bu dünyada mümkünsüz nəyinsə olduğuna inanmıram! Azərbaycan - Zəfər deməkdir!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31