“Azəri Qafqaz” mahnı və rəqs qrupundan şanlı Qələbəmizə həsr olunan konsert-FOTO

Xətai rayonunda yerləşən H.Z.Tağıyev adına "Toxucu Tikiş Sənaye Kombinatı" ASC-nin klubu olan "Azəri Qafqaz" mahnı və rəqs kollektivi Rəşid Behbudov adına Mahnı Teatrında konsert proqramı ilə çıxış edib. Bu konsert kollektiv üçün xüsusi məna kəsb edirdi. Çünki kollektivin bu konserti Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbəyə həs olunmuşdu. Tədbirdə şəhid anaları, qazilər, müharibə veteranları iştirak ediblər.

Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi  1 dəqiqəlik sükutla yad edilib.  Daha sonra  kollektiv nümunəvi musiqi nömrələrini təqdim edib. Kollektivin çıxışları tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb. Mahnı və rəqs kollektivinin ifasında müxtəlif rəqslər nümayiş olunub. Təqdim edilən rəqslər öz zərifliyi, incəliyi, eyni zamanda, qəhrəmanlıq, mərdlik notları ilə fərqlənib. Bu isə tamaşaçılarda böyük qürur hissi yaradıb.

Konsertin yekununda "Azəri Qafqaz" mahnı və rəqs kollektivinin müəllimlərinə və bütün iştirakçılara "Təşəkkürnamə" və diplomlar təqdim edilib.

Xatırladaq ki, "Azəri Qafqaz" mahnı və rəqs qrupu 2010-cu ildə Vüsal Həsənli tərəfindən yaradılıb. Kollektiv yarandığı vaxtdan müntəzəm olaraq müxtəlif tədbirlərdə, o cümlədən bir çox dövlət tədbirlərində fəal iştirak edib. Kollektivin çıxışı dəfələrlə televiziya kanallarında nümayiş olunub. Qrup qardaş Türkiyədə keçirilən ənənəvi 23 Nisan Uşaq Festivalında və Yay Mədəniyyət Festivalında Azərbaycan folklorunu nümayiş etdirərək, ölkəmizin mədəniyyətini təbliğ edib. Kollektiv Azərbaycan mədəniyyətini təbliğ etməyə, uşaq və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına və gələcək üçün sağlam böyüməsinə töhfə verməyə çalışır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31