Əflatun Amaşovun “Qanıq, Hasan, bir də Qaragöz” romanının təqdimat mərasimi keçirilib- FOTO

Bu gün Azərbaycan  Mətbuat Şurasının sədri Əflatun Amaşovun müəllifi olduğu "Qanıq, Hasan, bir də Qaragöz" romanının təqdimat mərasimi keçirilib.

Tədbirdə millət vəkilləri,  şairlər, yazıçılar, ziyalılar  edib.

Olaylar.az xəbər verir ki,  təqdimat mərasimində  tədbiri giriş sözləri ilə açan  "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid bildirib ki, artıq 20 ilə yaxındır ki, Ə.Amaşov  Mətbuat Şurasının sədridir. Bu illərdə Azərbaycan mətbuatının inkişafında, Mətbuat Şurasının uğur qazanmasında, ümumiyyətlə jurnalistika sahəsində onun rolu danılmazdır. Yazıçılar Birliyinin üzvü olmasa da   bu gün yazıçı kimi  "Qanıq, Hasan, bir də Qaragöz"lə bizim görüşümüzə gəlib. Kitabın ilk oxucularından biri olaraq deyə bilərəm ki, bu əsər çox peşəkar dildə qələmə alınıb. Yəqin ki, yaxın illərdə başqa yeni əsərlərinin də şahidi olacağıq.

Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı:

" Kitabı tam oxuya bilməsəm də,  Qarabağa gedərkən Nizami Cəfərovla bu roman barəsində yol boyu söhbətləşmişik. Əflatun Amaşov həm bu dünyanın adamıdır, həm də bu dünyanın adamı deyil. Əflatun Amaşov proseslərə insani yanaşır. Azərbaycan bədii dili yarımçıqdır. Bədii dilimizin böyük Güney qolu var, bu gün ədəbi dilimizdən kənardadır. O cümlədən Borçalı bədii dilinin böyük potensialı var, o potensial də təqdim olunmalıdır. "Qanıq, Hasan, bir də Qaragöz" romanına gəlincə, kitabı tam oxumasam da səfər boyu az da olsa vərəqləmişəm. Bu kitab Dədə Qorqud boylarını xatırladan mifik bir aləmdir, yeni bir dünyadır.

Tanınmış jurnalist, Bakı Dövlət Universitetinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri Cahangir Məmmədli qeyd edib ki,  əsər çox maraqlıdır. Bu, yeni üslubda yazılmış, yeni nəslə uyğun bir əsərdir.  Bu əsərin meydana gəlməsində əziyyəti olan hər kəsə təşəkkürümü bildirir, Əflatun Amaşova uğurlar arzulayıram.

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli isə öz növbəsində  Əflatun Amaşovu təbrik edib, bu cür romanların davamının gəlməsini  və əsərin təbliğ olunmasının tərəfində olduğunu qeyd edib.

"Azəri-Türk" Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı bildirib ki, Əflatun Amaşov özündə, sözündə olan  bir şəxsdir: "Amaşov  mənim gözümdə  ən yaxşı bir aydındır.  Əsəri oxumuşam, çox gözəl əsərdir. Bu əsər orijinal üsluba malik bir əsərdir. Bir daha Əflatun qardaşımı təbrik edirəm və sizlərə təşəkkür edirəm ki, əziz qardaşımın xoş, gözəl  günündə bir yerə toplaşıb  fikirlər səsləndirirsiniz."

Yazıçı Zemfira Məhərrəmli də əsəri çox sevdiyini və belə əsərlərin  davamlı olmasını arzulayaraq Əflatun Amaşovu təbrik etdi.

APA Media Qrupun rəhbəri Vüsalə Mahirqızı Əflatun Amaşovu roman münasibətilə təbrik edib, əsərin müasir üslubda yazılmasını xüsusi qeyd edib. Vüsalə Mahirqızı həmçinin, Əflatun Amaşovun hamı üçün dəyərli dost olduğunu qeyd edib: "Əflatun Amaşov yaxşı dost,  yaxşı jurnalist, öz sahəsində peşəkar insandır. Ümid edirəm ki,  bu əsərin davamı olacaq. Uğurlar arzulayıram."

Yazıçı, "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz da əsəri yüksək qiymətləndirib.  O bildirib ki, bu əsərdə  ən sevdiyi nüans    işlədilən toponimlər olub. Burada ən əsas toponimlərdən biri də "qurd ölən yerdə"-dir. Niyə məhz Əflatun Amaşov o adı daha çox qabardıb? Bəli, o əsrlərdə bizim boz qurdumuz ölmüşdü, biz əsir olmuşduq. Eşq olsun sizə.. Qurdun məsələsi kimliyimizin və dinimizin məsələsidir. Təbrik edirəm sizi Əflatun Amaşov."

Tədbirin sonunda  romanın ərsəyə gəlməsindən danışan Əflatun Amaşov hər bir yazıçının içində peşəkar jurnalist olduğunu qeyd edib:  "Hər bir jurnalistin içində bir yazıçılıq var, bəzən inkişaf edir, bəzən inkişaf etmir. Markes, Ernest Heminquey də jurnalist olublar. Romana gəlincə, burada insanların şeytanlaşması, kənar dünyadan gələnlərin dünyanın faciəyə getməsini bildirməsi kimi məqamlar əksini tapıb. Bu da təsadüfi deyil, bu gün dünyada gedən proseslər də göz önündədir".

Daha sonra o hər kəsə böyük   təşəkkürlərini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31