GÖZƏLLİYİN VƏ RUHUN QİDASI MUĞAM MÜSABİQƏSİNİN FİNAL İŞTİRAKÇILARI İLƏ GÖRÜŞ

Muğam Azərbaycan xalqının minillərlə formalaşan tükənməz xəzinəsidir. İnsan qəlbinin, ruhunun dərinliklərində çağlayan nur çeşməsidir. Bu, zəngin fəlsəfi və ədəbi zəmində təşəkkül tapmış bir musiqidir. Xalqın mədəni-mənəvi irsinin ilkin kökləri yaradıcı başlanğıc kimi həmişə ən böyük sirr olaraq qalır. Heç bir nəzəriyyə bu yaradıcılığın ən incə çalarlarını belə olduğu kimi çatdırmaq iqtidarında deyil. Yalnız muğam ifaçıları həmin sirri fəhmlə duyaraq öz ifaları ilə bu sənətə həyat verməyə qadirdirlər. Düşünürük ki, təkcə elə muğamın özü, onun ecazkar sirləri Azərbaycan xalqının nə qədər dərin fikir dünyasına malik olduğunu göstərir.
Nə gözəl ki, xalqımızın müstəqil Azərbaycanımızın müasir dövlətçilik tarixinə qızıl həriflərlə yazdığı misli görünməmiş Zəfər salnaməsindən sonra yenidən ölkəmizin paytaxtında növbəti ənənəvi VIII Televiziya Muğam müsabiqəsi   keçirilir. İlk öncə onu xüsusilə qeyd etməyə dəyər ki, milli musiqi xəzinəmizin şahı sayılan muğam məhz Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü ilə hələ 2003-cü ildə YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsinin inciləri siyahısına daxil edilib. Və ilk dəfə olaraq 2005-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəylinin  anadan olmasının 120 illiyinə həsr olunmuş Televiziya Muğam müsabiqəsi keçirilib. Artıq o vaxtdan etibarən Heydər Əliyev Fondunun, Mədəniyyət Nazirliyinin və Azərbaycan Televiziyasının birgə təşkilatçılığı ilə bu ənənə davam etdirilir. İndiyədək keçirilmiş 7 müsabiqədə Təyyar Bayramov, Elməddin İbrahimov, Güllü Muradova, Mirələm Mirələmov, Səbinə Ərəbli, Sərxan Bünyadzadə, Nisbət  Sədrayeva, Pərviz Qasımov, İlahə  Rüstəmova və Xəyal Hüseynov kimi istedadlı muğam ifaçıları qalib olublar.
Qürürverici haldır ki, bu ilki VIII Televiziya Muğam müsabiqəsinin final  mərhələsinin iştirakçıları içərisində Bərdə Regional Mədəniyyət İdarəsinin  tabeliyindəki şəhər və rayon nümayəndəliklərindən olan muğam ifaçıları da vardır. 
Bu günlərdə Regional İdarənin rəisi Vəsilə xanım Mövsümova final iştirakçıları Fuad Əlizadə, Sabir Hüseynov, Əmrah Məmmədov, Tahir Şəfiyev və Sərxan Məmmədovla görüşmüşdür. Səmimi görüş zamanı qurumun rəhbəri onları təbrik etmiş, qarşıdakı final müsabiqəsində daha böyük uğur qazanmağı arşulamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin:-"Azərbaycan xalqı və dövləti öz milli sərvəti olan muğama çox böyük sevgi ilə yanaşır" və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın:- "Çoxəsrlik tarixə malik olan Azərbaycan muğamı, mütəxəssislərin rəyinə görə, Şərq intibahı çağında özünün çiçəklənmə dövrünü yaşamışdır. Sonrakı dövrlər bu sənətin mahiyyət və məzmununu əsla dəyişdirə bilməmişdir.
Bu gün də muğam bir tərəfdən keçmişdən bu günə yaşayan mənəvi sərvət, digər tərəfdən isə son dərəcə çağdaş sənət aləmi kimi bütün varlığı ilə yaşamaqdadır. Burada sənətin ənənə ilə qəti olaraq müəyyən edilmiş normaları və yaradıcılıq prosesindəki improvizasiya imkanları heyrətamiz bir vəhdət, ahəngdarlıq təşkil edir" fikirlərini gənc xanəndələrin yadına saldı. Vəsilə xanım çıxışına dəvam edərək Azərbaycanda muğam sənətinin dirçəldilməsinə, bəşəri dəyərlərin inkişafına əvəzsiz töhfə verməklə mədəniyyət incilərimizi dünyaya tanıdan, həmçinin insanlığın tərəqqisinə, ali  ideaların reallaşmasına, sülhün, sabitliyin təmin olunmasına xidmət edən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətindən də danışıb. Mehriban xanımın nəinki ölkəmizdə, eləcə də onun hüdudlarından kənarda belə rəğbətlə qarşılandığını vurğulayan Vəsilə Mövsümova Azərbaycanın Birinci xanımının təşəbbüsü ilə ilk gündən həyata keçirilən çoxşaxəli layihələri milli genefondumuzun qorunmasına, saf duyğuların ictimai şüurda formalaşmasına xidmət edən müqəddəs amal kimi  dəyərləndirib.
Muğam müsabiqəsinin final mərhələsinə layiqli vəsiqə qazanmış gənc  xanəndələrdən yeni rəhbərlik tərəfindən səmimi görüşə və onlara göstərilən hərtərəfli diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə etmiş, gərgin və şəffaf şəraitdə keçən müsabiqənin iştirakçıları olaraq öz təəssüratlarını paylaşmış, bu etimadı qarşıdakı həlledici mərhələdə layiqincə doğruldacaqlarını bildirimişlər.
Bərdə Regional Mədəniyyət İdraəsinin Yevlax şəhər nümayəndəliyinin işçisi, həmyerlimiz Sabir Hüseynov da onlara mənəvi dəstəyinə görə xanım Mövsümovaya bir daha minnətdarlığını bildirmiş, qeyd etmişdir ki, muğamda dilə gələn, danışan xalqın əməlləri, uca hisləri və arzularıdır. Və təkcə Azərbaycanın deyil, ümumən bəşəriyyətin mənəvi xəzinəsidir.  
 


Əminə YUSİFQIZI,
Respublikanın əməkdar jurnalisti

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31